Putin və Ərdoğan Qarabağ məsələsini müzakirə edəcək" - ŞƏRH




"Putin və Ərdoğan Qarabağ məsələsini də müzakirə edəcək"

Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın martın 9-10-da keçiriləcək görüşünü şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, bu çoxdan planlaşdırılan səfər olduğundan artıq hansı məsələlərin müzakirə olunacağını söyləmək olar:

"Ötən ilin payızından bu səfərin baş tutması gözlənilirdi. İlin sonunda Türkiyə baş naziri Binəli Yıldıırımın Moskva səfərindən sonra məlum oldu ki, prezidentin səfəri 2017-ci ilin mart ayında baş tutacaq. Səfərə hazırlıq görülürdü, gündəlikdə həm ikitərəfli həm də beynəlxalq münasibətləri əhatə edən çox məsələlər yer alıb. İkitərəfli münasibətlərə enerji layihələrinin həyata keçirilməsi, "Türk axını" layihəsi başda olmaqla bir çox layihələrin müzakirəsi aiddir. Turizmlə bağlı məsələlər də müzakirəyə çıxarılacaq mövzular sırasındadır. Konkret addımlar atılmasını, razılaşmaların imzalanmasını gözləmək olar.

Prezidentlərin müzakirə edəcəyi beynəlxalq məsələlərə diqqət çəkən İ. Vəlizadə deyib ki, Suriyada gedən proseslər, terror təşkilatları müzakirə mövzusu olacaq:

"Hər iki ölkənin qoşunlarının Suriya proseslərində iştirakı, ümumi məsələlər haqqında ciddi söhbətlər açılacaq. Türkiyənin bir sıra problemləri, o cümlədən terror təşkilatları PYD ilə bağlı məsələləri qaldırılacaq. Türkiyə PYD-nin aktivliyindən narahatdır, amma Rusiya təşkilata dəstəyini ifadə edir. Eyni zamanda Qara dəniz ətrafında baş verən proseslərin də müzakirəsi qaçılmazdır. Ümumilikdə problemli məsələlər müzakirə olunacaq. Amma bunun dominantlıq təşkil edəcəyinə inanmıram. Tərəflər bu problemli məsələlərin qabardılmasından yan keçməyə səy göstərəcəklər".

Cənubi Qafqazda baş verən hadisələrə gəlincə, Türkiyə Dağlıq Qarabağ probleminin müzakirəsini qaldıracaq: 

"Güman edirəm ki, prezident Ərdoğan Qarabağda son günlər yaşanan gərginlik haqqında öz narahatlığını bildirəcək. Çünki bu hadisələrdə günahkar Ermənistandır. Azərbaycanın və Türkiyənin iştirakı ilə keçirilən enerji layihələrinə gəldikdə isə Rusiya qazının TAP və TANAP vasitəsilə Avropaya çıxarılmasına dair fikir mübadiləsi aparılacaq. Lakin son qərar Azərbaycanın iştirakı olmadan qəbul olunmayacaq".

Aysel Aslan