Dövlət-vətəndaş münasibətlərində ictimai maraqlar



Yaxın qohumumuzun nəvəsi bu il birinci sinifə getdi. Yayda uşağın sənədlərini hazırlayırdılar və doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətini də məktəbə təqdim etməli idilər. Uşağın valideynləri notariat kontoruna getmişdilər, orada 10 manat pul istəmişdilər. Nənəsi narazılıq edirdi ki, hara gedirsən, puldu. Söhbət arası "Asan Xidmət” yadıma düşdü, dedim, niyə ora getmirsiniz? Bir gedin, soruşun, öyrənin, bəlkə asan başa gələcək. Şənbə, bazar günləri də işləyirlər. "Asan Xidmət” haqqında onda hələ dəqiq bilgiyə sahib deyildim. Eşitdiklərimi deyirdim. Sağ olsunlar, məsləhətimi qəbul edib "ASAN Xidmət”ə getdilər. Nənə razı qalmışdı: "5 manata düzəldi. 5 manat da cibimizdə qaldı. Ona da dəftər, "ruçka” almışıq. Bircə bu həkimdən keçməyi də "Asan Xidmət”ə versəydilər, 10 manat həkimə verməli olmazdıq”. Məlum idi - tibbi arayışa görə poliklinikada 10 manat "tərləmişdilər”...

"ASAN”a axın

"ASAN Xidmət” məhz bu cür rüşvət və korrupsiya hallarının qarşısını almaq məqsədilə yaradılıb. Qeyd etməliyik ki, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə atılan ən mühüm addımlardan biridir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində 1 saylı "ASAN Xidmət” Mərkəzi bu ilin yanvar ayında Binəqədi rayonunda açılanda hamı ora axın edirdi. Elə bilirdilər ki, bu mərkəz bütün əhaliyə xidmət göstərəcək.

Amma deyilmiş. Birinci Mərkəz yalnız Binəqədi, Nərimanov və Nəsimi rayonlarını əhatə edirdi. Sonra Xətai rayonu ərazisində 2 saylı Mərkəz açıldı. Və Xətai, Suraxanı və Nizami rayonlarını əhatə etdi. Nəhayət, bu ilin sentyabr ayında Yasamaldakı 3 saylı Bakı "ASAN Xidmət” Mərkəzi fəaliyyətə başladı.

Çoxdan belə fikrim var idi ki, "ASAN Xidmət”in işindən yazım. Bir sahəni işıqlandırmaq üçün jurnalistin imkanı daxilində olan ən gözəl vasitə isə, əlbəttə, reportajdı. Müşahidə et və gör. Yollandım, Yasamal rayonundakı "ASAN Xidmət” Mərkəzinə. Bu mərkəz, hələlik ən sonuncu açılandır. Bakının 3 rayonunu əhatə edir: Səbail, Qaradağ və Yasamal. Hesabla, "ASAN Xidmət”in daha bir Mərkəzi də açılması gözlənilir. Yəqin ki, Xəzər, Abşeron rayonlarını əhatə edəcək.

Onu da deməliyik ki, vətəndaşların "ASAN”a axın etməsi həm də bir gerçəkliyi ortaya qoyurdu. Əhali idarələrin qapısında dayanmaqdan, növbə gözləməkdən, bəzi üzdəniraq məmurların qəbuluna yazılmaqdan yorulub, bezib. Çoxu da inamsız yanaşırdı ki, yəni, bizdə də rüşvətsiz, pulsuz sənəd düzəltmək mümkündü? O qədər adam olub ki, sadəcə, sınaq məqsədilə "ASAN Xidmət”ə gedib. Necə deyərlər, kəşfiyyat xarakterli gedişlər. Və gördüklərindən heyrətləniblər; həqiqətən, mümkün imiş.

Bunu "ASAN Xidmət”də apardığım müşahidələr də təsdiq etdi.

"Polisə getməkdən bezirdik”

Girişdə əyləşmiş əməkdaşa "şəxsiyyət vəsiqəsi almaq istəyirəm” deyirəm, "məlumat bürosuna yaxınlaşın” deyir. Gənc xanımlar əyləşib. Yaxınlaşıb özümü şəxsiyyət vəsiqəsi almaq üçün gələn vətəndaş kimi təqdim edirəm. Kiçik sorğu-sual və hər şey məlum olur. Lazımi sənədləri gətirməklə, binanın daxilində bütün prosedurlardan keçmək olar. Şəkil də burada çəkilir, qan qrupu da müəyyənləşəcək, gözlərin rəngi də. Dövlət rüsumu ödəyəcəksən, gəlib vəsiqəni alacaqsan. Xanım əməkdaşın üzüyolalığından istifadə edib bir-iki əlavə sual verirəm:

- Bəs hansı xidmətlər pulsuzdu?

- Torpaq mülkiyyətinə dair sənəd, məhkumluğa dair, 17 yaşınadək olanlara şəxsiyyət vəsiqəsinin verilməsi, doğum haqqında şəhadətnamə almaq...

Xanıma təşəkkür edib kənara çəkilirəm. Niyyətim ətrafdakıları müşahidədir.

Yanımda gənc xanım əyləşir. Deyəsən, qızı ilə gəlib. Soruşuram, cavab verir ki, qızı üçün şəxsiyyət vəsiqəsi almağa gəlib. Amma şəkilsiz vəsiqə. Qızı 9-cu sinifdə oxuyur. 17 yaşı tamam olmayıb. Məktəbdən müvəqqəti şəxsiyyət vəsiqəsi almağı tələb edirlər:

- Məktəbdən deyirlər ki, vəsiqə gətirin. Yanvar ayınadək verməliyik. Qeydiyyat üçündü. Buraxılış imtahanı verəcəklər, onun üçün lazımdı. Martda 17 yaşı tamam olacaq, onda gərək bir də təzədən gəlim şəxsiyyət vəsiqəsi alım. İki dəfə sənəd alacam. Nəyə lazımdı, bu?! Əvvəllər doğum şəhadətnaməsi ilə keçinirdilər. İndi deyirlər, yox, gərək şəxsiyyət vəsiqəsi olsun. Onsuz da bu, müvəqqəti sənəddi. Şəkil də vurulmur. 3 aydan sonra əsas sənəd alacaqdıq da. Gərək iki dəfə xərcə düşək?!

- Xərc deyəndə nə qədərdi ki?

- 2 manat istəyiblər.

- Mən bilən, 16 yaşlılara sənəd pulsuzdu axı...

- Bilmirəm, gözləyirik. Bizə dedilər, 2 manat rüsum ödəyəcəksiniz.

- 2 manat böyük pul deyil...

- Orası elədi. Yasamal polisinə getmişdik, dedi, 2 manat dövlət rüsumu ödəyin, 10 manat da bura (yəni polisə - red). Dedim, dayı sənə nöşün verirəm, dövlətə ödəmişəm də. O yolu gedəneycən, adamın ürəyi ağzına gəlir. Evdən ora iki "astonovka” yoldu. Bura yaxşıdı, vallah. Çox rahatdı. Yoxsa, polisə getməkdən bezirdik...

"Yaxşı ki, bura açıldı”

Bunu da bir xanım dedi. Adını söyləməkdən əvvəlcə çəkinirdi. Rəfiqəsi ilə gəlmişdi. Rəfiqəsi özünü təqdim edəndən sonra o da ürəkləndi. "Adım Susannadı”, dedi.

- Elə buna görə utanırdınız? Deyin ki, adım Süsəndi də.

(Gülüşdük...)

- Adımı deyəndə elə bilirlər, başqa millətdənəm.

- Nə fərqi var, hansı millətdən olursunuz, olun. Əsas odur ki, razı qalmısınız, yoxsa yox?

- Çox yaxşıdı. Mən də qızımın sənədi üçün gəlmişəm. 15 yaşındadı. Şəxsiyyət vəsiqəsi alacam. Məktəbdən istəyiblər. Dedilər, 11 günə verəcəklər.

Susannanın rəfiqəsi Vəfa, qardaşının xarici pasport üçün "ASAN Xidmətə” müraciət etdiyini söylədi:

- Qardaşım bura gəlib xarici pasport üçün. Rahat da alıb. Əvvəlki vaxt olsaydı, gərək səhər tezdən Xarici Dillər Universitetinin qabağına gedib növbə tutaydı. Yaxşı ki, bura açıldı. Şəxsən mən çox razıyam.

Ümumiyyətlə, diqqət etdim ki, "ASAN Xidmət”ə daha çox şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu üçün müraciət edənlərin sayı daha çoxdur. Azərbaycan insanı vergi ilə, müqavilə, alış-verişlə çox da başını qatmır.

Bir vətəndaş qeydiyyat ünvanını dəyişdirirdi. Ərizə formasını "ASAN”nın əməkdaşları doldururdu. Ərizə forması hazır olanda vətəndaşı imza üçün dəvət etdilər.

Mərkəzdə sakit, işgüzar ab-hava var. Hətta naşı adam da istiqaməti müəyyənləşdirə bilər. Çünki elektron tablolarda daim məlumatlar verilir. Hansı xidmət növlərinin olduğu da bilinir. DİN, DSMF, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Milli Arxiv, Gömrük Komitəsi, Vergilər Nazirliyi, Miqrasiya, Ədliyyə, Əmlak məsələləri üzrə ayrıca pəncərələr fəaliyyətdədir. Uşaqlı vətəndaşlar uşaq oyun zalından istifadə edə bilər. Çay içmək, nahar etmək üçün kafe də var. Qısası, vətəndaşların rahatlığı üçün hər şey nəzərə alınıb.

Burada çaya da qonaq edirlər...

"ASAN Xidmət”in fəaliyyəti barədə ətraflı məlumat almaq üçün mətbuat xidmətinin nümayəndəsini soruşuram. Bu dəfə açıq şəkildə. Özümü təqdim edirəm və niyyətimi bildirirəm. Sağ olsunlar, mətbuatdan olduğumu biləndə, xoş qarşılayırlar. Amma Binəqədi rayonundakı "ASAN Xidmət”ə getməli oluram. Əsas mərkəz ora olduğu üçün rəsmi informasiya oradan alınmalıdır.

Günorta saatlarındakı ənənəvi tıxaca düşüb nəhayət, mərkəzə çatdım. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sekorunun müdiri Anar Hüseynov birinci mərtəbədəki kafedə çay süfrəsi arxasında söhbət təklif etdi. Təbii, imtina yox!.. Anar müəllim çayın hazır olmasını gözləyir, mən də imkandan yararlanıb elektron tablonu izləyirəm:

"Bilet nömrənizi izləməyi unutmayın”;

"Yaşıl rəng - xidmət zalına çağırış”;

"Sarı rəng - xidmət pəncərəsinə çağırış”;

"E - onlayn növbəni, sənəd işarəsi - sənədin hazır olduğunu göstərir”

Rənglər tez-tez biri-birini əvəz edir. Xidmətin növünü göstərən hərflərin qarşısında sıra nömrələri mütəmadi dəyişir. Nömrə sahibləri gah zala çağırılır, gah sənəd almağa. Beləcə, mərkəzdə iş gedir...

Biz də çay içə-içə söhbət edirik.

- Anar müəllim, gün ərzində "ASAN Xidmət”ə nə qədər vətəndaşın müraciət etdiyinin statistikası məlumdu?

- Əlbəttə, burada hər şey qeydiyyatdadır. Gün ərzində hər mərkəzə 1000-ə yaxın müraciət olur. Vətəndaşlara təqdim olunan nömrələrə görə bunu təyin etmək çətin deyil. Elektron müraciətlər etmək də mümkündü. Hətta vətəndaşlar elektron xidmətdən istifadə etməklə əvvəlcədən nömrə də ala bilirlər.

- Ən çox müraciət hansı xidmət sahələri üzrədi?

- Daha çox şəxsiyyət vəsiqəsi, notarial xidmətlər, ümumvətəndaşlıq pasportu, nikah şəhadətnamələri, doğum haqqında şəhadətnamələrlə bağlı olur.

- Nikah şəhadətnaməsi deyəndə, yəni, nikah bağlanması üçün, yoxsa, şəhadətnamə almaq üçün?

- Hər ikisi. Təkrar şəhadətnamə üçün müraciət edənlər də olur. Bizdə burda nikah da bağlanır.

- Bunu bilmirdim...

- Bəli. 2-ci mərtəbədə xüsusi zal var, nikah mərasimi bütün qayda-qanunu ilə icra edilir. Təkcə, burda yox, ümumiyyətlə, bütün "ASAN Xidmət” mərkəzlərində bu xidmət növü mövcuddu.

- Namaz otağı da varmı?

- Bəli, var.

- Doğrusu, gözləmirdim.

- Çoxu sizin kimi düşünür. Tez-tez sosial şəbəkələrdə mərkəzin gündəlik işini əks etdirən fotolar paylaşırıq. Başıbağlı xanımların da fotolarını paylaşmışdıq. Biri götürüb şərh yazır ki, "beləsi də var?!”. Başa düşmürəm, niyə də olmamalıdır? Bəzən əhalidə yanlış bir təəssürat formalaşır ki, guya, inanclı insanlara qarşı ayrı-seçkilik, basqı var. Qətiyyən belə deyil.

- Ümumvətəndaşlıq pasportlarını dediniz, bəs biometrik pasportlar da verilirmi burada?

- Verilir. Biometrik pasportlar da elə bu xarici pasportlar kimidir. Sadəcə, ora yeni çiplər əlavə olunub. Barmaq izləri, fizioloji məlumatlar.

- Çətinlikləriniz olurmu?

- İlk vaxtlar olurdu. Bilirsiz, əhali eşitmişdi ki, "ASAN Xidmət” açılıb, hətta rayonlardan da gəlirdilər. Biz müraciət edənləri istiqamətləndirirdik. Bəzən bizim xidmət sahəmizə aid olmayan məsələlərlə bağlı müraciət edirdilər. Sonra ölkə başçısının tapşırığı ilə səyyar xidmət həyata keçirilməyə başladı. İyunun 1-dən icraya başladıq. 5 ayda 45 min vətəndaş artıq "ASAN Xidmət”dən yararlanmışdı. 30 rayon üzrə 17 məntəqə fəaliyyət göstərirdi. 2 həftə bir rayon ərazisində fəaliyyət göstərib digər bölgəyə keçirdik. Bu istiqamətdə yenə iş gedir. Nəzərdə tutulub ki, 41 region üzrə 22 məntəqədə xidmət göstərilsin. Hazırda Şəkidəyik. Oradan Mingəçevirə gediləcək. Vahid məkan, bir qapı prinsipidir deyə, əhali razı qalır. Təsəvvür edin ki, 10-15 dəqiqəyə doğum haqqında şəhadətnamə verilir. 9 dövlət qurumu üzrə 25 hüquqi xidmət, 22 funksional yardımçı xidmət göstərilir.

- Əhalidən narazı qalmırsınız ki?

- Bilirsiz də, bizim camaatda növbəyə dayanmaq problemi var. Növbə gözləməyi xoşlamırıq... Hərdən mənə dostlardan, tanışlardan zəng edirlər ki, bu işi tez düzəlt. Deyirəm, ay qardaş, burda proses elə rahat qurulub ki, kimdənsə xahiş etməyə ehtiyac yoxdur. 10-15 dəqiqə vaxtın gedəcək, gəl, sənədini apar. Qanuna uyğun yaşamağı, işləməyi, davranmağı öyrənməliyik, nəhayət. Burda əməkdaşların etik davranışlarına çox diqqət edilir. Vətəndaş gülərüzlə qarşılanmalıdır. Hərdən fikir verirəm ki, bəzisinə qəribə gəlir. Qaşlarını çatırlar ki, bu xanım niyə üzümüzə gülür?! Əməkdaşlara vətəndaşlarla ünsiyyət, davranış qaydalarına dair xüsusi treninqlər keçirilir. Hamısı da, 24-25 yaşarası şəxslərdir. "ASAN Xidmət” kreativ yanaşma tələb edən işdir. Əsas məqsəd cəmiyyətimizdə mövcud olan məlum dövlət məmuru obrazı stereotipini dağıtmaqdı.

- Nail ola bilirsiniz?

- Deyəsən, nail oluruq...


Yazı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.