Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması....
Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqələrdən biri də fiziki, mənəvi və cinsi zorakılığa məruz qalan xanımlarımızdır. Əlbəttə, bu vəziyyət yalnız Azərbaycanda deyil, az qala dünyanın əksər ölkəsində qeydə alınır. Şübhəsiz ki, ölkəmizdə belə hallarla üzləşən insanları dövlət öz himayəsinə alaraq hüquqi, mənəvi və maddi dəstək göstərir. Qeyri - Hökumət Təşkilatları sırasında da bu işlə məşğul olan qurumlar az deyil. Həmin təşkilatlar içərisində ən çox fərqlənən hüquq müdafiəçisi Mehriban xanım Zeynalovanın rəhbərliyi altında fəaliyyət göstərən "Təmiz Dünya " Qadınlara Yardım İctimai Birliyidir. Məlumdur ki, bu birliyə məxsus sığınacaqda zorakılığa məruz qalmış onlarla xanım öz övladları ilə birgə məskunlaşır. Və zaman-zaman onlara hüquqi dəstək göstərilir. Bu dəstəkdən sonra isə mümkün qədər işlə təmin olunurlar. Bununla da sığınacağı tərk edərək müstəqil həyata atılıb, sərbəst şəkildə özlərini və övladlarını dolandırırlar. Açığı deyim ki, xeyli müddət idi ki, bu sığınacağa baş çəkib, orada məskunlaşan xanımların acınacaqlı həyatı ilə bağlı reportaj hazırlamağı düşünürdüm.
Və beləliklə M.Zeynalova ilə əlaqə saxlayıb, sığınacaqdan reportaj hazırlamaq istəyimi bildirdim. Təşkilat sədri isə heç tərəddüd etmədən razılıq verdi. Ötən həftə sonu həmin sığınacağa yollandım. Etiraf edim ki, yolboyu oranın nimdaş, his-paslı və nəm qoxusu verən otaqlardan ibarət olduğunu zənn edirdim. Amma mənzil başına çatdıqda gördüklərim məni sözün yaxşı mənasında heyrətləndirdi. Müasir üslubda inşa olunmuş ikimərtəbəli villa... Onu həmin küçədəki gözəgəlimli evlərdən fərqləndirən isə içindəki ağrılı talelərdir. Qapını döyürəm. Birliyin sosial işçisi Yaqut Məmmədyarova qapını açır və məni içəri dəvət edir. O, birinci mərtəbənin işçilər üçün xidməti otaqlardan ibarət olduğunu, zorakılığa məruz qalanların isə məhz ikinci mərtəbədə məskunlaşdığını deyir. Yuxarı qalxmazdan öncə pilləkənin başında bir-iki kadr çəkib içəri daxil olduq. Dəhlizdə dayanıb, bir az müşahidə apardım. Kimi əlində süpürgə otaqları təmizləyir, kimi ağlayan uşağını sakitləşdirir, kimi mətbəxdə nahar hazırlayır, kimi isə körpəsini yedizdirirdi.
Hamısı da ailədaxili zorakılığa məruz qalanlardır
Elə dəhlizdəcə Y.Məmmədyarova ilə sığınacaqdakı xanımların sayı və üzləşdikləri arzuolunmaz hallarla bağlı danışdıq. O qeyd etdi ki, sığınacaqda 20 xanım var və onlar burada öz körpələri ilə yerləşiblər:
"Analar var ki, bir uşağı var, ana da var ki, 2 uşağı ilə məskunlaşıb. Onların bütün hüquqi və psixoloji problemlərinə köməklik göstəririk, məsələlərinin həllinə, uşaqlarının sağlamlığına diqqət ayırırıq. Hamısı da ailədaxili zorakılığa, məişət zorakılığına məruz qalanlardır”.
Sığınacağın 3 böyük yataq, bir karantin otağı, bir böyük zal, dəhliz, geniş mətbəx və kommunal otaqlardan ibarət olduğunu söyləyən müsahibimiz deyir ki, həmin otaqlarda xanımlar öz körpələri ilə yerləşdirilib:
"Burada 34 nəfəri rahat yerləşdirə bilirik. Onların qidalanması isə əsasən təşkilat tərəfindən təşkil olunur. Mehriban xanım köməklik göstərir (Bu arada otaqdan bir körpə ağlaya-ağlaya dəhlizə çıxır və dərhal anası gəlib onu içəri aparır). Çalışırıq ki, yeməklərin hazırlanmasında xanımların özlərinin əməyi olsun. Onlar biri-birinə köməkli şəkildə yemək hazırlayırlar. Belə olanda həm də onlar bura öz evləri kimi yanaşırlar”.
"Getməyə yerim yox idi”
Yaqut xanımla söhbətimizi yekunlaşdırıb, dəhlizin solunda yerləşən dincəlmə otağına, yəni sığınacaq sakinlərinin boş vaxtlarında oturub, söhbətləşdikləri otağa daxil oluruq. Otağa girən kimi kamera ilə çəkiliş apardığımızı görüb, kadra düşməsinlər deyə ağır cinayət törətmiş cinayətkarlar kimi bəzisi başındakı örpəklə, bəzisi isə əli ilə üzünü tutur. Dəfələrlə xahiş etsəm də, üzlərini açmadılar və kadra üzləri bağlı şəkildə düşdülər.
Divanın lap uc tərəfində əyləşən xanıma yaxınlaşıram. Ad-soyadını soruşub, "sizi bura gətirən səbəblər nə olub” sualını verib, diktofonu uzadanda, öncə danışmaq istəmədiyini bildirdi. Amma sonradan fikrini dəyişdi. Deyəsən sual bir az təsirləndirmişdi və həm də danışılası çox sözü vardı. Sanki indiyə qədər dərdini kiməsə açıb danışa bilmirmiş və ya həmsöhbət olduğu insanlar onun sözünə məhəl qoymurmuş. Elə bizə də ümidsiz danışdı. Adının Əliyeva Röya olduğunu deyən xanım, əslən Quba rayonundandır. Bir qız övladı ilə 6 aydan çoxdur ki, bu sığınacaqda məskunlaşıb. Ailə qurmazdan öncə Qubada yaşayıb. Ailə qurandan sonra Bakıya köçüb. 4 il müddətində keçmiş həyat yoldaşı ilə Bakıda yaşayıb. Ərindən ona xəyanət etdiyi üçün ayrılıb: "Yoldaşım gedib, başqası ilə yaşayırdı. Mənim də getməyə yerim yox idi. Ona görə, bura gəldim. Valideynlərim deyirlər ki, övladını da götür, gəl Qubada qal. Getmirəm. Rayonda iş də yoxdur. İndi burada mənə hüquqi dəstək göstərilir. Məhkəmə işləri düzələnə qədər buradayam. Uşağın atası aliment vermir. Məhkəmə yolu ilə aliment alınacaq. Ondan sonra, sağ olsun, Mehriban xanımın köməkliyi ilə iş tapdıqdan sonra buradan çıxacam”.
"Varlı adamlar yemək gətirir"
"Bəs qidalanma məsələsi necə təmin olunur” sualına gəlincə, Ə.Röya bildirib ki, bəzən varlı adamlar yemək gətirir, çox vaxt da Mehriban xanım öz gücləri hesabına ərzaq alıb verirlər: "Uşağın yeməyi və geyiminə də köməklik edirlər. Hətta uşaq xəstələnəndə buradan həkimə göndərirlər. Resept yazılır, özləri (təşkilatı nəzərdə tutur) bu reseptləri sosial şəbəkələrdə paylaşırlar. İmkanı çatanlar da həmin dərmanları alıb, göndərirlər.
"Nə qədər döyülmək olar axı?”
Ə.Röya ilə söhbətimizi yekunlaşdırıb, başımı qaldıranda gözüm otağın küncündə oturub, təxminən 5-6 aylıq körpəni də dizlərinin üstünə uzadaraq onunla oynayan, başı örpəkli bir xanıma sataşdı. O qədər arıq, bəstə boy və çəlimsiz idi ki, açığı, onun ana olmasına inanmadım. Düşündüm ki, yəqin kiçik bacısını saxlayır.
- Bu uşaq bacınızdırmı? - deyə soruşuram.
- Xeyr, qızımdır.
Əslən Bakıdan olan bu xanımın adı Firuzə Məmmədovadır. Uzun müddətdir namaz qılır. Bir qız anasıdır. 4 aydır ki, sığınacaqda qalır. Firuzə Röyadan fərqli olaraq fiziki zorakılığa məruz qalıb. Həyat yoldaşı narkoman imiş. Hər gün onu döyürmüş:
"Keçmiş yoldaşım məni hər gün döyürdü. Evdən oğurluq edirdi. Yalnız öz evimizdən deyil, anasıgildən də oğurluq edirdi. Anasının da çantasından pul oğurlamışdı. Bir dəfə məni döyəndə anası qabağına keçdi. Onda anasını da vurdu. Dostlarının yanına gedirdi, narkotik maddə qəbul edirdi. Uşağa da baxmırdı. Artıq bezdim döyülməkdən. Baxdım ki, onunla yaşamağın mənası yoxdur. Ona görə də ayrıldım”.
"Ayrıldıqdan sonra niyə valideynlərinizin yanına getmədiniz” sualımın cavabı isə daha dözülməz oldu: "Atamla yaşayırdım. Anamla da atam ayrılıblar. Hazırda da atamın evi yoxdur. Gedəcəyim bir yer olmadığı üçün bura gəldim”.
"7 aylıq körpə ilə işləmək imkanım yoxdur”
F.Məmmədova deyir ki, işləmək istəyir, amma 7 aylıq uşaqla bunu etmək çox çətindir:
"Ona görə də, gedib, haradasa işləmək imkanı yoxdur. Amma hələlik burada baxırlar. Bağça kimi yer olsa, həm gedib uşağımı saxlayardım, həm də çalışardım”.
Bu zaman uşaq yuxudan ayılır və baxışları ilə "uşağım ayıldı, imkan verin onunla məşğul olum” mesajını verir. Bu baxışlardan anlayıb "Allah balanızı saxlasın” deyib, növbəti müsahibimizi axtarırıq.
"İki azyaşlı körpəmlə məni çölə atdılar”
Onun yanındakı növbəti bir hicablı xanımı da sorğu-suala tutmaq istəsək də, qəti şəkildə danışmayacağını deyib, gözləri doldu. Hönkürtüsünü içində boğub saxladı və gözünü uşağınadikib, başını yelləyərək etiraz etdi. Və təbii ki, biz də üstünə getmədən heç nə olmamış kimi davranıb, baxışları ilə bizə " Gəlin, mən danışaram” eyhamını verən başqa bir xanıma üz tutduq. Uşağının üst-başını səhmana saldıqdan sonra, onunla da söhbətə başladıq. Adının Qurbanova Jalə olduğunu deyən xanım boşanmasını keçmiş həyat yoldaşının narkoman olması ilə izah etdi. 2 qız anası olan bu xanım bildirdi ki, yoldaşı hazırda axtarışdadır. Boşandığına görə heç kim ona yaxın durmur. 5 il ailəli olub, 15-gündür ki, ayrılıb:
"Hələ ki nə mən, nə də övladları yadına düşür. Heç atası da onu evinə buraxmır. Məhkəmə prosesi gedir, amma inanmıram ki, ondan mənə aliment verən olsun (Bu arada kiçik qızı ağlayıb, çay istəyir və o da, digər xanımdan çay düzəldib gətirməsini xahiş edir). Onu bütün xəstəxanalara apardıq ki, bəlkə müalicə alandan sonra bu yoldan çəkilər, amma çəkilmədi. Əksinə, getdikcə daha da artırdı. Valideynlərim də dedilər ki, bizim səni qəbul etmək imkanımız yoxdur. Get başına çarə tap. İki azyaşlı körpəmlə valideynlərim də məni çölə atdı”.
Dindar ərindən çoxarvadlılığa görə ayrılıb
Bu xanımdan sonra başını aşağı əyib, gözlərini yerə dikən başqa bir hicablı xanımdan danışmaq istəyib-istəmədiyini soruşuruq. Öncə kövrələrək danışmaq istəmədiyini deyir. Amma sonradan razılaşır. Sumqayıt sakini olan bu xanımın adı Elnarə Vəliyevadır. 19 yaşında ailə quran bu xanım 12 il ailəli olub. Bu qadın da 5 aydır ki, ayrılıb. 3 oğul sahibidir. Övladının 2-si atasındadır, biri isə sığınacaqda onunla qalır. 4 aydır ki, sığınacaqda yaşayırlar. O da fiziki və mənəvi zorakılığa məruz qalıb. Ərinin də dindar olduğunu deyən xanım ondan çoxarvadlılığa və onu söyüb, təhqir etdiyinə görə ayrılıb:
"Sənədlərim orada qalmışdı. Mehriban xanım sənədləri ondan aldı. Sonra kəbini pozdurmaq istəmirdi, onu pozdurduq. Uşağıma burada ad günü keçirildi, sünnət olundu. O biri uşqlarımı da alacam ondan. İşimiz məhkəmədədir. Apreldə məhkəmə olacaq. Mən də məişət zorakılığı üstündə ayrıldım. Uşaqların ehtiyacını ödəmirdi. Bir də çoxarvadlılıq idi. Dindarlarda belə olur da. O biri həyat yoldaşlarını da qəbul etmişdim. Həmin qızların da evə gətirilməsini istədim və hətta gedib onları da evə gətirdim. Amma özü bizi yola vermirdi. İşləmirdi. Əvvəlcə imkanlı idi, sonra müflisləşdi. Evdə söz-söhbət yarandı. Və başladı mənə əl qaldırdı, təhqir etdi. Mən də evi tərk etdim. Kifayət adlı vəkil var, onunla feysbukda tanış oldum. Onun sayəsində bacımla Sumqayıtdan qaçıb bura gəldim. Valideynlərimin ikisi də rəhmətə gedib. Bacılarım və qardaşım var. Onlar da ailəlidir, narahat etmək istəmirəm. Adam qohum evində nə qədər qala bilər ki? Qoy, bacımgildə də 15 gün qalım. Allahın köməkliyi ilə bir iş tapıb, buradan da kirayə evə çıxacam və uşağımı böyüdəcəm”.
E.Vəliyeva qeyd edib ki, keçmiş əri onun rəhmətə getmiş ata və anasını söyüb:
"12 ildir ailəliyəm və bu illər ərzində mənə çölə-bayıra çıxmağa imkan verməyib. Məni özü ilə aparıb, özü ilə gətirirdi. Cəmiyyətdən uzaqlaşdırmışdı. Nə oxumuşam, nə də işləmişəm. Naşükürlük etmirəm, bu günümə də şükür. Pal-paltardı, yeməkdi, geyimdi, hamısını Mehriban xanım təmin edir. Allah hamısının köməyi olsun”.
"Məni hamilə edib, küçəyə atdı”
Masallı rayon sakini 21 yaşlı Xəlilova Gülşən isə deyir ki, yoldaşı onu altı aylıq hamilə olan zaman, gecəyarısı bu rayondakı Heydər Əliyev parkına atıb:
"Öz yerlim idi. Biri-birimizi sevirdik. Ailəm məni ona vermirdi. Mən də qoşulub qaçdım. Məni bacısıgilə qaçırtmışdı. Sonra məni hamilə edib, küçəyə atdı. Deyirdi ki, uşağı abort etdir. Mən buna razı olmadım. İndiyə kimi də uşağına və mənə sahib çıxmır. Heç uşağının üzünü də görməyib. İki aydı ki, sığınacaqdayam. 10 ay Binəqədidə bir qadının evində qaldım. Uşağı da onun evində dünyaya gətirdim. Sonradan onun imkanı olmadı. ATV-yə Zaurun verilişinə çıxmaq istəyirdim. Bunun üçün müraciət etdim. Onlar da mənə buranı məsləhət gördülər və bura gəldim. Atam, anam da nə mənə, nə də uşağa sahib çıxırlar. Uşağı istəmirlər. Deyirlər ki, uşağı atasına ver. Atası da istəmir, mən də vermirəm. Atam, anam mənim o oğlana getməyimə etiraz edirdi. Amma mən onları eşitmədim, qoşulub qaçdım. İndi də məni qəbul etmirlər. Nə əmi, nə xala, nə dayı, yəni heç kim məni yaxın buraxmır. Uşağın atası da Masallıdadır. Alimentlə bağlı məhkəməyə müraciət olunub. Amma indi onun alimenti verib-verməməsi bilinmir. Burada da yaxşıyıq, narazılığım yoxdur. Sağ olsunlar. Xüsusi bir bacarığım da yoxdur. Böyük marketdə silib-süpürmək işini bacara bilərəm.

Xanımlarla söhbətləşdikdən sonra onların yataqxanasına da baş çəkdim. Yataq otaqları da kifayət qədər təmiz və səliqəli idi. Çox müasir mebel çarpayılar, yorğan-döşək və istilik sistemi ilə təchiz olunub.

Bundan sonra mətbəxə keçib, naharın hazırlanması prosesi ilə tanış olduq. Bir neçə xanım nahar hazırlayırdılar. Buradan da bir-iki kadr çəkib, sağollaşdıq və sığınacağı tərk etdik.
Ayyət Əhməd
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.