Cəllad Sarkisyan...

O yaxşı bilir ki, hakimiyyətdən gedən kimi mühakimə olunacaq



"Xocalıya kimi azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Bu düşüncəni dəyişmək lazım idi”. Bunu Ermənistanın hazırkı Prezidenti, Xocalı soyqırımının fəal iştirakçısı Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsi zamanı deyib.

Sarkisyan Xocalıdakı soyqırımın əvvəlcədən düşünülmüş akt olduğunu və soyqırımda Rusiyanın 366-cı motoatıcı alayının iştirakını birbaşa etiraf edib. Müsahibə Sarkisyan müdafiə naziri olarkən alınıb. Təcavüzkar dövlətin rəhbəri bəyan edib ki, ermənilər Xocalıda dinc əhalinin olduğunu biliblər: "Dinc əhali getmək istəmədi və orada qaldı. Əslində bizim müharibəmiz başqalarından fərqlənirdi. Bizim müharibəmiz müəyyən etnik təmizləmə idi. Başqa cür ola da bilməzdi”. 

Müsahibədəki etiraflardan göründüyü kimi əli qanlı Sarkisyan Qarabağ savaşı boyu dinc azərbaycanlılara qarşı həyata keçirilən bütün qətliamlarda, dəhşətli işgəncələrdə birbaşa iştirak edib. Əksər ekspertlərə görə, günahsız qadın və uşaqların qətlində iştirak etmiş bir caninin hələ də cəzalandırılmaması, üstəlik Ermənistana rəhbərlik etməsi yolverilməzdir. Çünki minlərlə cinayət törətmiş bir qatillə sülh prosesinə başlamaq, danışıqlar masasında nəyəsə nail olmaq mümkün deyil. Ona görə də beynəlxalq məhkəmələrə müraciət edərək Sarkisyanın cəzalanması üçün əlimizdən gələni etməliyik. Bu, həm münaqişənin həllinə müsbət təsir göstərər, həm də qanlı rejimin təzyiqlərindən cana yığılan erməni xalqının tamamilə məhv olmasının qarşısını alar. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev "Şərq”ə deyib ki, məhz keçmişi qanlı olduğuna görə, Serj Sarkisyan öz hakimiyyətini uzatmağa çalışır: 

"Ermənistan prezidenti yaxşı bilir ki, hakimiyyətdən getdiyi gün onu mühakimə edəcəklər. Bu baxımdan yeganə məqsədi kreslosunu mümkün qədər qoruyub saxlamaqdır. Hakimiyyətdə qalmağın ən yaxşı yolu isə şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsindən siyasi kart kimi istifadə etməkdir. Hazırda düşmən ölkədə ciddi qütbləşmə müşahidə olunur. Cəllad və cani Sarkisyan nəyin bahasına olursa-olsun Qarabağ klanını rəhbərlikdə saxlamaq istəyir. Çünki Qarabağda dinc sakinlərə qarşı törətdiyi iyrənc əməllərinə, erməni xalqını məhvə apardığına görə cəza almaqdan, mühakimə edilməkdən qorxur. Zaman-zaman Sarkisyan və Ohanyan "sülh” mesajları da verirlər. Şübhəsiz ki, bunlar da hakimiyyəti uzatmaq üçün siyasi gedişlərdir”. Ekspertin fikrincə, Bosniya və Hersoqovina qətliamlarının günahkarları beynəlxalq məhkəmələrdə necə hesab verdilərsə, Sarkisyan və onun cinayətkar dəstəsi də o şəkildə mühakimə olunacaq: "Xocalı soyqırımına görə təqsirli bilinən 18 nəfər cinayətkarın içində Sarkisyan da var. Onun qatil olması isbat olunmuş faktdır. Özü də cinayətkar olduğunu etiraf edib. İnterpol və digər qurumlar bu istiqamətdə müvafiq addımlar atmalıdır. Azərbaycan dövləti əlindən gələni edib. Biz Sarkisyanın cinayətkar olduğunu sübut etmişik”.

İsmayıl