Vətən savaşı aparanlara informasiya dəstəyi
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
"Cəbhədə döyüşlər başlayıb...” Ötən həftənin sonu əhalinin dilindən eşidilən ən çox bu sözlər idi. "3 nöqtə” ona görə qoyduq ki, bu cümlənin ardınca deyilənləri təkrar etmək fikrimiz yoxdur. Sadə bir səbəbdən; təsdiqini tapmayan xəbərlər idi, ona görə. Çətinliyi yaradan da məhz bu idi - təsdiqlənmiş, həqiqəti əks etdirən xəbərlərin olmaması. Əhalini də elə bu narahat edirdi. Kimlərsə başqa hansısa mənbələrdən xəbər əldə etməyə çalışırdı. Hamı xəbər axtarışına çıxmışdı. Qeyri-təbii sayılmaz da. Düşmənlə üz-üzə dayanmış Azərbaycan insanının cəbhədən xəbər almaq istəyi doğaldan da doğaldı. Hər gün, hər saat Qarabağla nəfəs almırıqmı? Ordumuzun qalibiyyət xəbərindən ötrü qulağımız səsdə deyilmi? Belə vəziyyətdə kiməsə informasiya axtarışını qadağan etmək də absurddur.
Elə bir zamanda yaşayırıq ki, biz axtarmasaq da, informasiya özü gəlib bizi tapır. 21-ci əsrdə - internet, sosial media əsrində informasiya axınının qarşısını almaq mümkünsüzdür. Bizi istəyən də məlumat yayır, istəməyən də. Hansına inanmalıyıq, əgər məlumat bizə məxsus mənbələrdən gəlmirsə?
Belə vəziyyətdə "mass-media fövqəladə hallarda necə davranmalıdır” sualı yenə də aktuallığını saxlayır. Necə etməliyik ki, "İnformasiya təhlükəsizliyi” və "Dövlət sirri haqqında” Qanunların tələbləri pozulmasın, eyni zamanda cəmiyyət də informasiya ilə təmin edilsin?
"Əsas istiqamət düşməni ifşa etməkdir”
"APA Holdinq” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı da bu fikirdədir ki, həssas məqamlarda yalnız rəsmi mənbələrə istinad edilməli, rəsmi məlumatların verilməsini gözləmək lazımdır. Nə qədər çətin olsa da:
- Belə məqamlarda ölkənin rəsmi strukturu - Müdafiə Nazirliyinin məlumatlarına əsaslanmaq lazımdır. Biz bu cür işləyirik. Xüsusilə mövzu Dağlıq Qarabağ münaqişəsidirsə. Çünki Dağlıq Qarabağ münaqişəsi təkcə hərbi münaqişə deyil. Burada çox ciddi, özündə milli və dövlət təhlükəsizliyi məsələsi daşıyan siyasi tərəf də var. Azərbaycan KİV-i belə vacib şərtləri nəzərə alaraq yalnız hərbi mənbədən - yəni Müdafiə Nazirliyindən əldə edilən məlumatları verməlidir. Eyni zamanda dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara hesablanmış siyasi analizlərlə çıxış etməlidir. Məlumdur ki, cəbhədəki son durum Ermənistan tərəfinin növbəti təxribatı idi. Azərbaycan mediası məhz bunu qabartmalı, məsələnin məhz bu tərəfini işıqlandırmalıdır ki, niyə məhz indi bu təxribatlara əl atıldı. Burada hansı geo-siyasi, strateji maraqlar nəzərdə tutula bilər.
Biz bununla düşmənin məkrli niyyətinin üzərindən pərdəni götürməliyik. Dünyaya Ermənistanın necə bir oyun oynadığını bir daha nümayiş etdirməliyik.
Belə fikirlər də var ki, cəbhədən xəbərlər gecikirsə, KİV də operativliyini itirir. Bu fikirlə qismən razılaşmaq olar. Bilirsiz, vəziyyət ona görə mürəkkəb hesab edilir ki, biz mövcud şəraiti bilmirik. Kimlərsə tərəfindən yayılan informasiyaları "dəqiq informasiya” adı altında verə bilmərik, çünki bu məlumatlar düşmən tərəfindən bilərəkdən ötürülmüş ola bilər. Və gördük ki, bu düşüncəmizdə və ilkin məlumatlara istinad etməməkdə haqlıymışıq. Azərbaycan müharibə şəraitində, məkrli bir düşmənlə, nankor qonşu ilə üz-üzə dayanmış ölkədir. Və biz də müharibə şəraitində yaşayan ölkənin mediasıyıq. Anlayıram, xəbər gözləyənləri də çox yaxşı başa düşürəm. Səbr etmək, gözləmək çətindir. Amma səbr etməliyik, dözməliyik və Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarını gözləməliyik. Müdafiə Nazirliyi daha çevik, daha operativ necə işləyə bilər, artıq bu, başqa mövzudur. Və hesab edirəm ki, bu məsələ müzakirə predmeti olmalıdır. Bəzən "məlumat azadlığı, plüralizm” deyib təsdiqlənməmiş, şayiə tipli məlumatları yaymaqda həvəsli olanlar da tapılır. Söz, fikir sərbəstliyi demokratik mətbuatın ayrılmaz atributudur. Amma "mən belə düşünürəm” deyib də düşündüyünü həmən qələmə alıb tirajlamaq bir tərəfdən demokratiyanı zəiflətməkdir. Çünki azadlığın da hədləri var. "Azadlıq”, "sərbəstlik” deyib kiminsə düzgün informasiya əldə etmək hüququnu pozmaq qətiyyən yolverilməzdir. Həmçinin, hər bir media təmsilçisi, jurnalist "İnformasiya təhlükəsizliyi haqqında” qanunun tələblərinə əməl etməlidir. Çünki hər şeydən öncə Vətənin, Azərbaycanın maraqlarıdır.
Mətbuat Şurası çağırış etdi
Gözlənildiyi kimi Azərbaycan Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə çağırış etdi. MŞ-nin sədri bu müraciətlə həm də medianın fövqəladə hallarda davranış konturlarını bir daha diqqətə çəkdi:
"Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.
Pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar. Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin "aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik”.
MŞ sədri medianı yalnız Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına istinad etməyə çağırdı.
"Həssaslıq peşəkarlıq göstəricisidir”
Şura sədri düşmən tərəfinin yaydığı təxribatçı video-görüntülərin paylaşılmasını peşə etikasına zidd hesab edir: "Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz şəhid oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı”.
Ə.Amaşov qeyd edir ki, məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır: "Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.
Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hissləri keçirdiklərini
təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hisslərə toxunmaq, inamsızlıq aşılamaq "məqsədi” güdürdülər”.
Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyillərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir. Həssaslıq da peşəkarlığın göstəricisidir. Özünü peşəkar sayan media qurumları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad etməli və əldə edilmiş məlumatları da bu qurumla dəqiqləşdirməlidir.
"Müdafiə Nazirliyi bizi yataqdan qaldırmalıydı”
Bu fikirlərin müəllifi isə "Azvision.az” xəbər saytının baş redaktoru Vüsal Məmmədovdur. V.Məmmədov Müdafiə Nazirliyinin öz informasiya siyasətinə yenidən baxmasını tövsiyə edir:
- Azərbaycan KİV-i bu dəfə də korrekt davrandı. Xəbər saytları şayiələrə yer ayırmadı, yabançı medianın yaydığı informasiyalara etibar etmədi və bununla da yalan informasiyaların leqallaşmasına imkan vermədi. Biz üzərimizə düşəni etdik. Əslində, lazım olanı etdik. Bəs Müdafiə Nazirliyi? Mən açıq demək istəyirəm ki, Müdafiə Nazirliyinin informasiya siyasəti zəifdir. Mətbuat xidməti tamam ayrı məsələdir. Mətbuat xidmətinin vəzifəsi də fərqlidir. Müdafiə Nazirliyininsə ayrıca bir informasiya siyasəti şöbəsi olmalıdır. Bu şöbə informasiya siyasətini müəyyənləşdirməli, operativ, dolğun, düzgün, etibarlı məlumatların yayılmasını təmin etməlidir. Müdafiə nazirinin informasiya siyasəti üzrə müşaviri olmalıdır. Cəbhədən operativ məlumatların alınması və ötürülməsi işini təşkil etməlidir. Şəxsən mən arzusundaydım ki, nazirlik biz jurnalistləri - sayt rəhbərlərini, qəzet rəhbərlərini gecə yatağından qaldıraydı; durun, xəbər var, yayın, deyəydilər. Gecə saat 3-də, 4-də bizi işə cəlb edib, məlumatların xarici dillərə tərcümə edilib yayılması təmin edilməliydi. Azərbaycandakı xarici ölkə səfirliklərinin hərbi atteşeləri nazirliyə çağırılaydı və onlara Ermənistanın növbəti təxribatçı hərəkətləri barədə məlumat çatdırılaydı. Azərbaycan dünyaya bildirməliydi ki, Ermənistan atəşkəs rejimini pozub, təxribata əl atıb və bizim şəhidimiz var. İnformasiya siyasətini birinci məlumat yayan udur. Bu, dəyişməz qanundur. Birinci, ilk yayılan xəbərdən sonra nə desən, artıq xəbər yox, əvvəlki xəbərin təkzibi sayılır.
V.Məmmədov bildirdi ki, yaşadığımız əsrin şərtlərini unutmamalıyıq: "Operativlik, çeviklik, qarşı tərəfi qabaqlamaq. Məlumatı hamıdan tez yaymaq. İnformasiya yayımına sahibləndiyini göstərmək. Yaşadığımız dövrün tələbləri bunlardır. İndiki zamanda hansısa informasiyanı gizlətmək mümkün deyil. Məlumat hardansa sızacaq. Niyə biz məlumatı kimdənsə, başqa birisindən almalıyıq? Bu məlumatları bizə Müdafiə Nazirliyi verməlidir və biz də yalnız ona istinad etməliyik. Bunu qəbul etməliyik ki, informasiya qıtlığının zərəri olduğu kimi xeyri də var - bu mənada ki, məlumat yoxluğu şəraitində cəmiyyətə ilk nə versən, onu qəbul edəcək. Çalışıb bu məlumatı və xüsusən də, Azərbaycanın maraqlarına xidmət edəcək məlumatları biz yaymalıyıq. Hamıdan əvvəl”.
Əsas odur ki, informasiya savaşını uduzmayaq. Azərbaycan əsgəri Vətəni qoruyur. Biz media mənsublarının vəzifəsi isə arxa cəbhədə yalanı ifşa etməklə əsgər ailələrinə dayaq durmaqdır. Azərbaycan əsgəri arxayın olmalıdır ki, evində sakitlikdir, nigaran qalanı yoxdur. Qoy əsgər anaları da rahat olsun. Onların rahatlığı da bizim yaydığımız məlumatlardan çox asılıdır.
Məlahət Rzayeva
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur