“Şahinə vədim, sözüm olub ki, qardaşı ilə bacısını heç vaxt biri-birindən uzaq tutmayım”
Onun həyatdan gedişi bir ailəni başsız, övladlarını yetim, dostlarını boynubükük qoydu. Geriyə qalan isə fotolar, video görüntülər, çəkilən klipləri, bir də onu xatırladan xatirələr oldu. Amansız xəstəliynin qurbanı olan Şahin Zəkizadə günlər öncə son mənzilə yola salındı. Bir çoxları üçün onun ölümü şok yaratdı. Şahinə təkcə onu tanıyanlar deyil, həyatda bir dəfə belə görməyənlər belə rəhmət oxudular. Görünür, üzündəki nurlu ifadəsi, mətbuatda, efirlərdə təmkinli, kübar danışığı barəsində xoş fikirlər yaratmağa yetərli olub.
Elə yaxınları, dostları da onun insanlığına yandılar. İstedadlı bir rejissor, gözəl dost, sevən həyat yoldaşı, diqqətli ata kimi yaddaşlarda qaldı.
Bəs görəsən, onu torpağa tapşıran ailəsinin həyatında nələr dəyişdi? Şahin Zəkizadənin ömür-gün yoldaşı onsuz olan bu günləri necə yaşadı? Rejissorun həyat yoldaşı Səbinə xanımla əlaqə yaratdıq. Çətin də olsa, Şahinsiz qalan həyat yoldaşı günlər sonra "Şərq”ə danışdı: "Bilirsiz, deyirlər, güclü qadınam. Bəlkə də güclü qadınam. Mənə Şahinsiz çətin olsa da, ana olduğum üçün ayaq üstə durmağa məcburam. Əslində bu o qədər asan deyil. Amma məcburam. Bir az da dinə bağlı insan olduğum üçün mən başa düşürəm ki, hər birimizin son mənzili Allahın dərgahıdı. Bu mənə təsəlli olur. Bilirəm ki, bir gün Şahinin yanına gedəcəm. O məni orda gözləyir (Ağlayır)... Gün keçdikcə, daha çox darıxıram, ona daha çox ehtiyacım olur. Başa düşürəm ki, o mənə nə qədər mənən lazım idi. Onun yoxluğunu hər gün daha çox dərk etdikcə, acım daha çox böyüyür. Xəstəxanada idi, təsəllim var idi ki, sağalacaq. Əvvəlki müalicələrin də təsiri müsbət idi deyə, Şahin də mən, mən də ümid edirdik ki, biz bu xəstəliyə qalib gələ bilərik. Hətta bu xəstəliklə yaşayan insanlarla əlaqə yaradırdıq, onlar da bildirirdilər ki, müalicə ilə sağalmaq mümkün olur. Şahin ölmək istəmirdi. Ölümdən qorxurdu, daha çox bizi tək qoymaqdan qorxurdu. Son müalicəsinə qədər hər şey yaxşı idi. Yeni ildə bütün günü bir yerdə olduq, danışdıq, güldük, əyləndik. Belə olacağını gözləmirdik. Birdən-birə müalicə əks təsirini göstərdi. Ani oldu. İşıq sürəti ilə ölüm gəldi. Bir var şiş ola, əməliyyat edib götürmək olurdu. Şahinin nəslində bu, genetik olub. Atası da xərçəngdən əziyyət çəkir. Sadəcə qayınatamda şiş olub deyə yarıb götürdülər, kimyaterapiya ilə müalicə olunur. Amma Şahində qanda xərçəng idi, birdən hər şey baş verdi. Mən onu ölümün çaynağından qopara bilmədim”.
Səbinə xanım iki övladının atasız qalmasının acısını belə dilə gətirdi: "Şahin övladlarını sevən ata idi. İstər qızı Fatiməni, istərsə də Seyid Əlini. Biz ailə quran gündən də elə bir mühit yaratdı ki, ilk evliliyindən olan qızı ilə ünsiyyətimiz yarandı, bizim də oğlumuz dünyaya gələndən sonra bacı-qardaş arasında ayrıseçkilik qoyulmadı. Əli Fatiməni bacısı kimi qəbul etdi, Fatimə Əlini qardaşı kimi çox sevir. Şahin çalışdı ki, bacı qardaş biri-birinə doğma olsunlar. Onların bir yerdə vaxt keçirməsi üçün əlindən gələni edirdi. Fatimənin anası da bu münasibətə dəstək oldu. Fatimənin anası mən olmasam da, o mənə Şahindən əmanətdi. Allah anasının canına dəyməsin. Amma mən onu balam qədər istəyirəm. Şahinə də vədim, sözüm olub ki, qardaşı ilə bacısını heç vaxt biri-birindən uzaq tutmayım. Əli uşaqdı, hələ Şahinin yoxluğunu başa düşə bilmir. Ancaq Fatimə elə yaşdadı ki, hər şeyi anlaya bilir. Anası bildirib ki, atan dünyasını dəyişdi. Uşaq bundan sonra çox pis olub. Hələ də atasının yoxluğu ilə barışa bilmir. Mən də çalışıram ki, Fatimə ilə maraqlanım. Onunla əlaqəmiz həmişə olacaq. Mənim Əlimin böyük bacısıdı. Onlar gələcəkdə bacı-qardaş biri-birinə dəstək olacaqlar. Heyif ki, Şahin bizi belə tez tərk etdi. Onunla xəyallarımız, arzularımız yaramçıq qaldı. Mən həqiqətən onu sevmişəm. Allah Şahinin o dünyasını versin. Mən əminəm ki, o ürəyə sahib insanın yeri cənnətdi. Çünki o, insan, həyat yoldaşı kimi, ata olaraq da mükəmməl idi. Şahinsiz həyat mənim üçün marağını itirdi”.
Tahirə