
Dəstək lazımdır: Çadır toyları geri qayıdır
Daha yaşayış binalarının həyətindən musiqi səsləri gələcək
"Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun yaddaşlarda iz qoymuş səhnəciklərindən biri də Tahir İmanovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu parodiya etməsidir.
Bəlkə xatırlayarsınız, səhnəcikdə "Natiq Əliyev” 1970-ci illərin bərkgedən mehmanxanası "İnturist”i misal çəkib guya nəsə demək istəyir: "o "İnturist” yoxdu...” "Hacıbala müəllim” "yoxdu” sözünü həqiqi mənasında qəbul edir və tələsik "Yoxdu!” deyir. Bizlər bəzən var əvəzinə yox sözünü işlədirik axı. "Yoxdu” sözüylə əslində var olanı ifadə edirik. Bu da bir qəribəlikdi...

Həmin səhnəcikdə isə "Hacıbala müəllim” yox sözünü elə birbaşa qəbul edir və əslində həqiqəti söyləyir. Çünki bakılıların "köhnə İnturist” adı ilə tanıdığı, "Neftçilər” prospektində yerləşən o mehmanxana doğrudan da söküldü. O zaman çoxları buna təəssüf etdi ki, "İnturist” memarlıq abidəsi idi. Gözəl üslubda tikilmişdi, gərək sökülməyəydi. Nəysə, keçənə güzəşt deyərlər.
Keçək mətləbə. Həqiqətən də sovet illərində, xüsusən də 70-80-ci illərdə Bakıda tanınan 2-3 mehmanxana və restoran vardı. "Köhnə İnturist”, sonra tikilən yeni "İnturist”, "Cənub”, "Bakı” mehmanxanaları. Bu mehmanxanaların özəlliyi bu idi ki, həm də restoran xidməti göstərirdilər, böyük, geniş zalları vardı və bu zallarda toy məclisləri keçirilirdi. Məsələn, köhnə "İnturist”in məşhur "Güzgülü zalı”, "Şərq” və "Avropa” zalları da vardı. O zamanın bərkgedənləri övladlarının toyunu bu zallarda edirdilər. Ad çıxarardılar ki, bəs filankəsin toyu "İnturist”in "zerkalnı” zalında olub.
Təbii ki, restoranlardan kənarda, evdə, həyətdə çadır qurub toy edən sadə camaat da vardı - sovet təbirincə desək, zəhmətkeşlər təbəqəsi. Şəhərdə vəziyyət fərqli idi. Özünü müasir ailə kateqoriyasına aid edənlər artıq "kampaniya” formalı toylara keçid etmişdilər. Yəni, arvad-kişi bir yerdə, bir masa arxasında əyləşirdi artıq. Rayon yerlərində, kəndlərdə isə əlbəttə, çadır toyları ənənəsi mühafizəkar şəkildə, pozulmadan davam edirdi.
Sonra getdikcə şadlıq sarayları tipində restoranlar çoxalmağa başladı. Məsələn, 3-cü mikrorayon ərazisindəki "Arzu” şadlıq sarayı uzun illər birinciliyi əldən vermədi. 1990-cı illərin ortalarından isə vəziyyət köklü dəyişməyə başladı. Şadlıq sarayları göbələk kimi artdı və böyük bir biznes şəbəkəsinə dönüşdü. Əsas prinsip də "xoşun gəlir, sifariş elə, xoşun gəlmir, xoş getdin”. Şadlıq saraylarının konkret menyusu var və bu menyudan kənara çıxmaq qadağandır. Masada növbənöv soyuq yeməklər, içkilər, meyvə-tərəvəz, ardınca da isti yeməklər. Qiymət də "göydə uçur”. Şadlıq saraylarına pullu daxil olub, müflisləşmiş halda çıxanlar olur. Toya çağırılanlar insafa gəlib yer haqqından əlavə pul yazdırsalar, toy sahibi heç olmasa başabaş - xərc-gəlir eyni səviyyədə məclisi bitirə bilir. Vay o gündən ki, toy sahibi şadlıq sarayına borclu qala. Toydan yığılan məbləğin üstünə özü də əlavə edib hesablaşmaq zorunda qalır. Bəylə gəlini girov saxlatdırası deyil ki!..
Məhz belə anormal vəziyyət son illər çadır toylarının geriyə dönüşünü təmin edib. Artıq az-az da olsa, kiminsə evində, öz həyətindəcə çadır quraşdırıb məclis təşkil etdiyi xəbərləri yayılır. Amma bəxti gətirənlər də var. Bunlar yaşayış binasının həyətində və ya evə yaxın bir yerdə mərasim evi, ya da sadə qaydada xeyir-şər mağarı olanlardır.
Deməliyik ki, bir çox yaşayış massivlərinin həyətində mərasimlərin keçirilməsi üçün belə tikililər var. İndi çox adam o mərasim zalını tikdirənlərə rəhmət oxuyur; nə yaxşı, bu tikili varmış, məclisi yola verdik.
Görünən budur ki, getdikcə çadır toyları şadlıq sarayı "biznesini” çökdürəcək. Başqa çarəmi buraxıblar?!
Niyə illərlə yığdığımızı şadlıq sarayının müdirinin cibinə qoyaq?!
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki,
- Biz artıq neçə ildir, deyirik ki, şadlıq sarayları vətəndaşları "soyur”, şadlıq saraylarında toy edən adamlara "toy tutulur”. Şadlıq saraylarına ödənilən pullar büdcədən yayınır, şadlıq sarayı rəhbərliyinə nağd pullar ödənir, ancaq heç kimə kassa mədaxil orderi verilmir. Toyda qonaqlara boyat, vaxtı keçmiş, keyfiyyətsiz məhsullardan hazırlanmış yeməklər təqdim olunur. Toy sahibinin istəkləri qətiyyən nəzərə alınmır, şadlıq sarayları öz menyularını hamıya diktə edir, menyudan əsla nəyisə çıxarmırlar. Vətəndaş etiraz edəndə isə "nəvazişlə” qapını göstərirlər. Şadlıq sarayının bir məqsədi var, o da budur ki, toyda iştirak edənlər tez çıxıb getsinlər. Musiqinin səslənməsində qaydalara riayət olunmur. Səs o qədər yüksək olur ki, qonaqlar şadlıq sarayını tez tərk edib sakitliyə qovuşmaqdan başqa heç nə arzulamır. Şadlıq sarayı ilə sifarişçi arasında müqavilə bağlanmır, halbuki bununla bağlı da konkret qanun qəbul olunub. Aldadıcı reklamlarla insanları cəlb edir, sonda isə toy sahibi baxıb görür ki, xeyir götürmək əvəzinə, ziyana düşüb. Hansı birini deyək?! Vəziyyətin belə hal almasının əsas səbəbi istehlakçı hüquqlarının arxa planda, biznes qurumlarının və sahibkarların hüquqlarınınsa ön planda olmasıdır. Yəni, sahibkarın hüququ istehlakçının hüququndan üstündür. Belə davam edəcəksə, vətəndaşlar yenə də şadlıq saraylarında "soyulacaq”. Keyfiyyətsiz, vaxtı keçmiş, düzgün hazırlanmamış yeməklərdən yeyib, zəhərlənəcəklər.
Niyə mən toyda 10 cür qida qəbul etməliyəm? Mədəni bu qədər doldurmaq olmaz. Mən bir dənə xörək istəyirəmsə, birini verməlisən. Mən də icarə pulunu ödəməliyəm. Amma görürük ki, şadlıq sarayları masaların üzərini necə doldurur. Çünki bunda maraqlıdırlar. Hansısa yeməyi menyudan çıxarmaq onlara sərf etmir.
Şadlıq saraylarına 2 ay əvvəldən növbəyə dayanırlar. O şadlıq sarayı şərtlərini dəyişərmi? Güzəştə gedərmi? Nə qədər ki, Azərbaycan vətəndaşının toy xəyalı bitib-tükənmir, əvvəlcə özünün, sonra övladının, ondan sonra da nəvəsinin toyunu edəcəyi günü gözləyir, şadlıq saraylarındakı əcaib durum da davam edəcək. Şadlıq sarayları ilə bağlı biabırçı vəziyyəti dəyişməyin bir yolu var, o da onlardan imtina etməkdir. Sahibkar görəndə ki, qapısını açan yoxdur, qaydalarda dəyişiklik etmək məcburiyyətində qalacaq.
Bunun yolu isə çadır toylarına qayıdışdı. Yer varsa, həyətdə qəşəng çadır qurursan, qohumlarını çağırırsan, biş-düş işini bilən aşbazlıq edir, cavanlar yemək paylayır, qonaqlara xidmət göstərir. Ərzağı özün bazardan alırsan, keyfiyyətli, dadlı yemək bişitdirirsən, gələnlər yeyir, yaxşı istirahət edir, pulunu da yazdırır, təbrik edib gedir. Niyə illərlə yığdığımızı şadlıq sarayının müdirinin cibinə qoyaq?!
Belə mərasimləri binaların həyətlərindəki mərasim evlərində də keçirmək olar. Elə yerlər var, orada xeyir-şər evi tikilib, içində lazım olan hər bir əşyası, masası, stulu, qab-qaşığı da var. Bir-iki növ yemək bişiriləcək, qonaqlar da keyfiyyətli yemək yeyəcək. Daha iki gündən qalmış, turşumuş "Paytaxt”, "Mimoza” salatı yeməyəcəklər. Toya gedən adam evinə ac qayıdır. Çünki yeməyə bir şey tapmır. Nə qədər ki, şadlıq sarayları istehlakçının istəklərini nəzərə almayacaq, onları boykot etmək lazımdır.
Mərasim evlərinin olması yaxşıdır
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli də bu fikirdədir ki, yaşayış binalarının həyətlərində mərasimlərin keçirilməsi üçün xüsusi tikililərin olması məqsədəuyğundur:
- Bu mərasim evlərini həm hüquqi, həm də fiziki şəxslər tikdirə bilər. Ancaq bunun üçün müvafiq razılıq alınmalıdır. Razılığın verilməsində isə Baş Planına uyğunluq nəzərə alınır. Eyni zamanda sakinlərin razılığı da olmalıdır. Vətəndaşların, ərazi üzrə sakinlərin müraciəti də ola bilər ki, biz burada mərasim evinin tikilməsini istəyirik və ya etiraz etmirik. Mən də bu fikirlə razıyam ki, kiçik, orta ölçülü mərasim evləri sakinlərin köməyinə çatır. Şərt deyil ki, məhz yas mərasimi keçirilsin. Toy məclisi, nişan, ad günləri də keçirmək olar.
Ümumilikdə kütləvi tədbirlərin keçirilməsində bu cür tikililər sakinlərə də, ictimai təşkilatlara da xidmət göstərər. Yaxşı olar ki, tikintilər layihələndirilərkən mərasim evləri də nəzərə alınsın, layihə-smeta sənədlərinə daxil edilsin. Bu, vətəndaşlar üçün müsbət bir addımdır.
Məlahət Rzayeva