Bu gün tanınmış yazar Kənan Hacının doğum günüdür. 42 yaşını tamamlayan yazar, səhhətinin qaydasında olmadığını, digər yandan isə işsizliyin onu təngə gətirdiyini deyir. Ad günü təəsüratlarını Sherg.az-la bölüşən Kənan Hacı müsahibəsində bir sıra mətləblərə də toxunub.
-İlin-günün bu vaxtı işsiz-gücsüz qalmış adam ad gününü necə "qeyd" edərsə, mən də elə "qeyd” edirəm. Sosial şəbəkədə dostların təbriklərinə cavab yazıram. Sağ olsunlar, təbrik etməyənlər də sağ olsun.
- Statusunuzu gördüm, sanki dostlardan, qələm yoldaşlarından inciklik var... Bu incikliyin səbəbi nədədir? Sizinlə maraqlanmamalarında yoxsa...
- Heç kimdən incikliyim yoxdur, inanın. Mənim çox yaxşı dostlarım var. Ağır xəstə olduğum dövrdə mənim yanımda olan, mənə dəstək olan dostlar çox oldu. Hamısına sonsuz minnətdarlıq borcum var. Sadəcə, son iki ay mənim üçün çox məşəqqətli keçdi. İşsizlik, çoxlu problemlər altında əzildim və hələ də bu vəziyyət davam edir. Sanki hamı sözü bir yerə qoyub ki, Kənan Hacıya iş verməyin.
- Müraciət etmisizmi işlə bağlı? Sosial şəbəkədə yox, saytlara-qəzetlərə müraciət etmisinizmi? İşə götürməməklə bağlı hansı əsaslar gətirilib?
- Dostlara müraciət etmişəm. Hələ ki, heç bir təklif yoxdur. Qonorarla da necə yaşamaq olar? Mənim axı hər gün yazı yazmaq imkanım da yoxdur. Səhhətim yol buna vermir. Məcburiyyət qarşısında nəsə yazıram. Mən tanınmış bir imzayam. Prestijli media orqanlarında çalışmışam. İndi axı yaşımın o vaxtı da deyil ki, qonorarla gün keçirim. Danışırsan, deyirlər giley-güzar edir. Bu, giley-güzar deyil. Real vəziyyət budur. Bir vətəndaş olaraq neyləməliyəm mən?
- Bizə açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas sizinlə danışacağını, sizə işləməkdə kömək edəcəyini bildirmişdi... Əlaqə saxladımı?
- Aqil müəllim sağ olsun! Qəzetinə yazı yazmaq üçün şərait yaradıb. Çox sağ olsun! Amma Aqil müəllim özü də bilir ki, mən müalicə prosesindəyəm və indiki durumda müalicə ilə məşğul olmaq sadəcə, mümkün deyil. Müəyyən dietik prosedur qaydalar var ki, onlara mütləq və mütləq əməl olunmalıdır. Mən bu imkanlardan məhrumam, gedib mütəmadi müayinələrdən keçə bilmirəm. Lazım olan qida məhsullarını almaq imkanım xaricindədir. Üstəlik, 22 ilin yazarı olaraq zirzəmidə yaşayıram və bu şərait mənim səhhətimə, əsəblərimə çox mənfi təsir göstərir. Evlə bağlı da cənab Prezidentə, hörmətli Əflatun müəllimə (Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov - red) müraciət etmişəm. Əflatun müəllim sağ olsun, köməklik göstərəcəyini dedi. Amma əsas olaraq onu deyim ki, hazırda işsizlik mənim müalicə almağımı mümkünsüz edib.
- Səhhətinizin yaxşı olmadığı məlumdur. İstanbulda müayinə olunduz. Növbəti dəfə gedəcəksizmi?
- Dəyərli aktrisamız Məlahət xanım Abbasovanın məsləhəti ilə orda müayinədən keçdim. Sadəcə, müayinədən keçmişəm. Heç bir müalicədən söhbət gedə bilməz.
Orda müalicəm üçün külli miqdarda vəsait tələb olunduğunu dedilər. Təxminən 30-35 min dollar civarında. Məni "Çapa” Xəstəxanasının qara ciyər uzmanı Kadır Demir müayinə etdi. Çox məşhur bir adamdır, hepatoloqdur. Dedi ki, müalicə olmasa, serroz qaçılmazdır. Mən də əlacsız Bakıya qayıtdım. Çünki o qədər fantastik məbləğə imkanım çatmazdı. Sonra yazıçı dostumuz Alpay Azər xalq yazıçısı Elçinə açıq məktub yazdı. Elçin müəllim sağ olsun, köməklik göstərdi.
Səhiyyə Nazirliyi mənimlə maraqlandı və müəyyən dərmanlar verildi. Bu dərmanların qəbulu isə çox riskli və ciddi dietik prosedur tələb edir. 1 aydan bir müayinədən keçmək və daimi həkim nəzarətində olmaq tələb olunur.
İşsizlik, stress, maddi imkansızlıq bunu mümkünsüz edir. Mən işləmək məcburiyyətindəyəm.
Turan