Böyük müharibə başlaya bilərmi?

Akif Nağı xalq hazırdır deyir, Sərdar Cəlaloğlu isə Rusiya faktorundan danışır


Ermənistan son hərəkətləri ilə Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə tərəfdar olmadığını, müharibə yolu seçdiyini bir daha təsdiqləmiş oldu. Bir sıra ekspertlər böyük müharibənin başlayacağı təqdirdə Rusiyanın Ermənistana hərbi dəstək verə biləcəyini vurğulayır. Ancaq rəsmi Bakı hər dəfə bəyan edir ki, o, özünün beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində hərbi əməliyyatlar keçirməyi qarşısına məqsəd qoya bilər və döyüşlərin Ermənistan sərhədləri daxilinə keçməsi istisnadır.

Azərbaycan üçün Qarabağı azad etmək şansının yarandığını deyən millət vəkili Zahid Oruc ölkəmizin hərbi əməliyyatlara başlaması haqda təkliflərə reaksiya verib: 

"Əvvəlcə cəbhə xəttində yaranmış son vəziyyətin dəqiq hərbi-siyasi təyinatını verməyə çalışsaq, deməliyik ki, müharibə şəraiti səngərlərə toplanmış hərbi texnika və sursatın düşmənə qarşı hərəkətə keçirilməsindən daha çox, hədəfi dəqiq və az itkilərlə məhv etmək deməkdir. Son dərəcə yaxın təmas xətti və müasir nəzarət sistemləri şəraitində belə məqsədi həyata keçirmək olduqca çətindir. Qurulan diversiya planları, kəşfiyyat və pusqu əməliyyatları 2-ci Dünya müharibəsindən daha fərqli bir

döyüş şəraitini ortaya qoyur. Burada məsafədən idarə olunan texnologiyalar təsadüfi itkilər qaldırır və hər bir ordu birləşməsindən fərqli yanaşmalar, taktiki davranışlar tələb edir. Son itkilərimiz göstərdi ki, səngərlə müqayisədə cəmiyyətimizin ötən ildən bəri davam edən ruh yüksəkliyini qoruyub saxlamaq hər gün döyüş təhlükəsi qarşısında dayanan qüvvələrimizin mənəvi-psixoloji dayanıqlığından az əhəmiyyət kəsb etmir”.

Z.Oruc qeyd etdi ki, Birinci Qarabağ müharibəsindəki məhrumiyyətlər, məğlubiyyət silsilələri və onu illər ərzində təhtəlşüurumuzun alt qatına yerləşdirməyimiz səbəbindən cəmiyyət səngərdən gələn bir itki xəbərini təkcə ağrı və üzüntü ilə deyil, həm də düşmənin güclülüyü haqda yanlış qənaətlə qarşılamalı deyil: 

"Onsuz da hər gün müharibədir və söhbət daimi atışmalardan getmir. Savaşın gətirdiyi gərginlik həyat tərzimizə, yaşayışımıza təsir edir və o üzdən bir millət olaraq daha yüksək dirəniş, toparlanma gücünə malik olmağı bacarmaq lazımdır. Əslində Qarabağdakı son vəziyyət beynəlxalq şəraitə və danışıqlar prosesinin iflasa uğramasına tamamilə adekvatdır. Sülh limiti tükəndiyindən, vasitəçilər heç bir alternativ təklif edə bilmədiyindən və Azərbaycan hərbi balansı öz xeyrinə dəyişdiyindən ötən ilin aprelindəki uğuru davam etdirməyə çalışır. Düşmən boşluq axtarır və nazik nöqtələrdən zərbə yetirmək üçün fürsət güdür. Qətiyyən buna yol vermək olmaz!”

Ölkəmizin Dağlıq Qarabağ məsələsini hərb yolu ilə həll eləməli olduğunu deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı artıq bunun üçün zəmin yetişdiyini də diqqətə çatdırıb: 

"Torpaqlarımız ancaq hərbi yolla işğaldan azad oluna bilər. Beynəlxalq təşkilatlar bu məsələyə ədalətli yanaşmaq istəmirlər, Minsk Qrupu məsələni uzadır. Mahiyyət etibarı ilə Minsk Qrupu və digər vasitəçilər ermənipərəst mövqe tuturlar. Azərbaycanın güclü ordusu var. Mövcud şərait ona görə yetişib ki, beynəlxalq aləm artıq kifayət qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlanıblar və bilirlər ki, haqq-ədalət kimin tərəfindədir. Digər tərəfdən Azərbaycanın yaxın müttəfiqləri, islam ölkələri içərisində, Türkiyə, İran, Pakistan və digər dövlətlərin də kömək etmək ehtimalları böyükdür. Ona görə də Azərbaycanın ayrı yolu yoxdur. Xocalı soyqırımından artıq 25 il keçib. Minsk Qrupunun 25 ili tamam olur. Azərbaycan məsələni hərbi yolla həll eləmək üçün kifayət qədər güclüdür.

Cəmiyyətimizin cəbhə xəttində baş verən itkiləri normal qarşıladığını deyən təşkilat sədri itkisiz müharibə olmadığını bildirib: "Xalq da hazırdı bu müharibəyə. Əgər cəbhə bölgəsində hansısa lokal qarşıdurmadan şəhid veririksə, bunu cəmiyyət də, şəhidin yaxınları da normal qarşılayır. Xalqımızın da ümumi əhval-ruhiyyəsi var ki, müharibə başlasın”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Dağlıq Qarabağ məsələsinin hərb yolu ilə həllinin qeyri-mümkün olduğunu söyləyib. Buna səbəb isə, Rusiyanın məsələdə neytral deyil, iştirakçı və maraqlı tərəf olmasıdır: 

"Dağlıq Qarabağ məsələsinin aktivləşməsi həmişə müşahidə olunan hadisələrlə, daha çox isə Ermənistandakı daxili vəziyyətlə əlaqələnir. Keçənilki aprel döyüşləri göstərdi ki, Rusiya tərəflərin münaqişəsində hərbi əməliyyatlar və danışıqlara bilavasitə nəzarət edir. Rusiya keçən dəfə də bizim hərbi əməliyyatlarımızı istiqamətləndirdi.

İndi Zahid Oruc bu suala cavab verməlidir ki, biz Rusiyanın razılığı olmadan öz ərazilərimizi işğaldan azad etməyə hazırıqmı? Əsas məsələ budur. Yox əgər hazır deyiliksə və yaxud yenə də Rusiyadan icazə ilə öz ərazilərimizi azad eləməyə cəhd edəcəyiksə, Rusiya buna icazə verməyəcək. Buna görə belə güman edirəm ki, Rusiya bu məsələdə neytrallaşdırılmalıdır”.

Yeganə Bayramova