720 manatlıq alçanın qiymətinə etiraz: "Bu qədər də olmamalıdır"




"Bazar iqtisadiyyatı hökm sürdüyünə görə mövsümi məhsulların qiyməti də tələb təklif üzərində qurulur”.

Bunu Sherg.az-a Bakının supermarketlərinin birində alçanın 1 kiloqramının 720 manata satılmasına münasibət bildirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 

O bildirib ki, mövsümi məhsulların satışı zamanı bu cür qiymət artımı əslində normaldır:

"İnsanların bu qiymətə satılan alçanı almağa imkanı varmı və ya orta əmək haqqı buna uyğundur yoxsa deyil, bu başqa məsələdir. Belə hallar başqa ölkələrdə də var. Türkiyədə televiziyaların birində yayımlanan xəbərdə də qardaş ölkədə belə vəziyyətin olması işıqlandırıldı. Belə ki, bir neçə kiloqram meyvənin dəyərində bir alçanın qiyməti göstərilirdi. Ona görə, bu qiymətlərə bazar iqtisadiyyatı baxımından normal yanaşıram, amma bu qədər də olmamalıdır. Alçanı almağa məcbur olan hamilə, və yaxud xəstə yaxını olan insanlar var. Mövsümdən asılı olaraq bir neçə həftə belə malların qiymətləri diqqət çəkir. Amma insanlara bunu almağı tövsiyə etmirəm və bilirəm ki, bu qiymətə satılan alçanı almağa da hər kəsin imkanı yoxdur. Hesab edirəm ki, ilin bütün fəsillərində meyvələrin əlçatan olması üçün saxlanma şəraitləri, soyuducu anbarları işləməsi vacibdir. Bu mənada həmin qiymət stabilləşə bilər. Yeri gəlmişkən həmin malların satışından gələn vergi gəlirləri vətəndaşlar üçün daha vacib olmalıdır”.

Qeyd edək ki, Bakının supermarketlərinin birində 1 kiloqramı 720 manata satılan alça sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Əslində, alça daha az çəkili qablara yığılaraq satılır.

Aysel Aslan