Daha çox xəstə müalicə edən, daha çox maaş alacaq?

Adil Qeybulla deyib ki, insanların sağlamlığı üzərində yarış keçirmək doğru deyil


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq "Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin, mükafatların hesablanması və ödənilməsi Qaydaları”nı təsdiq edib.

Agentlikdən verilən məlumata görə, fevral ayından etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi. Baza hissəsi üzrə həkimlərin əmək haqları artırılıb.

Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.

Beləliklə, iki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini təhlil edəcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əmək haqqı ödəniləcək, yəni, onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcək. Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət amilinin mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta sisteminə özəl xidmət kimi baxmaq düzgün deyil. Dövlət xəstəxanalarında fiksasiya olunmuş maaş olmalıdır. Eyni zamanda, icbari tibbi sığortadan yararlanan xəstələr həkimlər arasında bərabər bölünməlidir. Həkimlər üçün normativlər təyin etmək və hansı həkim daha çox xəstə müalicə edirsə, ona daha çox maaş veriləcək yanaşması absurddur. Hesab edir ki, bu hal səhiyyə sistemində bir sıra neqativlərə yol açacaq. İnsanların sağlamlığı üzərindən yarış keçirmək olmaz.

İcbari tibbi sığortanın bir sıra dövlətlərdə hazır modeli olduğunu vurğulayan tibb eksperti hesab edir ki, Azərbaycan da bu təcrübədən olduğu kimi faydalanmalıdır: 

"Özlərindən Amerika kəşf eləməsinlər. Türkiyə, Avropa, Amerika kimi ölkələrdə həkimlər növbəli şəkildə xəstələri müalicə edir və iş saatı bitən kimi başqasına təhvil verib gedir. Bütün dünyada sınaqdan keçən sadə modeli qoyub, ayrı-seçkiliyə yol açırlar. Belə çıxır ki, Azərbaycan dövlətinin möhür vurub, həkimlərə təqdim elədiyi diplomlar dərəcəsinə görə biri-birindən fərqlənir. Əvvəlcədən demişdim ki, icbari tibbi sığortanın tətbiqi zamanı mütəxəssislərin rəyi öyrənilməli və kompleks hazırlıq işləri aparılmalıdır. Amma bunlar heç bir mütəxəssis rəyi almadan ağıllarına gələn qaydaları tətbiq edirlər. Məncə, bu sistemə nəzarət Səhiyyə Nazirliyinə verilsə, daha effektiv nəticələr əldə etmək olardı”.

Şəymən