"Onlar heç vaxt böyüməyəcəklər” macar dilinə tərcümə edilib



"Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər” kitabı macar dilinə tərcümə edilib. 

Bu barədə Sherg.az-a hazırda Niderlandda olan tanınmış jurnalist Səriyyə Müslümqızı məlumat verib. 

Haaqada Xocalı soyqırımı ilə bağlı keçirilən anım tədbirində iştirak edən faciənin şahidi, qanlı gecədə anasını itirmiş Səriyyə Müslimqızı deyib ki, Macar Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva onun kitabını macar dilinə tərcümə edib: 

"Kitabın bir nüsxəsi məndədir. Svetlana xanıma bu təşəbbüsdən dolayı çox təşəkkür edirəm. "Onlar heç vaxt böyüməyəcəklər” kitabım 2005-ci ildə çıxıb və müharibə uşaqlarına həsr olunub”. S.Müslümqızı bildirib ki, Niderlandakı azərbaycanlı diaspora təşkilatları tədbir öncəsi Haaqadakı Xocalı qurbanlarının əziz xatirəsinə qoyulmuş abidəni ziyarət ediblər: "Valliant teatr binasında "Yaşamaq üçün doğulmuşdular!” kompozisiyası tamaşaçılara təqdim olundu. Tədbirin aparıcıları yazıçı-jurnalist Elnaz Ağaxan və Aydəmir Çətin Xocalı soyqırımı haqqında qısa məlumat verdikdən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının və Niderland Krallığının dövlət himnləri səsləndirildi. Uşaqların Azərbaycan dilində oxuduğu "Lay-lay Xocalım!” və Holland dilində "Heç bir zaman müharibə olmasın!” şeirlərinin ardınca "Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovanın "Bir gecənin sirri” adlı hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş etdirildi”. Səriyyə Müslümqızı soyqırmla bağlı acı xatirələrini bölüşdüyünü diqqətə çatdırıb: "Tədbirdə "Onlar heç vaxt böyüməyəcəklər” adlı kitabım əsasında hazırlanmış sənədli film də nümayiş etdirildi”. Xatırladaq ki, "Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən tədbirdə də iştirak edib və Xocalı soyqırımı ilə bağlı acı xatirələrini dilə gətirib.

İsmayıl