Şəhidlərimiz son mənzilə yola salındı

Beyləqanda, Tovuzda, Keşlədə, Şəkidə və Ordubadda böyük izdiham yaşandı

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız dünən doğulduqları torpaqlarda böyük izdihamla dəfn olunub.

Qədimov Zülfü Rəhim oğlu Beyləqan rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib. Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib. Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.

Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alarkən şəhid olan digər hərbi qulluqçumuz, 1997-ci il təvəllüdlü Əhmədov Elvin Süleyman oğlu isə Tovuz rayonunda dəfn edilib. Yanıqlı kənd qəbiristanlığında keçirilən dəfn mərasimində rayon icra hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib. Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub. Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Qəhrəman hərbçimiz Zakir Cəfərov üçün vida mərasimi Keşlə qəsəbəsində keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlu Şəki rayonunda torpağa tapşırılıb. Şəhid hərbçinin anadan olduğu Kiş kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.

Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb.

1988-ci il təvəllüdlü şəhid baş leytenant Tural Həşimlinin cənazəsi isə doğulduğu Ordubad rayonuna yola salınıb. Şəhidi yola salarkən hava limanında böyük izdiham yaşanıb. Analoji hal Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən yaşanıb. Naxçıvan əhalisi öz şəhidini böyük ehtiramla qarşılayıb və 1000-ə yaxın avtomobil karvanının müşayiəti ilə şəhidin cənazəsi dəfn olunmaq üçün doğulduğu Ordubad rayonuna aparılıb. Şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib. T.Haşımlı Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında dəfn olunub. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə fevralın 27-də döyüş meydanından təxliyə edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Şəymən