Sakinlər “Azəriqaz”ı anlamalıdır

Qaz kəmərlərinin yoxlanılması təxirəsalınmaz addımdır



Son illər "Azəriqaz” müntəzəm olaraq "təmir-quraşdırma, profilaktika, xətlərin birləşdirilməsi, mövsümi hazırlıq” kimi standart bəhanələrlə qazın verilməsini məhdudlaşdırır. Ən yaxşı halda isə qışda mavi yanacağa tələbatın artması, yayda qışa hazırlıq bəhanələri ilə qazın təzyiqi azaldılır.

Aidiyyəti qurumun "Sabah bir neçə rayonda qaz olmayacaq” sərlövhəli xəbərləri isə axır vaxtlar paytaxt sakinlərinin səbr kasasını doldurub. Sosial şəbəkələr vasitəsilə "Azəriqaz”ın apardığı profilaktik tədbirlərə etiraz edən sakinlər müvafiq şəxsləri bu qazkəsmə "xəstəliyi”nə son

verməyə çağırıb. Bir qrup şəxs isə öz rəyində qazın verilməsinə tez-tez məhdudiyyətlərin qoyulmasını ölkədə olan mövcud qaz itkiləri ilə əlaqələndirib.

Bəs "Azəriqaz”ın hər gün eyni bəhanələrlə qazın verilişinə məhdudiyyətlər qoymasının səbəbi nədir? Doğrudanmı hər gün yenilənmə işləri aparılır?

Qaz kəmərlərinin uzunluğunun 1000 kilometrlərlə ölçüldüyünü vurğulayan "Azəriqaz”ın sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Şərq”ə açıqlamasında qaz təchizatı sisteminin yüksək təhlükə mənbəyi olduğu üçün mütəmadi yoxlanılmalıdır:

"Qaz kəmərləri isə təzyiq dərəcələrinə görə biri-birindən fərqlənirlər. Bu kəmərlər də vaxtı ilə metal borulardan çəkilib. Azərbaycan torpaqları isə aqressiv quruntlardan ibarət qələvi və turş torpaqlardır. Xüsusən də Aran bölgəsinin torpaqları qaz kəmərlərinin korroziyaya uğramasına səbəb olur. Şəhərdəki qaz kəmərləri isə müxtəlif kommunikasiyaların əhatəsində olduğu üçün aktiv korroziyaya məruz qalır. Bu mənada sistemdə daim yoxlamalar, profilaktik işlərin aparılmasına ehtiyac var. Elə kəmərlər var ki, gündə iki-üç dəfə, bəziləri həftədə bir dəfə yoxlamadan keçirilməlidir. Əks halda, partlayışlar baş alıb gedər”.

Zaman-zaman qaz verilişində məhdudiyyət yaradılmasının sakinlər arasında qıcıq doğurmasının xoşagəlməz hal olduğunu vurğulayan ekspert deyib ki, qaz sızmasının qarşısını almaq məqsədilə kəmərlərin zədələnib-zədələnmədiyini yoxlamaq təxirəsalınmaz addımdır: 

"Bakı şəhəri qazlaşdırmanın pioneri sayılır. Məndə olan rəsmi sənədə görə, 30-cu illərdən Bakıda qazlaşdırma başlayıb. Ömrünü 2-3 dəfədən artıq başa vuran bu kəmərlərin dəyişdirilməsi də mümkün deyil. Çünki bu kəmərlər elektrik naqilləri, telefon xətti, su və kanalizasiya boruları ilə paralel çəkilib. Bu xətlərin dəyişdirilməsi mümkün deyil. Ona görə də qazın verilişinə məhdudiyyətlər qoymaqla kəmərlərə və digər avadanlıqlara baxış keçirilir”.

Bakı şəhərində hər gün bir neçə binanın istifadəyə verildiyini vurğulayan N.Qasımovun sözlərinə görə, həmin binaları qazlaşdırmaq üçün də mövcud xətlər biri-birinə qoşulmalıdır: 

"Bunun üçün də mütləq əhaliyə verilən qazın verilişinə müəyyən məhdudiyyət verilməlidir. Yeni binaların qazla təchiz olunması isə yaya-qışa baxmır. Haqlı olaraq, yeni binaya köçən sakinlər də qazla təmin olunmaq istəyirlər. Bakı şəhərinin əhalisi sürətlə artır və az qala paytaxtımız yüz faiz qazlaşdırmaya yaxınlaşıb. Sakinlər müvafiq qurumları başa düşməli və profilaktik tədbirlərin görülməsi üçün onlara şərait yaratmalıdır. Yüksək təhlükə mənbəyi olan qaz eyni zamanda strateji obyekt olaraq daimi nəzarət tələb edir. Əks halda, bədbəxt hadisələr qarşısıalınmaz hal ala bilər”.

Şəymən