"Bakı metrosunda da çantalarla bağlı çağırışlar oluna bilər" - AÇIQLAMA




"Sərnişinlər tərəfindən narazılıqlar yaranarsa, Azərbaycanda da bel çantalarının əldə tutulması üçün çağırışlar edilə bilər”

Bunu Sherg.az-a Moskva metrosunda sərnişinlərdən bel çantalarını əldə tutmaları haqqında çağırışlara münasibət bildirərkən vəkil İradə Cavadova deyib. 

Xanım hüquqşünas bildirib ki, doğrudan da bəzən bu çantalar o qədər böyük olur ki, digər sərnişinlərə keçmək, yerləşmək üçün maneə törədir:

"Əslində ictimai nəqliyyatda sərnişinlərin çantalarını istədiyi şəkildə saxlamasına və ya başqa iri yüklərlə metrolara daxil ola bilər. Bir şərtlə ki, bu başqa sərnişinlərin hüquqlarını pozub, onlara narahatlıq yaratmasın. Bəzən məktəblilərin, hətta böyüklərin çantaları metro qatarlarına minərkən uşaqlara, yaşlılara, digər sərnişinlərin narazılığına səbəb olur. Bu tələb şəklində deyil, davranış qaydalarına əməl olunması baxımından edilən elementar çağırışlardır. Azərbaycanda da sərnişinlər tərəfindən belə narahatlıq ifadə olunarsa, metropoliten rəhbərliyinə və ya ictimaiyyətdə narazılıqlar səsləndirilərsə, belə çağırışlar edilə bilər”.

Qeyd edək ki, Moskva metrosunda sərnişinlərdən bel çantalarını əldə tutmaları xahiş olunur. Metropoliten rəhbərliyi bunu çantaların beldə olarkən digər sərnişinlər üçün narahatlıq yaratması ilə izah edib.

Aysel Aslan