Ailələr niyə çox uşaq istəmir? - İZAH



"Əhalinin çoxuşaqlı ailələrə meylli olmaması sosial vəziyyətdən asılıdır”.

Bunu Sherg.az-a ölkədə uşaqların (0-18 yaş) sayının 2 milyon 800 mindən artıq olmasına münasibət bildirərkən Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov deyib. 

O bildirib ki, uşaqların sayının hazırda əhalinin ümumi sayına uyğun olub-olmadığını demək düzgün olmaz:

"Əhalinin sosial vəziyyəti nə qədər yaxşılaşarsa, o qədər övlad sahibi olmaq istəyi artacaq. Çünki artıq onlar öz uşaqlarını böyütmək imkanında olacaqlar. Həmişə deyirlər ki, Sovet dövründə əhalinin sosial vəziyyəti yaxşı deyildi, amma ailədə övlad sayı çox idi. Nəzərə almaq lazımdır ki, həmin dövrlə indiki vaxt eyni deyil. Sovet dövründə dövlət ailədəki uşaqların təhsil xərclərini, məktəbini, sağlamlığını təmin edirdi. Məktəblərdə sosial vəziyyəti ağır olan valideynlərə kömək göstərilirdi. İndi isə əhalinin sosial vəziyyəti çox ağırlaşıb. Hazırda ailələrdə uşaq sayının 2-3 olması da böyük rəqəmdir. Vurğulamalıyıq ki, başqa ölkələrdə ailədə hətta uşaq sayı birdən artıq olmur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, ölkədə uşaqların (0-18 yaş) sayı 2 milyon 800 mindən artıqdır. O gələcəkdə uşaq əhalisinin sayı 3 milyona yaxınlaşacağını bildirib.

Aysel Aslan