Görünən odur ki, Ankara bu savaşdan da qalib çıxacaq, çünki haqlı tərəfdir
Demokratiyanı atla, itlə tapdaladılar
İnsan haqlarından danışan dövlətlər Türkiyəyə qarşı sərgilənən davranışa susurlar
Görünən odur ki, Ankara bu savaşdan da qalib çıxacaq, çünki haqlı tərəfdir
Görünən odur ki, Ankara bu savaşdan da qalib çıxacaq, çünki haqlı tərəfdir
Avropada müsəlman düşmənçiliyini ən bariz şəkildə nümayiş etdirən Hollandiya ilə Türkiyə arasında diplomatik qalmaqal yaşanır. Buna səbəb Hollandiyanın insan hüquqlarına zidd addım atması, türk rəsmilərə qarşı əsassız olaraq qeyri-etik hərəkətlərə yol verməsidir.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu referendumun təşviqat kampaniyası çərçivəsində Rotterdama gəlmək istəsə də, Amsterdam hökuməti nazirin təyyarəsinin enişinə icazə verməyib. Bundan başqa, Türkiyənin daha bir naziri Fatma Betül Sayan Kayanın ölkəyə yerüstü nəqliyyat vasitəsilə girişinə icazə verilməyib. Xanım nazir Hollandiyada arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarılıb. Baş verənlərə etiraz olaraq 10 minlərlə türk Rotterdamdakı baş konsulluq qarşısında aksiya keçiriblər.
Hollandiya polisi konsulluğun ətrafını dövrəyə alaraq, daha çox insanın aksiyaya qatılmasının qarşısını almağa çalışıb. Aksiyanı zorakılıqla dağıdan polis mitinqçilərə qarşı dəyənəklərdən və təzyiqli sudan istifadə edib. Hətta konsulluğun önünə gəlməyə çalışan etirazçılar xüsusi təlim görmüş itlər tərəfindən hücuma məruz qalıb. Zorakılıq və qanunsuz qadağalardan jurnalistlər də nəsibini alıb. Rotterdama səfər edən "Anadolu” agentliyi və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılıb. İnsident zamanı xeyli sayda etirazçı xəsarət alıb, 12 fəal isə saxlanılıb. Hollandiya hökuməti bu addımlarına "təhlükəsizliyə təhdid”lə mübarizə donu geyindirməyə çalışıb. Ölkənin Baş naziri Mark Rutte nazirlərin saxlanılmasına aydınlıq gətirmək əvəzinə, Türkiyə rəhbərliyini ittiham edib.
"Bunun bədəlini ödəyəcəksiniz”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya ilə yaşanan siyasi qalmaqala münasibət bildirib. Ərdoğan Hollandiyaya sərt xəbərdarlıq edərək, bu ölkənin son hadisələrə görə cavab verməli olduğunu bildirib: "Yaşanan hadisələr, şahidi olduğumuz mənzərə tamamilə islamafobiyanın təzahürüdür. Qərb gerçək üzünü ortaya qoydu. Hadisələr baş verən zaman onların faşist olduğunu dedim. Bütün bunların bədəlini ödəyəcəklər. Mənim qadın nazirimə qarşı etdiyiniz ədəbsiz davranışın hesabını verəcəksiniz. Demokratiya nədir, onu da öyrənəcəksiniz. Vətəndaşımın üzərinə atla, itlə çıxa bilməzsiniz”.
"Niderland Türkiyədən üzr istəməlidir”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Hollandiya hökuməti Türkiyədən rəsmi olaraq üzr istəməlidir, lakin bu da yetərli deyil: "Hollandiya rəsmilərinin mövqeyi yolverilməzdir. Bu dərəcədə utancverici hərəkətlərə hətta nasizm dövründə rast gəlinməyib. Polis qadın nazirin qarşısında duraraq onun baş konsulluğa daxil olmasına mane olub. Baş konsulluq Türkiyənin ərazisidir. Bu, Vyana Konvensiyasının pozulmasıdır, irqçilikdir. Əlbəttə, bunun qarşılığı veriləcək. İnsan kimi dedim ki, sizdəki seçkini problem edirsizsə, seçkidən sonra gəlim. Rutte isə kobudcasına dedi ki, nə seçkidən əvvəl, nə seçkidən sonra gəlməyin. Məqsəd bəllidir, amma Avropa uçurma doğru gedir”.
Hollandiyaya qarşı diplomatik sanksiyalar tətbiq ediləcək
Hollandiyanın 2 türk nazirə qarşı tətbiq etdiyi qadağalardan sonra Türkiyə hökuməti diplomatik və siyasi sanksiyaya hazırlaşır. Hollandiyanın Ankara səfirinə bir müddət Türkiyəyə gəlməməsi tövsiyə olunub. Bundan başqa səfirlik və baş konsulluğun giriş və çıxışları da tamamilə dayandırılıb. Türkiyənin tətbiq etdiyi bu sanksiyaların hələ bir müddət davam edəcəyi bildirilir. Türkiyənin Niderland Krallığı ilə kəşfiyyat sahəsində ciddi əməkdaşlıq olduğu heç kəsə gizlin deyil. Hökumətin bu əməkdaşlığa da ciddi məhdudiyyətlər gətirə biləcəyi istisna olunmur. Bundan başqa, Hollandiyaya aid bütün hərbi və VİP təyyarələrə Türkiyənin hava məkanının bağlanılması da gündəmdədir. Mütəxəssislər Türkiyədə fəaliyyət göstərməkdə olan 2564 Hollandiya firmasının olduğunu əsas gətirərək münasibətlərin korlanması halında bu şirkətlərə qarşı sanksiyaların tətbiq oluna biləcəyini deyirlər.
"Türkiyədən üzr istəməyəcəyik”
Hollandiya Baş naziri Mark Ryutte iki türk nazirin Hollandiyaya buraxılmamasına görə rəsmi Ankaradan üzr istəməkdən imtina edib. Baş nazir "mən gərginliyin aradan qaldırılmasına yardım etmək niyyətindəyəm, lakin üzr istəməyəcəyəm” deyib. Xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib və üzr istəməyi istisna edib.
Avropa Şurasından Türkiyəyə dəstək...
Avropa Şurasının baş katibi Yaqland Türkiyə və Hollandiyanı dialoqa çağırıb. O bildirib ki, bu vəziyyət demokratiya və diplomatiyaya ziyan vurur: "Gərginliyin daha çox qalxmasına icazə verməməliyik. Ölkə xaricində yaşayan bütün türk vətəndaşların konstitusiya dəyişikliyi ilə bağlı məlumatlandırılmasına imkan vermək lazımdır. Türk rəsmilər də referendum kampaniyası ilə bağlı xaricdəki həmkarları ilə əməkdaşlıq etməlidir. Avropa Şurasına üzv ölkələrdə toplantı və siyasi kampaniyalar İnsan Hüquqları Konvensiyasına uyğun olaraq reallaşır”.
"Hollandiyanın addımı diplomatik tərbiyəsizlikdir”
Millət vəkili Fərəc Quliyev "Şərq”ə açıqlamasında Hollandiyanın beynəlxalq konvensiyalara uyğun davranmadığını deyib. Deputatın sözlərinə görə, türkiyəli nazirin təyyarəsinin yerə enməsinə icazə verməmək, digər nazirin konsulluğa girişinə qadağa qoymaq və ölkədən çıxarmaq anormal hadisələrdir: "Həm diplomatik qaydalara, həm də ikitərəfli münasibətlərə ziddir. Bütün bunların kökündə Türkiyənin güclənməsi durur. Düşünürlər ki, türkiyəli nazir Hollandiyada olan türk vətəndaşlarla görüşəcək və onları öz arxasınca aparacaq. Bu isə qardaş ölkənin daha da güclənməsi deməkdir. Hollandiyada milyona yaxın türk yaşayır. Onların ikili vətəndaşlığı var. Nazirin türklərlə görüşünə icazə verməmək siyasi cəhətdən çox uğursuz bir addımdır. Bu, diplomatik tərbiyəsizlikdir”.
F.Quliyev bildirib ki, Hollandiya hökumətinin etirazçılara icazə verməməsi, türklərə təzyiq göstərməsi vəziyyəti də daha gərginləşdirdi:
"Bunlar heç də normal hal deyil. Ancaq Avropa Birliyi baş verənlərə göz yumur. Nəinki göz yumur, hətta Danimarkanın baş naziri türkiyəli həmkarı ilə görüşü təxirə salmağı təklif edir. Almaniya da fərqli davranışlar ortaya qoyur. Görünən odur ki, onlar bir mərkəzdən idarə olunurlar. Türkiyəyə qarşı bu cür davranmaq anormallıqdır, çünki həmin ölkələr Türkiyə ilə NATO çərçivəsində əməkdaşlıq edirlər. Müttəfiq ölkələr biri-birinin zəifləməsində maraqlı olmamalıdır. Təəssüflər olsun ki, Avropa dövlətləri bunun əksini düşünür. Onlar qardaş ölkənin güclənməsində qətiyyən maraqlı deyillər. Burada din amili, Yaxın və Orta Şərqdə baş verən proseslər də mühüm rol oynayır. Çox təəssüf ki, insan haqlarından danışan qurumlar, dövlətlər də susurlar və məsələyə münasibət bildirmirlər. Bu da ikili standartları göstərir, Türkiyəyə ögey münasibət sərgilənir. Ancaq bu davranış bumeranq effekti verə bilər və Hollandiyanın özünə ağır zərbə dəyər. İki ölkə arasında ticarət dövriyyəsi ildə 5 milyard dollardan artıqdır. Fikrimcə, Türkiyə bu vəziyyətdən çıxacaq”.
İsmayıl