"Arxasında böyük güc dayanmış kiçik ölkə ilə üz-üzəyik" - Deputat




"Dağlıq Qarabağ problemi, Azərbaycanla münaqişə məsələsi yada düşəndə ermənilərdə müəyyən" birlik" yaranır”.

Bunu Sherg.az-a separatçı Ermənistanın cəbhədə törətdiyi təxribata münasibət bildirərkən tarixçi millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti də bundan istifadə edir:

"Onlar cəzasızlıq mühitində, sanksiyalara məruz qalmadan siyasət apardıqlarına görə bu vəziyyətdən istifadə edib, bizə qarşı təxribatları gücləndirirlər. Arxasında böyük dövlət, güc dayanmış çox kiçik ölkə ilə üz-üzə qalmışıq. Ermənistanda iqtisadi durum zəifdir, siyasi sabitlik yoxdur, xalqı dolandıra bilmirlər, Qafqaz regionundan keçən bütün layihələrdən kənarda qalıb. Məhz buna görə də, onlar təxribatlara əl atır. Dövlətin rəhbəri, Dağlıq Qarabağda törətdiyi faciələrə, qətllərə görə siyasi hakimiyyətə gələn əli qana bulaşmış Serj Sarkisyan xalqı da aldadıb. Öz xalqını aldatmaq yolu ilə hakimiyyətə gələn dövlət başçısının illərdir apardığı siyasət hazırda iflasa uğrayıb. Millətin əzabkeşi kimi çıxış edən, iqtisadi cəhətdən ölkəni, xalqı xoşbəxt etmək üçün qurban getmək istədiyini deyən Sarkisyan hakimiyyət uğrunda xalqını qurban verir. Artıq onun iç üzü açılır.

Ermənistanın Azərbaycanla müqayisədə nə qədər geri qaldığı aydın görünür. Onu dəstəkləyən ölkədən hərbi sursat alıb, buna söykənib təxribat addımları atmağın sonunda heç də yaxşı vəziyyət yaranmır. Bunların hamısı hakimiyyət dəyişikliyi tələbi ilə rəhbərliyə qarşı çıxan xalqa qarşı atılmış addımdır. Ölkədə narazılıq olan kimi ermənilər təxribata əl atır, qarışıqlıq salıb, diqqəti cəbhəyə yönəltmək istəyir. Bununla öz hakimiyyətini uzatmağa çalışır. Onun söylədiyi "mən dövlət başçısı kimi qətiyyətliyəm” kimi ifadələr daxili publikaya hesablanmış açıqlamadır. Prezident nəzərə almır ki, Azərbaycanın nə qədər şəhidi varsa, Ermənistanın 3-4 qat artıq əsgəri məhv edilir. Bu, həmişə də belə olacaq”.

Cəbhə xəttində şəhid olan əsgərlərimizdən söz açan F.İbrahimli deyib ki, şəhidlərimiz haqqında danışarkən heç vaxt soyuqqanlı olmaq mümkün deyil:

"Hər kəs öz övladını gözünün qarşısına gətirir. Təəssüf ki, biz şəhidlər veririk, cavanlarımız həlak olur. Amma sual olunur. Azərbaycanın bundan başqa yolu varmı? Biz döyüş meydanından çəkilə bilmərik. Ermənilər xain xalqdır, təqvimimizin 12 ayından 10-da onlar qara gün yarada biliblər. Məqsədləri isə işğal etdiklərindən əlavə Azərbaycanın digər ərazilərini də ələ keçirməkdir. Bu mübarizədə isə itkilər verməyimiz zaman-zaman olacaq”.

Aysel Aslan