"Hər abituriyent bir dəfə pulsuz imtahan verə bilər" - Açıqlama




"Hər abituriyent bir dəfə pulsuz imtahan verə bilər". 

Bunu Sherg.az-a "Qəbul imtahanları pulsuz olacaq" iddiasını dəyərləndirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

Bunu müsbət qiymətləndirən ekspertin sözlərinə görə, bu barədə ilkin məlumatlar səsləndirilib:

"Əvvəl belə hesab edilirdi ki, istənilən qəbul imtahanı imtahan verən şəxsin hesabına ödənilsin. Sonradan müxtəlif fikir dəyişiklikləri meydana gəldi. Hətta Tarif Şurasının bunu təşkil edəcəyi barədə məlumatlar yayıldı. Hesab edirəm ki, hələ də son nəticə yoxdur. Hazırda ilk dəfə qəbul imtahanında iştirak edənlərə güzəşt olunacağı deyilib. 

Yəni hər abituriyent bir dəfə pulsuz imtahan verə bilər. Əgər abituriyent hər il qəbul imtahanı verirsə, sözsüz dövlət onu pullu təşkil edəcək. Amma əhalinin müəyyən hissəsi, maddi imkanı aşağı olan şəxslərə də güzəşt oluna bilər”.

Qeyd edək ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama görə, ilk dəfə qəbul imtahanı verən abituriyentlər ödənişsiz şəkildə imtahanda iştirak edə biləcək.

 Aysel Aslan