Torpağın yaşıdı
Ağamalı Sadiq Əfəndi 70 yaşını tamamladı
Dədə-babadan belə bir qayda var ki, haranısa bəlləndirmək üçün oranın manşır nəsənəsinin adını çəkir, adına yönəldirlər. Yerin, məkanın ünvanına çevrilən manşırlar dəyərinə, əlamətinə və görüntüsünə görə hamının yadında qalır. "Tək saqqız”ın yanı, "Qoşa dəyirman”ın çökəyi, "Xına daşı”nın böyrü, "Cüryəliy”in aşırımı, "Cin dərəsi”nin boğazı... Elə şəhərdə də, günü bu gün də Beş mərtəbə, Saatın altı...
Ağamalını ananda ağlıma gəldi, düşündüm bu şeyləri. "Haralısan”- deyib soranın birinə, "İncəliyim, dərdiş”,- deyəndə: "Hə, Ağamalının kəndçisi”- deyir. Ya da "Qaymaqlı haradı, hardadı?” sorğusuna, "Ağmalı Sadiq Əfəndinin kəndi” cavabında, "Hə, bildim”- deyəcək kim olur-olsun. Doğrudan da, hər yerin olduğu kimi İncə dərəsinin də atributları var axı. Aşıqların içində Avdının, Calalın, Kərəmin,... şairlərin içində Aslanın, Məmmədin, Akifin... adları ünvanlaşıb. Hələ saz-söz adamlarından haqqın dərgahında olanların İncənin hər kəndinə aid hərəsindən birinin adını çəkdim. İncənin o qədər alimi, iş adamı, idmançısı, ya da sadəcə, bunların hamısından da üstün qapıda-bacada hərlənən, amma dindirəndə hərəsində möhtəşəm bir dünya özgürlənən sadə, zəhmətkeş, Məmməd İlqar demişkən, "kefkası əyri kişilər”ini demirəm hələ!
Bu sırada Ağamalının yeri ayrıcadı. Niyə? Ona görə ki, Ağamalı hər tərəfdən baxanda görünür. O, fərqli yüksəklikdə bərqərar oldu. Şairlər duran yerdən baxırsan, görsənir. Aşıqlar duran yerdən baxırsan, görsənir. İdmançılar duran yerdən baxırsan, görsənir. İş adamları duran yerdən baxırsan, görsənir. Siyasi elita duran yerdən baxırsan, görsənir. Görsənir və həm də yaxşı görsənir.
O, anadangəlmə böyük vətəndaş və çox böyük şair idi!
Bəri başdan aksioma kimi açıqlayım ki, Ağamalıdan sonra gələn bütün incəli şairlər ən azı bir neçə yönümdə ondan bəhrələniblər.
Ağamalının ədəbi dünyası, siyasi fəaliyyəti haqqında yetərincə deyiblər, yazıblar. İndi bəlli şeyləri yenidən təkrarlamaq niyyətim yoxdu. Sadəcə, Ağamalı qeyri-adiliyinin gördüyüm, bildiyim məqamlarından, detallarından yaddaşıma daha çox ilişib qalanların bir qismini xatırlamaq və xatırlatmaq istədim.
Ağamalının heç vaxt standart qaydalarnan, trafaretlərnən arası olmayıb. "Paryadıçnı” adamlar deyirlər ki, filan şey ziyandı, bəhmən şey ayıbdı, məsələn, gecə vaxtı xəngəl yeyilməz. Xamırdı, ziyandı. Gecə vaxtı saz çalmaq, illah da Koroğludan oxumaq heç olmaz. Qonşulardan, öyün arvad-uşağından ayıbdı. Ağamalıgildə isə belə anlayış heç vaxt olmayıb.
Nabat bacıya Allah can sağlığı versin. Savahacan gəlib-gedənlərə elə vərdiş eləmişdi ki. Hətta bir dəfə gecə Xırdalandan bir yığnaqdan gəlib bunlarda çay içdiyimiz yerdə beyqafıl üstünə düşdü ki, a xatın, mən ölüm o ştanqı qaldır bunnar görsünlər. Nabat xanım baxdı ki, bizik- öz qardaşları, Ağamalını sındırmadı, başladı bu daşları çox rahatca qaldırmağa. Akif Səməd dedi, a Mehdi, indi sən qaldır. Mehdi daşın ağırlığını yoxlayıb qayıtdı ki, yox, başın haqqı mənlik deyil.
Mən bu əhvalatı yalnız gülümsəmək üçün xatırlamadım. Bu, o demək idi ki, görün və agah olun - evdə kişinin sözü hər zaman keçməlidi və evdə hamı sağlam, güclü olmalıdı - ailə cəmiyyətin əsas ilməsi olduğuna görə.
Ərk elədiyi, könül verdiyi dostlarla, ellilərlə saatın neçəliyindən asılı olmayaraq xüsusilə ürəyi atdananda, sıxılanda görüşərdi. "Əmməd”,- deyirdi, "a Mahmıd”,- deyirdi,- "xəngəlin suyunu qoyun qaynasın, gəlerik”. Ya da, məsələn, "a Hasan, sazı "Gəraylı”ya köhlə, gəlerik”- deyirdi. Həm də bu əhvalatlar gecənin gırt yarısında olurdu adətən.
Ağamalı əhli-halları və duyğusal gənc dostları başına yığıb oxuyanda qandırırdı, öyrədirdi, bildirirdi ki, saz, ay İncəli balaları, təkcə sizin deyil, Təbrizin-Turanındı, Kərkikin-Kəşmirindi, Anadolunundu. Ərşi-əlanındı!
Çilim-çilim daşlar gələr,
Zülüm-zülüm yaşlar gələr,
Gələn bizi xoşlar gələr,
Gedən bizdən gedər, lələ...
Bir dəfə də Avdı Qoşqargildən yeyib-içib (oğlunun dünyaya gəlişinin bir iliydy, deyəsən) gəlirik. Ağamalının dörd nəfərlik "Jiquli”sinə altı nəfər doluşmuşuq. "Pirə dərəsi”nin zoğal arağından vurmuşuq, ovqatımız əla, fələyə "fişəng atırıq”. Burdan yenə bizi yığıb zorrama evlərinə, çay dəstgahına, məxsusi saz qonaqlığına aparır. Bir də harda var-harda yox, Biləcərinin çıxacağındakı dairədə bir QAİ maşını peyda oldu. "Saxla” işarəsi verdi. Birdən nə düşündüsə dedi: "Ə, sən başın bir qovaş!” Bu gənc yol polisi ilə zarafat eləmək həvəsinə düşdü. Maşını düz bunun üstünə sürdü. Adam gördü ki, yox ey, gəlir. Bu əhvalat hardasa otuz ilin əhvalatıdı. Onda Biləcəri aşırımından "20 yanvar”a qədər iki yolun arası yaşıl, güllü zolağıydı. Bu "qaişnik” o güllüyün ortasına necə süzdüsə hamımız məhəttəl qaldıq. Heç dünya çempionu da elə bir məharət göstərə bilməzdi... Bu, əlbəttə, bir zarafatıydı və həm də o demək idi ki, Ağamalıda qorxu-hürkü deyilən bir şey olmayıb heç vaxt. O zamanlar əli silahlı bir məşhurun üstünə yeriyib tapançanı əlindən almasını indi hamı bilir.
Bir dəfə də bir yay axşamı Lenin muzeyinin (indi Xalça muzeyi) arxası ilə o zaman Səməd Vurğun 1-də yaşayan xaloğlum Müzəffərgildən çıxıb fikirli-fikirli "Azneft”ə tərəf gedirdim. Bir də eşitdim arxadan kimsə (camaatın da tünnük vaxtıdı) "aya, əmoğlu, əylən, sən başın, əylən bir”- çağırır. Səs tanış gəldiyinə dönüb baxdım. Gördüm ki, budu, yanında da Allah hamısına rəhmət eləsin, Şaiq Vəli. Salamsız-kalamsız "ə, sən başın o günü dediyin şeiri de görüm bir”. "Ay qağa, etmə-eləmə. Küçənin ortasında bu basabasda noolub? Gəl bir qırağa çəkilək”- dedim. "Yox ey, bu dəqiqə de”. Dedim:
Yolçu qardaş, yolun tozdu,
Yarı küldü, yarı duzdu.
Göy buludsuz, yer susuzdu-
Ata yazığın gəlmirmi?
...Karvanbaşı naz içində,
Elin baxtı buz içində.
Yorğun karvan toz içində
bata, yazığın gəlmirmi?...
Şeiri bütöv oxudum. Dönüb Şaiqə: "Aya, gördünmü?”- dedi. O da "hə”- dedi. Tələsirdilər, aralandıq. Amma harasını, nəyi gördünmü deyirdi, indi də bilmirəm.
Siyasətlə məşğul olmadığıma görə Ağamalının bu sahədəki fəaliyyətinin təfərrüatlarını bilmirəm. Amma ən azı qəzetçiliyindən bəllənən, istər meydan dövründəki "FV ÇP”-də, istərsə də mətbuat tarixində imzası, yeri olan "Müxalifət”dəki yazıları, ictima-siyasi mövqeyi, komandası göz qabağında idi. Həm də bilirdim ki, əqidə dostları, hərəkat funksionerləri onu çox sevir və hər zaman hesablaşırdılar. O, öz dövründə ədəbi aləm ilə siyasi aləm arasındaki ən möhtəşəm körpülərdən idi.
Bir də onu bilirəm ki, Ağamalı sovetin bərk gedən vaxtlarında sovet sədri olan Əhməd Əfəndinin oğludu və istəsəydi sovet sədri, kolxoz sədri uşaqlarınin əksəriyyətində olduğu kimi dədəsinə güvənib iri kreslolara yiyələnə, sədr, müdir, nazir... ola bilərdi. Olmadı. Ola bilməzdi. İnsanlığı, halallığı, həqiqəti də dağları, daşları, quşları, çəhlimləri, çeşmələri sevdiyi qədər sevirdi. Duruluğa, tarazlığa can atırdı. Və can ata-ata 47 ildən artıq yaşaya bilmədi.
...Dəmirçoğlu indi onun yanındadı. Mənim yanımda olsaydı deyərdim ki, arkadaş, 70 yaşlı Ağamalını necə görürsən, şəklini çəkə bilərsənmi? Heykəlini yapa bilərsənmi? Təqribən bilirəm ki, necə gülümsəyərdi və nə deyərdi...
Özü isə özünün, həyat yolunun, gələcəyinin, enerji çoxluğundan param-parça olmuş, cilik-cilik olmuş yarımçıq ömrünün portretini hələ otuz yaşında çəkmişdi:
Bu qapının ağzını alan çəndən xəbərsiz,
Çiynində gəzdirdiyin baş, bədəndən xəbərsiz.
Əlli nədir, yüz nədir, min il yaşarsan, vallah,
Sən dünyadan xəbərsiz, dünya səndən xəbərsiz.
Mənə elə gəlir ki, Ağamalının son dövr şəkillərinə heç üzünün cizgilərinə toxunmadan uzun ağ saç, uzun ağ saqqal uydurub, sinəsinə də bir qopuz yaraşdırsan Dədə Qorqudun obrazına bənzər bir portret alınar. Yaşı da millətin, türkün, torpağın yaşına bənzər.
Necə ki, elə də var!
Rəfail İncəyurd