Pərvin: “Qadınlığın gətirdiyi o qədər xoşbəxtliklər var ki...”

“Sadəcə, onları yaşamağı bacarmaq lazımdır”“Çox böyük ictimai fəaliyyəti, gözəl natiqlik qabiliyyəti olan xanımlarımız var ki, daxilindəki qadın ruhunu öldürüb. Məncə, əsas şərt məhz o ruhu, qadınlığı qorumaqdı”
"Sosial şəbəkələrdən istifadə etməməyimin əsas səbəbi daha çox qadın xarakterimdən gəlir. Mənim düşüncəmdə qadın əlçatmaz olmalıdır”
"Əslinə qalsa, sosial şəbəkələrin ciddi ədəbiyyata xeyli dərəcədə zərər vurduğunu düşünürəm”
Bu günlərdə yazıçı-publisist Pərvin "Sevdim səni” adlı esseler kitabını oxuculara təqdim edib. Məşhur şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələrindən ibarət olan bu kitab qısa zamanda oxucular tərəfindən ən gözəl sevgi şeirləri antologiyası kimi dəyərləndirilib.
Kitabın ilk təqdimat mərasimi fevralın 7-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda keçirilib. Həmin gün gənc yazarın "Qadın olmaq” kitabı da geniş ictimaiyyətə təqdim olunub. "Sevdim səni”nin imza günü isə Sevgililər günündə paytaxtdakı Kitabevim.az-da keçirilib. Həm təqdimat mərasimində, həm də imza günündə iştirak edən çoxsaylı ədəbiyyat nümayəndələri, xalq şairləri və yazıçıları, o cümlədən də millət vəkilləri Pərvinin yaradıcılığını yüksək qiymətləndirib, onun və yenicə təqdim olunan kitablarının ünvanına xoş sözlər söyləyiblər. Elə "Pərvinin yazdıqları yaşını qabaqlayır” ifadəsini də tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli deyib.
Pərvin "Qadın olmaq” adlı digər esselər kitabında dünyanın bir neçə qeyri-adi taleləri olan qadınından bəhs edib, hamıdan, hər kəsdən bir çox cəhətləriylə ayrılan, inanılmaz dərəcədə fərqli ömürlər sürmüş qadınlardan söz açıb. Bu qadınların müstəsna olmaları bir də ona görədir ki, onlar dahilərin ömürlərində misilsiz rol oynayıblar. Onların həyatlarını bağladıqları aşiqləri sırasında Fredirik Şopen, Fridrix Nitsşe, Vladimir Mayakovski, Sergey Yesenin, Pablo Pikasso, Salvador Dali, Dieqo Rivyera, Federiko Fellini kimi parlaq şəxsiyyətlər olub. Qeyri-adi qadınlardan yazan Pərvinin bu kitabında müəllifin özünün də sevgiyə aid düşüncələri, duyğuları əks olunub.
Xülasə, "Şərq”in "Sözlə yaşayan adam” rubrikasının budəfəki qonağı gənc yazar Pərvindir. O, qəzetimizə verdiyi müsahibədə kitabları ilə yanaşı, yaradıcılığından, gələcək planlarından, müasir Azərbaycan ədəbiyyatı ilə bağlı düşüncələrindən və pedaqoji fəaliyyətindən söz açıb.
Onun fikirlərinə keçməzdən əvvəl qeyd edək ki, müsahibimiz Pərvin Ələmdar qızı Nurəliyeva Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 2012-ci ildə həmin universitetin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə Gənclər və İdman Nazirliyinin "Gənclər” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi”nin ilk məzunlarındandır. Mətbuatda esse, hekayə, publisistik məqalə və ədəbi müsahibələri ilə çıxış edir. 2014-cü ildə Pərvin ölkə Prezidentinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Pərvinin ziyalı ailəsində böyüməsi onda oxumağa və yazmağa həvəs oyadıb. Ailə üzvləri arasında ədəbiyyatçı olmamasına rəğmən onların evində böyük kitabxanaları olub. O da gözünü açandan meylini kitablara salıb, onları özünə yaxın dost olaraq görüb: "Anamın müəllim olması, atamın son dərəcə intellektual bir adam olması mənim orta məktəbdə daha yaxşı oxumağıma və bədii ədəbiyyatla maraqlanmağıma səbəb olub. Yazmağa həvəs də uşaq yaşlarımdan formalaşıb. Amma çox qapalı olmuşam, yazdıqlarımı gizlətmişəm həmişə. O vaxtlar qıfıllı qeyd dəftərlərim vardı. Düşüncələrimi, duyğularımı onlara yazırdım və heç kim oxumasın deyə gizlin bir yerdə saxlayırdım, yəni sadəcə özüm üçün yazırdım”. Amma tale elə gətirdi ki, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdim və magistratura pilləsinə daxil oldum. Magistraturada oxuduğumuz zaman elə bir tələb qoyulmuşdu ki, "Azərbaycan” jurnalında məqaləmiz yayımlanmalı idi. Yazını jurnala təqdim etmək üçün Azərbaycan Yazıçılar Birliyinə getdim və orada ilk "Gənc ədiblər məktəbi”nin fəaliyyətə başladığını bildim. Elə o ərəfələrdə də həmin məktəbə qoşuldum. Bununla da ədəbi fəaliyyətim başladı və oradakı fərqli, yaradıcı mühit, sərbəst şərait, ədəbi polemikalar sonradan mənim yaradıcılığıma müsbət təsirini göstərdi. Hətta tam əminliklə deyə bilərəm ki, bir yazar olaraq tanınmağımda və formalaşmağımda "Gənc ədiblər məktəbi”nin böyük rolu olub. "Gənc Ədiblər Məktəbi”nə, əsasən, bədii yaradıcılıqla məşğul olan gənclər qatılırdılar və biz öz yazılarımızı oxuyur, oxuduğumuz yazılar haqqında müzakirələr aparırdıq. Bizim rəhbərimiz "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid idi. O,
bəyəndiyi yazıların qəzetdə çap olunmasına şərait yaradırdı. Mənim də yazılarım zaman-zaman bu qəzetdə çap olunmağa başladı. Elə o gündən də bu qəzetlə əməkdaşlığımı davam etdirirəm.
- Niyə sadəcə Pərvin imzasını götürdüz? Adətən yazarlar hansısa təxəllüs və ya ləqəb götürməyə üstünlük verirlər. Amma siz imza olaraq soyadınızdan belə istifadə etmirsiz?
- Bunun xüsusi bir səbəbi yoxdur. Əslində dostların təklifi ilə sadəcə Pərvin imzası ilə yazmağı qərara aldım. Əvvəlcə soyadla yazmağı da düşünürdüm. Amma sonra belə qənaətə gəldik ki, Pərvin imzası ilə yazım.
- Sizinlə bağlı diqqətimi çəkən bir məqam da sosial şəbəkələrdə hesabınızın olmamasıdır. Bunun xüsusi bir səbəbi var, yoxsa marağınız yoxdur?
- Sosial şəbəkələrdən istifadə etməməyimin əsas səbəbi daha çox qadın xarakterimdən gəlir. Mənim düşüncəmdə qadın əlçatmaz olmalıdır. Qadın nə qədər ictimai fəaliyyətlə məşğul olsa da, özünü əlçatmaz saxlamağı bacarmalıdır. Adicə vatsapdan belə istifadə eləmirəm. Çünki hamıyla, oxucularımla bölüşmək istədiyim düşüncələrimi hekayələrimdə, məqalələrimdə yazıram. Şəxsi həyatım isə ancaq mənə aiddir. Bu mənada özümlə bağlı heç nəyi status və fotolar şəklində "paylaşmağı” lazım bilmirəm. Həm də sözün düzü, sosial şəbəkələrdən istifadəni həm vaxt itkisi kimi dəyərləndirirəm.
- Amma bir çox yazarlar öz təbliğatlarını sosial şəbəkələrdə qurub. Nisbətən orta nəsil də hesab edir ki, əli qələm tutan hamını feysbuk şair edib. O zaman siz də bu iddialarla razılaşırsız?
- Əslinə qalsa, sosial şəbəkələrin ciddi ədəbiyyata xeyli dərəcədə zərər vurduğunu düşünürəm. Sözün necə dəyərli olduğunu, onun hansı üstün səviyyədə olduğunu bilən hər kəs o fikirdədir ki, sosial şəbəkələr ədəbiyyata və mətbuata hansısa şəkildə ziyan vurdu. Ancaq bu da qaçılmaz bir məqamdır ki, 21-ci əsr kompüter və internet əsridir. Bunun qarşısını almaq və idarə etmək mümkün deyil. Amma buna rəğmən öz işinə və peşəsinə hörmət edən, peşəkarlığını qoruyub saxlayan qələm adamlarımız çoxdur. Hətta onların arasında gənclər də var. Bu baxımdan mövcud durumla bağlı pessimist deyiləm. Necə ki, ciddi musiqi ilə yanaşı, bayağı musiqilər də bəstələnir, o cümlədən ədəbiyyatda da, mətbuatda da bayağı yazılar, bayağı yazarlar, imzalar var. Bu təbiidir. Zaman özü hər kəsi ələyib yerbəyer edəcək.
- Son vaxtlar tendensiyaya çevrilmiş bir hal da var: başqalarını inkar etmək. Necə baxırsız bu məsələyə? Doğrudanmı, özünü təsdiqin yolu başqalarını inkardan keçir?
- Əsla belə deyil. Təcrübə də göstərir ki, bu cür yollarla təqdimatlar, reklamlar heç vaxt müsbət nəticə verməyib. Ədəbiyyatda özünəməxsus yeri və imzası olan hansısa bir yazıçıya, şairə çirkab atan, onun yaradıcılığını qəbul etməmək mövqeyi ilə özünü cəmiyyətə istedadlı biri kimi sırımağa çalışanlar hər zaman kənarda qalıblar. Bunlar təxminən öz valideynlərini inkar edən övlada bənzəyirlər. Nə tarix, nə də zaman nankorluğu bağışlayır.
- Mütaliə ilə aranız necədir?
- Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirəm, "525-ci qəzet”də yazar olaraq çalışıram, Azərbaycan Yazıçılar Birliyində isə ictimai fəaliyyətlə məşğulam. Eyni zamanda dissertasiyamı yazıb bitirmişəm, müdafiə ərəfəsindəyəm. Bütün bunlarla yanaşı hər gün mütaliə üçün də vaxt ayırıram. Bu, həm də bir müəllim olaraq özümə qoyduğum tələbdir.
-Tələbələrinizə sadəcə hamının tanıdığı yazarlar haqqında danışırsız, yoxsa yaxşı əsərləri olub, amma müəyyən səbəblərdən təbliğatı aparılmayan yazıçıları da tədris edirsiz?
- Bizə bəlli bir fənn proqram verilir və biz həmin proqrama uyğun dərs keçirik. Amma bununla bərabər müasir ədəbi mühitin içərisində olmağım və bu mühitdə gedən proseslərin tərkib hissəsi olmağım mənə imkan verir ki, əsərləri fənn proqramına düşməyən yaşlı, yaxud gənc yazarların da yaradıcılığı barəsində tələbələrimizi məlumatlandırım, yaxşı əsərləri oxumağı tövsiyə edim. Həmçinin AYB-nin nəzdində "Ədəbiyyatın dostları” klubu fəaliyyət göstərir və mən onun rəhbəriyəm. Tələbələrimi ədəbi tədbirlərə cəlb edib, onlarla yazıçıların görüşünü təşkil edir, muzeyləri ziyarət edirik. Tələbələrimin ədəbi mühitdə fəal olmasını isə bir pedaqoq olaraq özümçün qazanc hesab edirəm.
- Yeri gəlmişkən, "ədəbiyyatın dostları” klubunun fəaliyyətini necə dəyərləndirirsiz, gənclərin marağı sizi qane edirmi?
- Bizim kluba maraq çoxdur. Feysbuk hesabımızın da xeyli sayda izləyicisi var. Yeni qoşulmaq istəyən üzvlərimiz də olur. Amma sözsüz ki, indiki dövrdə gəncləri kütləvi şəkildə ədəbiyyata cəlb eləmək mümkün deyil. Desəm ki, bu gün 1000 nəfəri bir araya yığıb, hansısa kitaba imza günü keçirmək mümkündür, yalan olar. Hesab edirəm ki, bu məsələlər zamanla tənzimlənəcək.
- "Sevdim səni” kitabına qarşı reaksiyalar ürəyinizcə oldu, gözləntiləriniz özünü doğrultdumu?
- Hətta gözlədiyimdən də üstün bir nəticə əldə etdim deyə bilərəm. Bilirsiz ki, "Sevdim səni” kitabında "525-ci qəzet”də apardığım "Yüz gözəl sevgi şeiri” layihəsi çərçivəsində yazılan yazılarım toplanıb. Bu layihə qəzetdə çap olunan vaxtdan böyük oxucu marağına səbəb olub, mənə çox böyük uğur gətirib. Hətta rayonlardan belə mənə bu layihə ilə bağlı məktublar göndərilirdi, redaksiyaya zənglər olurdu. Zövqünə inandığım söz adamlarının da bu layihə ilə bağlı fikirləri çox müsbət idi və bu, mənim üçün bir stimul oldu.
Sözün düzü, bu layihəni kitab halında çap etmək üçün o qədər də tələsmirdim. Bir il ərzində bu yazıları kənarda saxladım, sonra yenidən redaktə elədim və nəhayət, "XAN” nəşriyyatında işıq üzü gördü. Bundan əvvəl çap olunan "Qadın olmaq” kitabım da mənə çox uğur gətirmişdi. Amma "Sevdim səni” oxucular tərəfindən daha çox sevildi. Təqdimatdan sonra kitabın bütün tirajı satıldı. Artıq ikinci dəfə çapa hazırlanır.
- Deməli, oxucu tələbatı olmadığı üçün yazarların kitab nəşrindən imtina etməsi sadəcə bəhanədir? Yəni əziyyət çəkib, ortaya iş qoyulanda nəticə də əldə etmək mümkün olur?
- Elə bir sahə yoxdur ki, əziyyət çəkəsən, bəhrəsini görməyəsən. "Yüz gözəl sevgi şeiri” layihəsi çərçivəsində esselər yazan zaman gecələrlə yuxusuz qalırdım. Bəzən bir şeir seçmək üçün bir müəllifin bütün yaradıcılığını oxumalı olurdum. Sonradan isə həmin şeirin ruhunu duymaq, həmin ovqata köklənmək, şeirdəki əzabı, iztirabı duymaq sonsuz enerji və zamanımı alırdı. Lakin o zaman bu layihə ilə uğur qazanacağımı heç düşünmürdüm də. Sadəcə olaraq öz hisslərimi, fikirlərimi ifadə edirdim. Həm də tələbələrimlə söhbətlər zamanı hiss edirdim ki, poeziya öz aktuallığını itirməkdə, şeirə maraq azalmaqdadır. Ona görə düşünürdüm ki, bəlkə bu yolla bəzi unudulmuş şeirləri yenidən aktuallaşdıra bilərəm. Lakin zamanla həm şeirlər, həm də esselər maraqla qarşılandı. Bu da təbii olaraq məni sevindirir. Bəzən insan əziyyətinin bəhrəsini tez görmək istəyir, sanki harasa tələsir. Halbuki ədəbiyyat elə bir sahədir ki, hansısa bir yazıçının qəbul olunması üçün zamana ehtiyac var.
- Esse yazdığınız şeirləri necə seçirsiz? Ruhunuza uyğun, yoxsa ictimai çəkisi olan şeirlərə üstünlük verirdiz?
- Xeyli sayda populyar olmayan şeirlərə də esse yazmışam. Məsələn, Mikayıl Müşfiqin ən məşhur şeiri "Yenə o bağ olaydı” şeiridi, amma mən onun "Sənin gülüşlərin” şeirini seçmişəm. O cümlədən də Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi” şeirini yox, tamam başqa bir şeirini seçmişəm. Hansı şeir məni daha çox cəlb edirdisə, onun öz içimdən, düşüncələrimdən keçirib oxuculara təqdim edirdim. Mənim üçün vacib olan içərisində hadisə olan şeirləri seçmək və o hadisəyə köklənmək idi. Çox güman ki, bu layihəni yenidən davam etdirsəm, tamam başqa şeirləri seçərəm. Bu bir növ ovqat məsələsidir. Məncə, esselərimin qəbul olunmasının bir səbəbi də onların səmimiliyidir.
- "Qadın olmaq” kitabınızın da oxuculara təqdim olunduğunu qeyd etdiz. Azərbaycanda qadın olmaq nə deməkdir?
-Təkcə Azərbaycanda yox, bütün dünyada qadın olmağın öz atributları var. Şəxsən mən qadın olmağı kişi olmaqdan daha böyük üstünlük hesab edirəm. Bəzi xanımlarımız var ki, dünyaya qadın olaraq gəldiyi üçün gileylənir, "Kişi olsaydım filan addımı atar, filan qədər uğur qazanardım” kimi iddialar səsləndirir. Ümumiyyətlə cəmiyyətdə belə bir yanlış tendensiya formalaşıb ki, sanki qadınların qarşısında hansısa məhdudiyyətlər var. Onlara uğur qazanmağa, qabağa getməyə icazə verilmir. Halbuki qadınlığın gətirdiyi o qədər böyük xoşbəxtliklər var ki, sadəcə onları yaşamağı bacarmaq lazımdır. Həyatından, işindən asılı olmayaraq hər bir qadın bu ruhu qoruyub saxlamağı bacarmalıdır.
Mənə görə, əsl qadın sevməyi bacaran, daxili aləmi ilə xarici görünüşü harmoniya təşkil edən, yəni özünə baxan, mütaliəli, savadlı, mətbəxdə gözəl əl qabiliyyəti olan, eyni zamanda hökmü, iradəsi olan qadındı. Çox böyük ictimai fəaliyyəti, gözəl natiqlik qabiliyyəti olan xanımlarımız var ki, daxilindəki qadın ruhunu öldürüb. Məncə, əsas şərt məhz o ruhu, qadınlığı qorumaqdı.
- AYB-də klub rəhbəri, ADPU-da müəllim, "525”-də yazar, üstəgəl də ailəli xanım. Bu qədər işin öhdəsindən necə gəlirsiz?
- Ən əsası bütün bu sahələrdə özüm olmağa, özüməməxsus olmağa çalışıram. Özümü çalışdığım mühitdə də, evimdə də, yazılarımda da necəsə ayrı cür göstərməyə çalışmıram. İkinci mühüm şərt isə həyatımın heç bir tərəfini boş buraxmamağımla bağlıdır. Bunun da arxasında böyük zəhmət dayanır. Zəhmətdən isə qorxmuram. Bu gecə səhərə qədər yazı yazmışamsa, səhər tezdən universitetdə dərsimdə oluram. Yorğunam deyə, dərsimi necə gəldi deyə bilmərəm. Yaxud da ağır bir tədbirdən çıxmışamsa, yorğunluğumu ailəmə yansıtmıram. Çünki ailəmin, əzizlərimin mənim üzümdəki təbəssümə, xoş münasibətimə, sevgimə ehtiyacları var.
- Hazırda nə yazırsız, yoxsa "Sevdim səni”dən sonra fasilə vermisiz?
- Bir-iki günə "qadın olmaq” layihəsinin davamına başlayacam. Çap olunan eyniadlı kitabdakı qəhrəmanlarım əcnəbi qadınlar, xüsusən də dünya dahilərinin həyatında aparıcı rol oynayan qadınlar idi. Amma budəfəki layihəmi ancaq Azərbaycan qadınlarına həsr edəcəm. Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Rəsul Rzanın, Yusif Vəzir Çəmənzəminlinin və digər tanınmış şəxsiyyətlərin həyatında mühüm rol oynayan qadınların taleyindən yazacam.
- Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini necə dəyərləndirirsiz?
- Ötən il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı ikicildlik kitabı çap olundu. Mən də bu ikicildlik haqqında fikirlərimi yazdım, mətbuatda yayımlandı. Əslində bu nəşr bizə göstərdi ki, "müasir dövrdə ədəbiyyat yaranmır”, yaxud da "Azərbaycan ədəbiyyatı tənəzzül dövrünü yaşayır” kimi iddialar yanlışdır. Yenə də diqqət cəlb edən əsərlər, istedadlı yazıçılar var. Eyni zamanda artıq ədəbiyyatda öz sözünü demiş yaşlı yazıçılar da yeni əsərlər yazırlar. Bu mənada bu günün ədəbiyyatını oxumadan-bilmədən hər şeyi inkar etmək, bədbinliyə qapılmaq qeyri-peşəkarlıqdan xəbər verir. Bir də hesab edirəm ki, ədəbiyyatı öz axarına buraxmaq lazımdır.
- Gənclərdən kimlərin yaradıcılığını izləyirsiz?
- Hamını oxuyuram. Gənc ədiblərin də, mənimlə birlikdə ədəbiyyata gələn qələm dostlarımın da bütün yaradıcılığını yaxından izləyirəm. Həm də işimlə bağlı zəif və güclü olmasından asılı olmayaraq bütün yeni əsərləri oxuyuram ki, ən azından məlumatlı olum.
Hazırladı: Şəymən