"Kef elə, nə qədər ki varsan”. Bu misra ilə demək olar bir gecədə məşhurlaşan mərhum reper Hüseyn Dərya bir çoxlarının yaddaşında bu gün də yaşayır. Azərbaycanda onun qədər auditoriyası geniş olan reper demək olar ki, olmayıb. Yaradıcılığının ilkin mərhələsini Hüseyn Dəryanın parlaq dönəmi kimi də dəyərləndirmək olar. Stadionlarda verdiyi konsert proqramlarında minlərlə izləyicini bir araya toplamağı bacarmışdı. Hərçənd həyat onu da amansız oyunlarının qurbanı edə bildi.
Yaradıcılığının parlaq dönəmində narkomaniyaya qurşanan Hüseyn Dərya qısa zamanda sənətində çökə bildi. Efirlərdən uzaq düşən, efirlərə qapısı bağlanan reperin üzünə daha sonra həbsxana qapısı açıldı. Həyat onu bu qapıda çox sınağa çəkdi. Elə Hüseyn Dərya da çoxlarını məhbus olanda sınağa çəkdi. Onun sınağından bir-iki dostu, bir də həyat yoldaşı Sona üzüağ çıxdı. Məhbusluq həyatı bitdikdən qısa zaman sonra tanınmış reper avtomobil qəzasında dünyasını dəyişdi. Geriyə isə ondan bir çoxlarının yaddaşında xoş xatirələr, Hüseyn Dəryanın özünəməxsus səs tembri, məşhur repləri, klipləri qaldı. Bəs görəsən, ölümündən sonra Hüseyn Dəryanın oğlu Cahangir, həyat yoldaşı Sonanın həyatında nələr yaşandı? Dəryasız ömür yolunda ana-bala bir arada nələr yaşadılar?
Hüseynin həyat yoldaşı Sona Muradova Hüseyn Dəryadan sonrakı həyatından "Şərq”ə danışdı: "Əslində zaman keçdikcə, daha çox onun yoxluğu məni ağrıdır. Çox zaman deyirlər ki, zaman dərdə əlac olur. Mənə elə gəlir ki, zamanla daha çox təkliyin acısına ağrıyıram. Kənardan baxanlar üçün bəlkə də asan görünür. Amma atasız oğul böyütmək indiki zamanda çox çətin imiş.
Cahangirin Hüseynə o qədər ehtiyacı olur ki. Bəzən bu hisslərini mənimlə bölüşür, atası ilə bağlı xatirələrini yada salır. Uşaqdı da, görürəm ki, kövrəlir. Onun ata itirən yaşı deyildi axı. Bir də Hüseyn əslində pis insan deyildi. Qəlbi kövrək idi. Mənə çətinliklər də yaşadıb. Amma sevgisi də olub. Xoş anlar da qoyub gedib. Cahangirin də atası kimi istedadı var. Məktəb tədbirlərində çıxış edir, görürəm ki, üzdə olmağı xoşlayır. Əslində Hüseynin onunla bağlı arzuları var idi. Heyif ki, onları görə bilmədi. Cahangir uşaq vaxtı həmişə atasına deyirdi ki, polis olmaq istəyirəm. Ona oyuncaq tapança da hədiyyə alanda deyirdi, ata, polis olacam. Hüseyn oğlunu polis görmək istəyirdi. Cahangir oxuyan uşaqdı. Bilmirəm hansı sahədə olacaq, ancaq onu bilirəm ki, incəsənətə marağı böyükdü. Arada yazır, oxuyur. Dado ilə dueti də pis alınmamışdı. Nə deyim ki? Oğlum atasını itirəndə bir qolu qırıldı. Mən çalışıram ki, atasızlığı hiss etməsin. Amma hərdən bacarmıram”.
Sona xanım Hüseyndən sonra onu axtaranlardan da danışdı:
"Əslində Hüseynin bir neçə əsl dostu bu gün də bizimlə maraqlanır, bizi axtarırlar. Kənan M.M, Sayqa bu gün də bizi axtaran dostlardı. Düzdü, heç kim maddi kömək etməyib.
Mən özüm işləyib balamı saxlayıram. Əsas odu axtarırlar, yaddan çıxarmırlar. Bu önəmlidi. Mən özüm toy təşkilatçılığı ilə məşğul oluram, şükür, birtəhər dolanırıq. Bircə Cahangiri ayaq üstə qaldırıb, ona təhsil verə bilsəm, bəlkə onda özümü rahat hiss edə bilərəm. Bəzən susuram, qəbri üstə gedəndə onunla dərdləşirəm. Amma hamıya insan dərdini danışa bilmir. Kimsəyə tək qalmaq asan görünməsin. Mən çox gənc ikən qadın kimi həyatımla vidalaşdım. Bu gün isə məni ancaq Cahangir yaşadır. Allah hamının balasını saxlasın, mənim balam da onların içində. Bir də yeri gəlmişkən onu qeyd edim ki,
Hüseynin çəkilmiş, amma tam hazır olmayan klipini tapmışıq. İnşallah, qismət olsa, prodüser Sayqa xanımla bu klipi yeni aranjimanda, tam montaj edib efirlərə təqdim etməyi düşünürük. Martın 15-də onun dünyasını dəyişən gündü. O gün klipin efirlərdə olmasını çox istərdim. Əgər qismət olsa, çatdıra bilsək, inşallah, martın 15-də Hüseyn Dəryanın yeni klipi ekranlarda olacaq”.
Tahirə