Cənub Hərbi Dairəsində həyəcan siqnalı verilib

Ekspertlər hesab edir ki, Rusiyanın hərbi hissələrini ayağa qaldırması təsadüfi yoxlama ola bilməz
Gərgin anlar yaşana və Rusiyaya qarşı aksiyalar başlaya bilər. Ola bilsin ki, rəsmi Moskva bu təhlükəni önləmək üçün 102-ci hərbi bazanı ayağa qaldırıb
Rusiya ordusunun Cənub hərbi dairəsinin komandanlığı ölkənin cənub perimetri boyu yerləşdirilmiş qoşunların qəfil döyüş hazırlığı yoxlamasını elan edib. Məlumata görə, qəfil döyüş hazırlığı yoxlamasına 1500 vahid texnika və 6 mindən çox hərbçi cəlb edilib.
Məlumatda qeyd edilib ki, Cənub Hərbi Dairəsinin komandanlığı Krasnodar və Stavrapol diyarlarında, Həştərxanda və Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz və Adıgey muxtar respublikalarında, habelə Ermənistan və Abxaziyadakı Rusiya hərbi bazalarında dislokasiya olunmuş bir sıra birləşmələrin və hərbi hissələrin qəfil döyüş yoxlamasını elan edib.
Məlumata əsasən qəfil döyüş yoxlamasının başlıca məqsədi bölmələrin təyinat üzrə döyüş vəzifələrini yerinə yetirməyə nə dərəcədə hazır olduğunu yoxlamaq, habelə döyüş hazırlığını yüksəltməkdir.
Manevrlərin praktiki mərhələlərinə 6 mindən çox hərbçi və 1500 vahid hərbi texnika, o cümlədən xüsusi təyinatlı texnika cəlb olunub. 20-dən çox qərargah və digər hərbi idarəetmə orqanları qoşunların idarə olunmasını həyata keçirəcək.
Artıq həyəcan siqnalı ilə qaldırılmış bölmələr yüksək döyüş hazırlığı vəziyyətində təyin olunmuş rayonlara göndəriliblər. Bura indiyədək hərbçilərə tanış olmayan poliqonlar da daxildir. Orada bölmələr hərbi texnikanı maskalayaraq gizlədəcək, onlara döyüş mövqeyi seçəcək. Hərbi dairənin poliqonlarında döyüş atışları həyata keçiriləcək, habelə döyüş və xüsusi təyinatlı texnikadan istifadə təlimləri olacaq.

Ermənistandakı 102-ci hərbi bazanın əvvəllər Zaqafqaziya hərbi dairəsindən idarə olunduğunu vurğulayan ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu gün isə bu baza birbaşa Rostovdakı Cənub Hərbi Dairəsinə tabedir, bütün idarəçilik oradan həyata keçirilir.
Ekspertin sözlərinə görə, ilin-günün bu vaxtında Rusiyanın Cənub Hərbi Dairəsindəki bütün hərbi hissələri həyəcan siqnalı ilə ayağa qaldırılması təsadüfi bir yoxlama ola bilməz. Düzdür, bu hadisə bizim üçün təhlükə mənbəyi deyil, amma bununla belə Rusiyanın hansısa bir məqsədinin olması da istisna deyil: "Keçirilən hərbi təlimləri çox nadir hallarda hansısa proseslərlə əlaqələndirmək olar. İstisna etmək olmaz ki, bəzi dövlətlər bu cür hərbi təlimləri və ya qəfil yoxlamaları müəyyən dövlətlərə güc nümayiş etdirmək üçün də keçirdirlər. Bu baxımdan Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasını qəfil həyəcan siqnalı ilə ayağa qaldırmasını son günlər cəbhə xəttində baş verən olaylarla bağlı Azərbaycana əzələ nümayişi kimi qiymətləndirmək düzgün deyil”.

Ermənistan Prezidenti Sarkisyanın gözlənilən Moskva səfərinə toxunan Ü.Cəfərov Sarkisyanın bu dəfə də Putinlə görüşdə dəsmal çıxardıb ağlayacağını ehtimal edir: 

"Ermənistanda vəziyyətdən nəzarətdən çıxıb, fors-major hadisələr yaşanacağı təqdirdə Gümrüdəki baza hərəkətə keçəcək. Əgər Sarkisyan aprelin 2-də keçiriləcək parlament seçkilərində arzuladığı nəticəni əldə edə bilməsə, gərgin anlar yaşana və Rusiyaya qarşı aksiyalar başlaya bilər. Ola bilsin ki, rəsmi Moskva bu təhlükəni önləmək üçün 102-ci hərbi bazanı ayağa qaldırıb.

Amma dəqiq deyə bilərəm ki, bu qəfil siqnalların Dağlıq Qarabağdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Rusiyanın Ermənistanla birgə qoşun birləşməsi artıq formalaşıb. Əgər Ermənistanın və ya Rusiyanın maraqlarına zidd bir hal müşahidə olunarsa, o zaman bu qoşun birləşməsi hərbi əməliyyatlara müdaxilə edə bilər. Rusiyanın Cənub Hərbi Dairəsindəki bütün hərbi hissələri 102-ci baza Türkiyə və Gürcüstan tərəfindən gələ biləcək hər hansı təhlükəni önləmək üçün həyəcan siqnalı ilə ayağa qaldırılıb”. Gürcüstanla Rusiya arasındakı gərginliyin hələ də davam etdiyini vurğulayan hərbçi-ekspert hesab edir ki, son iki gündə Gürcüstanda baş verən proseslər də Rusiyanı narahat etmiş ola bilər. Yoxsa ki, hazırda Rusiya üçün elə bir ciddi hərbi təhlükənin mövcudluğundan danışmağa əsas verən hər hansı faktor müşahidə edilmir.

Şəymən