“Bu 5 ildə yorulmadıq”
Aynur Camalqızı: “Azərbaycanın sayılıb-seçilən media orqanlarının sırasına daxil olmağı bacarmışıq”
Martın 1-də Azərbaycan mediasında özünəməxsus yer tutan "Teleqraf.com” saytının və "Publika.az” portalının 5 yaşı tamam olub. 2012-ci il martın 1-də təsis edilən hər iki internet media ötən müddət ərzində ölkənin ən populyar xəbər ünvanına çevrilib.
Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan "Teleqraf.com” və "Publika.az” ailəsi öz mövqeyini möhkəmləndirərək öncüllər sırasına qoşulub. Peşəkar kollektivin uğurlu fəaliyyəti, xəbərə yanaşma, respublikamızda və dünyada baş verən proseslərin dərin analizi, xəbərlərin operativ, dəqiq çatdırılması, biri-birindən maraqlı, rəngarəng yazılar az vaxt ərzində onlara böyük oxucu auditoriyası qazandırıb.
Bu saytlar nəinki çoxsaylı elektron mətbu orqanların mövcud olduğu media məkanındakı rəqabətə tab gətirdi, hətta birincilər sırasında yer alaraq özünəməxsus dəst-xətti ilə fəaliyyət dairəsini, mövzu rəngarəngliyini genişləndirib. Publika.az və Teleqraf.com-un bir sıra mövzuları ictimailəşdirməsi cəmiyyəti düşündürən, narahat edən məsələlərin qısa müddətdə həllini tapmasına rəvac verib. Yarandığı vaxtdan ötən 5 il özünəməxsus oxucu auditoriyası olan Publika.az və teleqraf. com formalaşması, inkişafı və sürətli tərəqqisi dövrü kimi yadda qalıb.
"Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı ötən 5 il ərzində oxuculara göstərdikləri xidmətlə bağlı bunları deyib:
"Jurnalistikaya, xəbər mühitinə, informasiya texnologiyalarına az-çox bələd olanlar bilir ki, bu sahədə gərginlik çox olur. Amma bütün bunlara baxmayaraq, həyatımızın mənasına çevrildiyi üçün işimizi sevirik. Sevinirəm ki, ürəyimcə olan və bacardığım işlə məşğulam. Jurnalistika çox maraqlı sahədir. Yanılmıramsa, belə bir ifadə var: "Dünyada ən maraqlı üç peşə sahəsi var - şou-biznes, siyasət və jurnalistika”.
Nə yaxşı ki, biz də ən maraqlı sahələrdən biri ilə məşğuluq. Düşünürəm ki, bu 5 ildə kifayət qədər uğur qazanmışıq. Öz auditoriyamızı formalaşdıra bilmişik. İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır. Buna illərdi vərdiş ediblər. Bu, hər kollektivə nəsib olmayan çox böyük uğurdur. 5 il öncə Azərbaycanın xəbər məkanına hansı vədlərlə gəlmişdiksə, hamısını doğrulda bilmişik. Azərbaycanın sayılıb-seçilən media orqanlarının sırasına daxil olmağı bacarmışıq. Bilirsiniz ki, mediada uğur qazanmaq üçün təkcə maliyyə kifayət etmir. Bunun üçün həm də çox böyük əzm, iradə, dözüm tələb olunur. Sadaladığım xüsusiyyətlər bizdə var. Buna görə də Publika.az kollektivi bir çox media orqanlarının 15-20 ilə getdiyi yolu az müddətə qət edə bildi”.
Aynur xanım kollektivdə çalışan insanlar, onların şəxsi problemləri, gündəlik qayğıları, məişət çətinliklərinin gördükləri işlərlə bərabər, çiyinlərində olduğunu deyib:
"Təbii ki, bunun məsuliyyətini hiss edirəm. Düşünürəm ki, menecerlik, rəhbərlik məsələsində qadın-kişi söhbətini aparmaq həm düzgündür, həm də yox. Düzgün tərəfini izah edim: qadınlar menecerliyi daha yaxşı bacarırlar. Çünki kişilərə nisbətən məişət problemlərini, çətinlikləri daha dərindən bilirlər. Kollektivimdə çalışan işçilərdən hansısa problemilə bağlı mənə müraciət edəndə, elə bilirəm ki, mənim çətinliyimdi. Çünki o problemin niyə yarandığını və nə qədər dərin olduğunu, insanı necə narahat etdiyini çox yaxşı bilirəm. Təbii ki, işin bu tərəfi çətindir. Amma şükürlər olsun ki, bu 5 ildə yorulmadıq və yaranan bütün problemləri zamanla çözməyi bacardıq”.
Dünyada və ölkədə yaşanan maddi problemlər fonunda maliyyə gəlirlərinin nəzərəçarpacaq dərəcədə azaldığını deyən A.Camalqızı deyib ki, bu problem bütün sahələr kimi, mediaya da ciddi təsir edib:
"Hər birimiz bunu öz həyatımızda, məişətimizdə dərindən hiss edirik. Ancaq bir məsələyə görə çox sevinirəm. Həmkarlarım, mənimlə birgə çalışan jurnalistlər, dostlarım fədakardırlar. Gəlirlərimizin aşağı düşməsinə baxmayaraq, hər biri fədakarcasına çalışır və birincilik uğrunda mübarizələrindən vaz keçmirlər. Buna görə də onların hər birinə təşəkkür edirəm. Həmçinin, hər bir çətinliyin yaxşı sonluqla bitəcəyinə hər zaman inanmışam. İndi də bu çətinliklərin, problemlərin müvəqqəti olduğunu düşünürəm. İnanıram ki, bunun da öhdəsindən tezliklə gələcəyik”.
"Teleqraf”ın bir holdinq kimi qeydiyyatdan keçməməsinə rəğmən Azərbaycanın xəbər məkanının onları holdinq kimi qəbul etdiyinin onlar üçün bir uğur olduğunu vurğulayan Aynur xanım 5 il əvvəl belə olacağını təsəvvür belə etməyib, amma öz sözlərini deyəcəklərinə həmişə inanırmış:
"Bilirsiniz ki, biz "Gündəlik Teleqraf” qəzeti, Publika.az saytı və Teleqraf.com-la fəaliyyətə başladıq. Qısa müddətdə özümüzü təsdiq edəndən sonra media qrupumuza daxil olan saytların sayı artdı: Axar.az, İzvestiya.az, Tabloid.az, sonradan Kult.az adlanan 1937.az yarandı. Lakin müəyyən məsələlərə görə bu layihələrimizdən bir neçəsinin fəaliyyətini saxladıq və hazırda onlar digər saytlarımızın daxilində səhifə kimi fəaliyyət göstərir. Düşünürəm ki, biz bu saytlarla daha güclü ola bilərdik. Amma bu da müvəqqətidir. İnanıram ki, bir müddət sonra biz onların da ayrıca fəaliyyətini bərpa edəcəyik”.
Baş redaktor 5 il sonra daha güclü "Teleqraf” görəcəyinə isə artıq əmindir:
"Bizim işimiz təkcə informasiya deyil, həm də dövlət maraqları, xüsusən Qarabağ problemi, Xocalı soyqırımı kimi mövzuların dünyaya çatdırılması kimi mühüm məsələlərdədir. Ona görə də xarici dilli media bizə hava, su qədər lazımdır. Məhz bu xarici dilli media vasitəsi ilə beynəlxalq aləmə öz səsimizi çatdırmalıyıq. Məsələn, bizim Axar.az saytımız bir neçə xarici dildə fəaliyyət göstərir. Hətta İranda, İraqda, Suriyada və s. yaşayan soydaşlarımız üçün Axar.az-ın əski əlifbada yayımlanan versiyası da var və xüsusi vurğulayım ki, bu, Azərbaycan mediasında ilk təcrübədir. Amma təəssüf ki, biz xarici dildə media sahəsində mütəxəssis qıtlığı hiss edirik. Yəni jurnalistikanı bilənlər əksər hallarda xarici dili bilmirlər və ya xarici dili bilənlər jurnalistika sahəsindən məlumatsızdırlar. Düşünürəm ki, jurnalistika sahəsində çalışan peşəkar, təcrübəli şəxslər öz güclərini birləşdirməlidir. Hətta BDU-da jurnalistika fakültəsində dərslərin xarici dildə keçirilməsi məsələsi fikri üzərində də işləmək olar”.
Dünyanın informasiya ilə idarə olunduğunu son 5 ildə bir daha və daha açıq konstekstdə müşahidə etdiyini vurğulayan "Teleqraf Holdinq”in rəhbəri bunu da informasiya mühitində baxış bucağının dəyişməsi ilə şərtləndirib:
"Son illər informasiya dilinin ana dilini üstələməsinin şahidi oluruq və bu bizi çox narahat edir. Millətin varlığı onun dilidir, əslində, informasiyanın dili də çox böyük önəm kəsb edir. Burda bir az təhtəlşüuri proses də var: çünki ana dili özündə milli varlığı, vətənpərvərliyi, dövlətçiliyi, milli şüuru daşıyır. Təəssüf ki, jurnalistlərimizin bu məsələdə laqeydliyi getdikcə artır. Xəbərin "texniki dildə”, redaktəsiz-korrektəsiz çatdırılması onun təsir enerjisini də yoxa çıxarır. Mən inanıram ki, oxucunun xəbər saytını yadda saxlamamasının bir səbəbi də budur...”
Ötən bu illər ərzində müəyyən qədər yeniliklər etməyə, bəzi yeknəsəkliklərdən qaçmağa çalışdıqlarını deyən Aynur xanım Publika.az xəbər portalının Azərbaycanda tamamilə yeni bir layihə olduğunu deyib:
"Yəni Publika.az özünəqədərki Azərbaycan media məkanına bir portal obrazını gətirdi. Bu portalda təkcə xəbər yox, hər bir insanı maraqlandıran yazılara rast gəlmək olur. Biz həmçinin Azərbaycanın xəbər məkanına fasiləsiz xəbər sistemini, xəbər bolluğunu gətirdik. Bizə qədər 1-2 xəbər agentliyini çıxmaq şərti ilə heç bir saytda fasiləsiz xəbər təcrübəsi yox idi. Bundan başqa, Axar.az saytı vasitəsi ilə Azərbaycan mediasına lakonik xəbərləmə üslubunu gətirdik. Bilirsiniz ki, oxucu həddindən artıq səbirsiz, hövsələsizdir. Onun uzun-uzadı yazıları oxumağa hövsələsi çatmır. İndiki halda biz 30-40 min işarəlik yazı ilə oxucunu yükləyə bilmərik.
Digər tərəfdən, hansısa hadisənin mahiyyətini anlamaq üçün xəbər çevrəsinin, əhatə dairəsinin sərhədlərini genişləndirməyə çalışdıq. Dünyadakı prosesləri izləmək oxucuya dövlətin atdığı addımların mahiyyətini anlamağa imkan verməlidir. Biz hazırkı dünya mənzərəsini informasiya kimi oxucuya ötürməliyik ki, oxucu, məsələn, Türkiyədə prezidentlik institutuna keçid istəyinin və yaxud Azərbaycanda prezidentlik institutunun gücləndirilməsinin dövlətçilik və xalq üçün necə gərəkli olduğunun fərqinə varsın”.
Kollektivlərinin peşəkarlığından son dərəcə razı qalan baş redaktor bölgələrdə, eləcə də xarici ölkələrdə müxbir postlarının olmasını istəyir:
"Düzdür, bəzi rayonlarda əməkdaşlıq etdiyimiz jurnalistlər var, amma bunu daha da genişləndirə bilərik. Bu da təbii ki, maddi imkanlarla, maliyyə ilə bağlıdır.
"Teleqraf Holdinq”in TV layihəsi də gündəmdədir, bütün texniki avadanlıqlarımızı hazır etmişik. Hətta nəzərdə tutduğumuz çox peşəkar kollektivimiz də var, amma müəyyən problemlərə görə bu layihə ləngiyir. Buna baxmayaraq, inanıram ki, tezliklə bu layihəni reallaşdıra biləcəyik.
Şəymən
P.S. "Şərq” qəzetinin kollektivi Teleqraf.com və Publika.az-ın yaradıcı, texniki heyətinə uğurlar arzulayır...
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb