İşğalçı Ermənistana təzyiq edilmir

Beynəlxalq təşkilatlar cəbhədəki vəziyyətlə bağlı çoxdan narahat olmalı idi



Son günlər düşmənlə təmas xəttində baş verən gərginliklə bağlı beynəlxalq təşkilatlar və bir sıra xarici dövlətlər narahatlıqlarını ifadə ediblər. Avropada münaqişələrin həll olunmasına həsr

edilmiş BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibi Antonio Quterriş münaqişə tərəflərinə çağırış edib.

Quterriş deyib ki, sülh sazişləri imzalanıb həyata keçirilməyənədək zorakılıq riski qalacaq: "Biz keçən ilin aprelində Dağlıq Qarabağda bunun şahidi olduq”. ABŞ-ın Avrasiyada münaqişələrin nizamlanması üzrə xüsusi nümayəndəsi Keri Kavano da tərəfləri sülhə səsləyib. Kavano bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün Rusiya ilə əməkdaşlığa hazırdır. NATO-nun baş katibi Yens Stoltenberq də Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb: "Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”. Təəssüflər olsun ki, beynəlxalq qurumlar cəbhədəki gərginliklə bağlı narahatlıq bildirib, mənasız çağırışlar etməkdən o tərəfə keçə bilmirlər. Həqiqət göz önündə olsa da, işğalçı ölkənin təcavüzkar siyasətinə qarşı əməli təzyiq göstərilmir. Görəsən, beynəlxalq qurumların çağırışları nə zamansa təzyiqlərə çevriləcəkmi? 


Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, əgər beynəlxalq təşkilatlar cəbhədəki gərginlikdən dolayı səmimi narahatlıq keçirirlərsə, onda münaqişənin həlli prosesinə daha əvvəldən müdaxilə etməli idilər: 

"Təəssüflər olsun ki, ötən illər ərzində nə ATƏT-in Minsk Qrupu həmsədrləri, nə də digər beynəlxalq nüfuzlu təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayıblar. Nəticədə azğınlaşmış işğalçı Ermənistan arxasındakı güclərin təhriki ilə Azərbaycanı təxribata çəkməyə cəhd ediblər. Çünki son illər Azərbaycan xüsusi inkişaf yoluna qədəm qoyub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Qərb dövlətləri ilə əməkdaşlığımız güclənməkdədir. Azərbaycan dünyəvi nəqliyyat dəhlizinin əsas tərəflərindən birinə çevrilib. Bütün bu uğurlara müstəqilliyini itirmiş Ermənistan qısqanclıqla yanaşır və hər fürsətdə çirkin təxribatlarını həyata keçirməyə çalışır. Dağlıq Qarabağ münaqişəsi də düşmənin əlində alətə çevrilib. Ermənistan daxilində baş verən siyasi şoular isə ona hesablanıb ki, heç kim işğalçı dövlətə təzyiq edərək rəsmi İrəvanı sülhə məcbur etməsin”.

İsmayıl