Məleykə Abbaszadə dəyişiklik və imtahan həvəskarıdır

Əjdər Ağayev: “Əvvəlki illərin məzunları ilə orta məktəbi yeni bitirən məzunların yaşı və dünyagörüşü fərqli olduğundan onların ayrı-ayrı vaxtlarda imtahan verməsi hər mənada uğurlu qərardır”
Etibar Əliyev: “Bütün hallarda ali məktəblərə müxtəlif vaxtda imtahanların keçirilməsini başa düşə bilmirəm”

Növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər nəzərdə tutulub. Budəfəki dəyişikliklər isə qəbul imtahanlarının məzmununa aid deyil. Dəyişikliklərə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ildə keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün imtahanların may ayında keçirilməsi nəzərdə tutulub. Orta məktəbi 2014-cü ildə bitirənlər isə qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. TQDK-nın bu qərarı isə təhsil ekspertləri tərəfindən heç də birmənalı qarşılanmayıb.

Dəyişikliklərin təqdirəlayiq olduğunu vurğulayan Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev şagirdlər arasında ediləcək bu ayrı-seçkiliyin faydalı olduğunu deyib. Onun sözlərinə görə, TQDK-nın bu addımı həm abituriyentlərin, həm də valideynlərin ürəyincə olan qərardır: "Belə bir dəyişikliyə çox böyük ehtiyac vardı, bu səbəbdən də TQDK-nın bu addımını alqışlayıram: "Dəfələrlə valideynlərin və abituriyentlərin qəbul imtahanları zamanı basabas və sıxlıqdan narazılıq etdiyinin şahidi olmuşam. Onlar əvvəlki illərin məzunları ilə cari məzunların eyni vaxtda imtahan verməsinə etiraz edirdilər ki, bu səbəbdən imtahanlar vaxtında başlamır. Onu da deyim ki, valideynlər arasında əvvəlki məzunlarla həmin ilin məzunlarının müxtəlif vaxtlarda imtahan verməsi təklifini irəli sürənlərə də rast gəlmişəm. Bu dəyişikliklərdə heç bir pedaqoji dəyişikliklərdən söhbət getmir. Əsas mahiyyət sıxlığın aradan qaldırılmasıdır”.

Ə.Ağayevin sözlərinə görə, əvvəlki illərin məzunları ilə orta məktəbi yeni bitirən məzunların yaşı və dünyagörüşü fərqli olduğundan onların ayrı-ayrı vaxtlarda imtahan verməsi hər mənada uğurlu qərardır.

İmtahanların bir ay tez keçirilməsinin abituriyentlərin aşağı nəticələr göstərməsinə hansısa təsir göstərib-göstərməyəcəyinə gəldikdə isə Ə.Ağayev bu cür fikirlərin absurd olduğunu deyib: "Bu dəyişiklik orta məktəbi 2-3 il bundan əvvəl bitirən məzunlar üçündür. Onlar üçün bir ayın heç bir önəmi yoxdur. Çünki həmin məzunlar orta məktəbi bitirəndən təkrar imtahan vermək üçün hazırlaşır, dəfələrlə sınaqdan keçiblər”.

Digər təhsil üzrə ekspert Etibar Əliyevin fikrincə isə sözügedən qərar abituriyentlər arasında ayrı-seçkiliyə gətirib çıxaracaq: "Digər tərəfdən isə TQDK-nın imtahan keçirmə təcrübəsi çox böyük olsa da, bütün dünya imtahanların sadələşdirilməsinə getdiyi halda, TQDK-nın bu qərarı başadüşülən deyil. Qeyd edim ki, test üsülunu gətirdiyimiz Türkiyədə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəb ballarını öyrənirlər. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər”.

Ötənilki məzunlarla builki məzunların imtahan vaxtının ayrılmasına gəlincə, E.Əliyev dedi ki, bu, kəmiyyət baxımından imtahanların sayının çoxalmasına xidmət edir, amma keyfiyyət baxımından nəsə gözləməyə dəyməz: "Amma düşünmürəm ki, abituriyentlər üçün bu qərar hansısa problem yarada bilər. Aprel ayı ilə iyul ayı arasında 3 ay fərq var. Bir ilin doqquz ayını oxumayan məzun 3 ayda da heç bir şey əldə edə bilməyəcək. Amma buna baxmayaraq, hesab edirəm ki, bu sistem bütövləşməlidir. Orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanları birləşdirilməli və vahid imtahan keçirilməlidir. TQDK imtahan həvəskarıdır, amma bütün hallarda ali məktəblərə müxtəlif vaxtda imtahanların keçirilməsini başa düşə bilmirəm, ayrılmanın fəlsəfəsini anlamıram. Əgər sənəd vermə, imtahan vermə və nəticələrin vaxtlı-vaxtında açıqlanması mümkündürsə, bunu iki dəfə keçirmək nəyə lazımdır? Əksinə, ildə 2 dəfə ali məktəbə imtahan keçirmək əlavə xərclərə səbəb olacaq”.