Qəbul imtahanını ildə üç dəfə keçirmək pul yığmaqdır

Bu işi sınaq imtahanlarının səviyyəsinə endirmək xoşagəlməz hallara gətirib çıxaracaq



Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bu ildən abituriyentlərə özlərinin seçdiyi ixtisas qrupuna uyğun olaraq, qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradıldığını deyib. Şura sədri həmçinin gələcəkdə qəbul imtahanlarının il ərzində bir neçə dəfə keçiriləcəyini də qeyd edib: "Ola bilsin ki, gələcəkdə qəbul imtahanlarında iştirakın sayını artıraq. Həmçinin, gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq”.

Qəbul imtahanlarının ildə iki dəfə keçirilməsinin lehinə olduğunu vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, hər hansı bir abituriyent xəstəlik üzündən və ya müəyyən səbəblərdən imtahana gəlməyə, qəbul imtahanına yaxşı hazırlaşmaya bilər: 

"Üstündən bir neçə ay keçəndən sonra o, hazırlaşıb daha yaxşı nəticə əldə edə bilər, bu mümkündür. Bu baxımdan qəbul imtahanlarının ildə bir dəfə yox, onlara iki dəfə şans verilməsini təqdirəlayiq hesab edirəm. Yəni, növbəti imtahanın noyabr və ya oktyabr aylarında keçirilməsi məqbuldur”.

Ekspertin sözlərinə görə, qəbul imtahanlarının sayı ikini keçdiyi halda isə bu artıq xoşagəlməz nəticələrə yol açacaq: 

"Vaxtilə ali məktəblərə qəbul imtahanı dövlətin hesabına aparılırdı və ona görə də artıq xərclərə yol verilmirdi. Amma indi durum dəyişib. Artıq maliyyə dövlətin yox, vətəndaşların üzərindədir. Dövlət İmtahan Mərkəzi artıq hüquqi şəxsdir və imtahanları abituriyentlərin öz hesabına aparacaq. Mənə elə gəlir ki, qəbul imtahanlarını ildə 3 dəfə keçirməyin maliyyə toplamaqdan başqa izahı yoxdur. Hüquqi şəxs statusu alan DİM əlinə düşən bu şansdan istifadə edib, pul qazanmaq istəyir. Bəs onda qəbul imtahanları ilə sınaq imtahanlarının fərqi nə oldu?! Hesab edirəm ki, qəbul imtahanlarını sınaq imtahanlarının səviyyəsinə endirmək təhsil sahəsində xoşagəlməz hallara gətirib çıxara bilər”.

Şəymən