“Soruşdum ki, qiymət artımı olacaq?”

“Doğrusu, bilmirəm, Samir Şərifov niyə bu cür açıqlama verib”



Kommunal xidmətlərin bahalaşacağı xəbəri əhalini təşvişə salıb. Xüsusən də aztəminatlı ailələr işıq, qaz, su pulunun artırılacağından narahatdırlar. Onları başa düşmək çətin deyil. Minimal gəlirlə gündəlik tələbatını birtəhər yola verən ailə üçün kommunal xərclərin artırılması fəlakətdir. O cümlədən təqaüdçülər üçün də.

Maliyyə naziri Samir Şərifov isə bu ilin sonuna kimi kommunal xidmətlərin bahalaşacağına şübhə olmadığını deyib. Nazirin sözlərinə görə, bu təşəbbüs "Azərenerji”, "Azəriqaz” və "Azərsu”dan gəlib. Nazir kommunal xidmət haqlarının sonuncu dəfə 2007-ci ildə artırıldığını, amma nəqliyyatda gediş haqlarının 2 dəfə, metroda isə hətta 4 dəfə bahalaşdığını vurğulayıb.

Nazirin şübhə yeri qoymadığı bahalaşma həqiqətənmi labüddür?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Şərq”ə açıqlamasında hazırkı şəraitdə kommunal xidmət haqlarının bahalaşmasına ehtiyac olmadığını dedi:

- İndiki şəraitdə buna ehtiyac yoxdu. Nəzərə alsaq ki, həkimlərin, müəllimlərin əməkhaqqı məsələsi hələ həllini tapmayıb, qiymət artımına gedilməməlidir.

V.Əhmədov maliyyə nazirinin məlum açıqlamasının gözlənilməz olduğunu da bildirdi:

- Bu məlumatla mən də yeni tanış olmuşam. Milli Məclis komitələrinin ötəndəfəki iclasında bu söhbət qalxdı. Bildirildi ki, 2014-cü ilin dövlət büdcəsində kommunal xərclərdə 15 faiz artım var. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödəmələrindən söhbət gedirdi. Həmin iclasda Samir Şərifov bahalaşma barədə heç nə demədi. İqtisadi inkişaf nazirinin müavini Sevinc xanım da iclasda iştirak edirdi, ondan soruşdum ki, bahalaşma olacaq? Cavab verdi ki, belə məsələ gündəmdə yoxdu. Doğrusu, bilmirəm, Samir Şərifov niyə bu cür açıqlama verib. Kommunal xidmətlər tənzimlənən qiymətlərə aiddir. Bunu da Tarif Şurası təyin edir. Qiymət artımına, qiymət dəyişikliyinə Tarif Şurası qərar verir. 2014-cü ilin dövlət büdcəsində müəyyən problemlər var. Neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Amma düşünmürəm ki, buna görə hökumət qiymət artımına getsin. Mən qiymət artımına lüzum görmürəm.