Qarabağ qaziləri şəhidin dəfnində iştirak edib - Şəkidə




Qarabağ müharibəsi iştirakçıları, müharibə veteranları, bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə dünən Şəkiyə səfər ediblər. 

Bu barədə Sherg.az-a-Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib. 

O, qeyd edib ki, səfərdə məqsəd fevralın 25-də şəhid olmuş hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlunun doğulduğu Kiş kəndində keçirilən yas mərasimində iştirak edib, şəhidin ailə üzvləri ilə görüşmək və şəhid məzarını ziyarət etməkdir.

Şəhidi anma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, Silahlı Qüvvələrə Nəzarət İB-nin sədri Emin Həsənli, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İB sədr Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İB sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Şəki rayon icra başçısının müavini, polis rəisi, Şəki şəhər prokuroru və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi iştirak ediblər.

Silahlı Qüvvələrə Nəzarət İB-nin sədri Emin Həsənli çıxış edərək bu gün hərbçilərin və keçmiş döyüşçülərin ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını bildirib.

Bundan sonra Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general leytenant Arzu Rəhimov adından şəhidin atasına başsağlığı verib.

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da çıxış edərək Vətənə olan sevgidən danışıb. "Biz öz vətənimizi sevirik, biz o torpaqlarımızı qaytarmalıyıq və qaytaracağıq da. Çünki o torpaqlar bizim şərəfimiz, namusumuzdur. Aqşin tək bir ailənin övladı deyil, bütün xalqımızın övladıdır. Şəhidə Allahdan rəhmət diləyirik və şəhidin ailəsinə başsağlığı verirəm”.

Məlahət