"...Onları ələ keçirmək mümkün olmayıb" - Açıqlama



"Azərbaycanın müəyyən ərazilərində terror aktı törədənlər hüquq mühafizə orqanları tərəfindən saxlanılıb, cəzaları verilib”.

Bunu Sherg.az-a ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlının həlak olması faktından danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

O bildirib ki, buna baxmayaraq terrorçuların çoxu ilə bağlı məlumatlar ya məlum deyil, ya ölkə ərazisində yaşamırlar, ya da onları ələ keçirmək mümkün olmayıb:

"Ona görə, cəza tədbiri görülməsi mümkün olmayıb. Hesab edirəm ki, bu istiqamətdə işlər gücləndirilməlidir. Bu terraktlar "İnterpol” xətti ilə araşdırılıb, cinayət işi yürüdülməlidir. Ən azından məlum olanlarla bağlı təcili tədbirlər görülə bilər”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı Azərbaycanın anti-terror koalisiyasına qoşulduğunu deyib. O bildirib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.

Aysel Aslan