Türkiyənin Naxçıvanda hərbi bazasını yaratmaq lazımdır




Son günlər Azərbaycanda Türkiyənin hərbi baza yaratması məsələsi yenidən gündəmə gəlib. Bu barədə ictimaiyyəti məlumatlandıran ekspertlər hesab edirlər ki, Azərbaycanın real situasiyadan çıxış edərək Türkiyə ilə analoji birləşmələr yaratması, ərazisində qardaş ölkənin hərbi bazalarının qurulmasına razılıq verməsi tam məntiqli görünür.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə "Şərq”ə açıqlamasında bu məsələnin Azərbaycan dövləti adına gecikmiş bir addım olduğu qənaətindədir. Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayan politoloq hesab edir ki, onun müdafiəsi rəsmi Bakı ilə paralel olaraq həm də Ankaranın bilavasitə təhlükəsizlik sisteminə aid bir məsələdir. Daha doğrusu, Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinə cavabdehdir: 

"Hesab edirəm ki, bunu vaxt uzatmadan real həyatda əks etdirmək və Türkiyənin Naxçıvanda hərbi bazasını yaratmaq lazımdır. Ən azından Türkiyənin hərbi hava qüvvələrinin bir heyətinin Naxçıvanda yerləşdirilməsini rəsmiləşdirmək lazımdır. Bu zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı hansısa bir ölkə tərəfindən təhdid olarsa, Türkiyənin hərbi hava qüvvələri çox asanlıqla Azərbaycan səmasında hərəkət etmək imkanı qazanacaq”.

Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsinin bir çox, xüsusən də qonşu ölkələrin xoşuna gəlməyəcəyini vurğulayan politoloq deyib ki, Azərbaycan müstəqil dövlətdir və Bakı Türkiyə ilə bu məsələdə razılaşsa, heç bir dövlət bu prosesə mane ola bilməz: "Əgər şimal qonşumuz Rusiya düşmənimiz Ermənistanda hərbi baza saxlaya və getdikcə bu bazanı gücləndirirsə, niyə də qardaş Türkiyənin Azərbaycanda hərbi bazası olmasın?! Bu reallıq fonunda maraqlarına uyğun olmasa belə, qonşu dövlətlərin heç biri Türkiyənin Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsinə etiraz edə bilməz”.

Azərbaycanla Türkiyə arasında yeni bir hərbi müqavilənin imzalanmasına ehtiyac olduğunu deyən politoloq qeyd edib ki, Azərbaycan da müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər edib, öz ərazisində Türkiyənin hərbi bazasını yerləşdirməlidir. Vaxt itirmək olmaz, onsuz da bir qədər gecikmişik!

Şəymən