Professordan təklif: "Qəbul imtahanlarını yığışdırmaq lazımdır”





"I-IV qrupların ildə iki dəfə, II və III qrupların isə bir dəfə imtahan verməsi düzgün deyil. Ona görə ki, məsələyə daha peşəkar şəkildə yanaşmağa ehtiyac var”.


Bunu Sherg.az-a Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.

O bildirib ki, əgər iki qrupa imtahan verən abituriyentlərə belə şərait yaradılırsa, digər qruplara da yaradılmalıdır:

"Düzdür, ali məktəblərə qəbul imtahanlarının təkmilləşdirilməsi, yeni formaların tapılması haqqında düşüncələr var. Bizim kimi təhsil mütəxəssisləri, jurnalistlər, digər ictimai fikir sahibləri bu barədə müxtəlif ifadələr səsləndirirlər. Amma bu prosesə təhsil elmini bilərək yanaşmaq lazımdır. Texnologiyanı və xarici dili bilmək təhsil elmini bilmək deyil. Təhsil elmini bilmək üçün peşəkarlıq səviyyəsi olmalıdır. Təhsildə, pedaqoji prosesin içərisində, tədris müəssisəsində çalışaraq nəticə çıxarmaq lazımdır ki, imtahanların keçirilməsi sistemi necə təşkil olunmalıdır. Hazırkı proses sistem deyil, bunları idarə edən şəxsin arzusudur. Gənclərin iradi keyfiyyətlərinə ziyan gətirdiyinə görə, bu cür məcburi şərtlər qoyulmasının əleyhinəyəm. Ümumiyyətlə, qəbul imtahanlar ləğv olunmalıdır. Buraxılış imtahanı, onun əsasında isə ali məktəblərə qəbul həyata keçirilməlidir. Yəni mərkəzləşmiş imtahan müəyyənləşdirəcək ki, abituriyent istədiyi, seçdiyi universitetə qəbul olunsun. Bu imtahan-imtahan oyunu bütün təhsil prosesində, ibtidai sinifdə, 9-cu sinifdə, ali məktəbə qəbul zamanı hələ möhkəmlənməmiş iradəsi olan şagirdlərə, mənfi təsir edir. Ona görə də, düşünürəm ki, ümumiyyətlə qəbul imtahanlarını yığışdırmaq lazımdır”.

Ə. Ağayevin sözlərinə görə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası fikrini dəyişə də bilər:

"İki qrupdan ildə iki dəfə, qalan qruplardan 1 dəfə imtahan götürülməsində məntiq haradadır? Hər hadisə qanunauyğunluqla həyata keçirilməlidir. Ona görə, düşünürəm ki, bu son qərar deyil. O qədər görürük ki, bu gün bir söz deyirlər, 15 gündən sonra başqa söz. Bununla da görünür ki, prosesə yanaşmada nabələdlik, naşılıq var. Yaxşı olar, kadrlar hansı sahədə çalışırsa, o sahənin elminə yiyələnsinlər. Həmin elm və təcrübə əsasında ölkənin inkişafına uyğun olaraq bu prosesləri təmin etsinlər”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il abituriyentlərə I-IV qruplar üzrə iki dəfə imtahan vermək şansı yaradıldığını deyib. O vurğulayıb ki, gələcəkdə bu imtahanları 3-4 dəfə təşkil etmək imkanları da olacaq.

Ayyət Əhməd