"İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirdiyi təqdirdə ona qarşı hüquqi ölçülər götürüləcək”.
Bunu Sherg.az-a saytlarda bəzi informasiyaların yayılmasına məhdudiyyətlər qoyulmasını şərh edərkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bu məhdudiyyətlərə qarşı mütləq şəkildə inzibati cəzalar tətbiq olunmaya da bilər:
"Yayılması qanunlarla məhdudlaşdırılan bəzi informasiyalar var. Bu istər Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunla, istər qanunvericiliklə təsbit olunan digər qanunlarda qadağan olunur. Məsələn, şəxsi həyatın toxunulmazlığı, dövlət sirri, hərbi sirr, kommersiya sirri haqqında, uşaqlarla bağlı informasiyalara və s. kimi mövzularda məlumatlar olur ki, onların yayılmasına məhdudiyyətlər qoyulur. Bu qadağalar təkcə lokal qanunlarla deyil, hətta bir sıra beynəlxalq konvensiyalarda qadağan olunur. Amma indiyə qədər insanlarda belə təsəvvürlər var idi ki, bu məhdudiyyətlər ancaq ənənəvi mediaya aiddir.
Qəzetlər, jurnallar, televiziya, radio kimi ənənəvi informasiya vasitələri məhdudiyyətlərə əməl edirdi. Lakin internet də Kütləvi İnformasiya Vasitəsi sayıldığından məhdudiyyətlər onlarda yayılan informasiyalara da aiddir. Qanunvericilikdə də internet resursları KİV kimi təqdim olunub. Bu səbəbdən digər media vasitələrinə aid məhdudiyyətlər internet üzərində də tətbiq olunmalıdır. Bunu insanlar məntiqlə başa düşməli idilər. Amma görünür ki, bu məhdudiyyətlərə önəm vermirlər. Elə düşünürlər ki, internet mediada nə istəsən yerləşdirmək, yaymaq olar”.
M. Ələsgərli hesab edir ki, bu məhdudiyyətlər informasiya təhlükəsizliyi üçün zəruri və ciddi məsələdir. O bildirib ki, saytların bu məhdudiyyətlərə biganəliyi artdığından qaydaların birbaşa internet resurslarına qarşı da tətbiq olunması qərara alındı:
"Bununla göstərildi ki, informasiya təhlükəsizliyini təmin edən məhdudiyyətlər həm də internet üzərindən yayılanlara aiddir. Çünki yenə qeyd edirəm, ənənəvi KİV-lər məhdudiyyətlərə əməl etdiyi təqdirdə internet portalları bunlara biganə yanaşırdı. Bu problemlərin aradan qaldırılmasına dəyişikliklər kömək olacaq. Artıq internet istifadəçiləri biləcək ki, həmin məhdudiyyətlərə əməl etmək lazımdır.
Bu qaydaları pozanlara cəzaların tətbiq olunmasına gəldikdə isə konkret inzibati cəzalardan söhbət getmir. Əslində hansısa KİV haqqında qaydanı pozduğuna dair məlumat verilirsə, bu elə həmin KİV-in özü üçün ən mühüm cəzadır. İnternet portallarının adına xoşagəlməz ifadələrin səsləndirilməsi onlar üçün elə ən böyük cəzadır. Amma çox təəssüf ki, KİV-lər bəzən bunlara da məhəl qoymurlar”.
Qeyd edək ki, parlamentin iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər müzakirə edilib. Layihəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
Aysel Aslan