2700 manat lazımdır

Şəhidin xanımı ürək əməliyyatı etdirə bilmir



Birinci Qarabağ müharibəsində həyat yoldaşı şəhid olmuş, özü tibb işçisi olan Telli Mehdiyeva Səhiyyə Nazirliyindən şikayətçidir. Redaksiyamızla əlaqə saxlayan şəhidin xanımı deyib ki, ürəyindəki ağrılar ona ciddi problem yaradıb. Ona görə ürəyindən təcili əməliyyat olunmalıdır. Amma əməliyyat üçün tələb olunan maddi vəsaiti ödəməyə gücü yetmir.

T.Mehdiyevanın sözlərinə görə, bir şəhid ailəsi olaraq problemləri ilə bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, müsbət nəticə olmayıb: "İllərdir ürək tutmasından əziyyət çəkirəm. Əməliyyat üçün Tədris Terapevtik Klinikasına müraciət etdim. Ordan bildirdilər ki, əməliyyat olunmağım üçün 2700 manat ödəməliyəm. Amma mənim bu qədər vəsaitim yoxdur. Maaşım

151 manatdır. Mənim və oğlumun maaşı əməliyyatıma lazım olan pulu əldə eləməyə imkan vermir. Tədris Terapevtik Klinikası Tibb Universitetinin tabeliyində olduğu üçün, mənə Universitetə müraciət etməyimi məsləhət gördülər”. Tibb Universitetinin prorektorunun qəbuluna gedən vətəndaş öz xəstəliyi barədə məlumat verib və şəhid ailəsi olduğunu diqqətə çatdırıb: "Prorektora hər şeyi danışdım, problemimi dedim. Amma onların cavabı da ürəkaçan olmadı. Mənə yalnız 400 manat kömək edə biləcəklərini dedilər”.

Şəhid xanımının sözlərinə görə, Səhiyyə Nazirliyinin elektron şöbəsinə müraciət edib: "Amma elektron şöbə bu məsələnin Səhiyyə Nazirliyinə aid olmadığını dedi. Nazirliyin "qaynar xətt”inə nə qədər zəng eləmişəm, telefona cavab verilmir. Mən aidiyyəti qurumlardan bir şəhid ailəsi kimi xahiş edirəm ki, məsələ ilə maraqlansınlar”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə T.Mehdiyevanın şikayəti ilə bağlı "Şərq”ə deyib ki, vətəndaşın həqiqətən də əməliyyat olunmasını təsdiq edən sənədlər olmalıdır: "Bununla bağlı dəqiq diaqnoz qoyulmalıdır. Ola bilsin, heç ürək əməliyyatına ehtiyac yoxdur, başqa bir problemi var. Diaqnoz qoyulduqdan sonra əməliyyat olunmasını şərtləndirən müvafiq sənədlərlə birlikdə nazirə məktub yazılmalıdır. Sonra isə komissiyada bu problemə baxılacaq və nəticələr tam dəyərləndirilib müəyyən cavab veriləcək”.

Yeganə