Ekspertdən Təhsil Nazirliyinə çağırış: "Bu proses dayandırılmalıdır"





"Müəllimlərin bu şəkildə yoxlanılması müsbət nəticə verməyəcək, proses dayandırılmalıdır”.

Bunu Sherg.az-a Bakı məktəblərində ibtidai sinif müəllimlərinə imla yazdırılıb, yenidən imtahan edilməsinə münasibət bildirərkən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, müəllimlərə kollektivin digər müəllimləri tərəfindən imla yazılarının yazdırılması etik cəhətdən də normal deyil:

"Təhsil Nazirliyinin bu imtahanları nə məqsədlə həyata keçirdiyi haqqında məlumatlı deyiləm. Ancaq ibtidai sinif müəllimləri arasında savadsız yazı yazanların olduğu haqqında faktlar var. Təşkilatımıza edilən müraciətlərdən də bunu görürük. Hətta bəzi müəllimlərin müraciətlərində, yazılarında həmin yanlışlıqları görürük. Düşünürəm ki, Təhsil Nazirliyinə də bu cür faktlar daxil olub və bu qüsuru aradan qaldırmaq, buna yol verən müəllimlərə qarşı ciddi işlər görmək üçün belə yoxlamalara əl atıblar. Onların ixtisasartırma kurslarına getməsi, yanlışlıqlarını aradan qaldırmaq üçün motivasiya yaratmaq məqsədilə imla yazdırılması təşkil oluna bilər. Ancaq bir məktəbdə çalışan müəllimin digər müəllimə imla yazdırıb, onu yoxlaması obyektiv həyata keçirilən proses olmayacaq. Düşünün ki, özümüz də məktəbdə işləyirik, bir müəllim həmkarımızın yanlışını, səhvini görəndə,görməzdən gəlirik. Belə halda qiymətləndirmə necə obyektiv ola bilər? Nazirliyin hansı məqsədlə bunu həyata keçirdiyini bilməsək də, yenə bir müəllimin digərini yoxlaması düzgün deyil”.

Qeyd edək ki, Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir. Məlumata görə, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin "Ana dili- Ədəbiyyat” müəllimləri tərəfindən həyata keçirilir. Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub.

Ayyət Əhməd