Nazirin xəbərdarlığı...

Yol qəzalarında hakimləri birmənalı qınamaq doğru deyil



Ali Məhkəmənin Plenumunda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov hakimləri tənqid edib. Yol qəzalarının göstəricilərinin yüksəldiyini qeyd edən nazir bildirib ki, bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir.

F.Məmmədovun sözlərinə görə, bunun nəticəsidir ki, ötən dövr ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 39 hakim ciddi intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib. Ədliyyə nazirinin iradlarına qismən qatıldığını deyən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış hüquqşünas İradə Cavadova bu məsələdə birbaşa hakimlərin günahlandırılmasını düzgün saymır. Vəkilin sözlərinə görə, problemlərin yaranmasına bir çox hallarda elə davalı vətəndaşların özləri səbəb olur: "Əvvəlcə onu deyim ki, əksər yol qəzaları bilərəkdən deyil, ehtiyatsızlıqdan törədilmiş sayılır. İndi gəlin baxaq görək ki, hansı insanlar məhkəmələrdən narazılıq edirlər. Nə qədər qəbuledilməz olsa da, bir çox hallarda zərərçəkmişlərin qohumları və yaxınları təqsirləndirilən şəxslərlə əməlli-başlı alver etməyə başlayırlar. Yəni baş verən hadisədən şikayətçi olmamaq üçün ittiham olunan şəxsdən külli miqdarda pul tələb edirlər. Elə olur ki, təqsirləndirilən şəxsin zərərçəkmişin istədiyi ödənişi etməyə maddi imkanı çatmır. Məcbur olur ki, gedib nəyinisə satsın, bankdan kredit götürsün, borc alsın və s. Əgər hadisədə iki nəfər vəfat edibsə, onda təqsirləndirilən hətta evini satmağa məcbur edilir. Yəni ortada çox böyük məbləğlər dolaşır. Vəkillərlə söhbət etsəniz, bunları sizə deyərlər”. İ.Cavadova təəssüflə qeyd edir ki, bədbəxt hadisələrdən sui-istifadə edənlər çoxdur: "Əgər zərərçəkmiş və ya onun yaxınları tələb etdikləri pulu ala bilmirlərsə, onda dərhal hadisəyə səbəb olan şəxsdən və məhkəmədən şikayət etməyə başlayırlar. Vay-şivən qaldırırlar ki, guya məhkəmə düzgün qərar çıxartmadı, qərəzli olaraq ittiham edilən şəxsə az iş verdi və s. Ona görə də bir ağızdan hakimləri suçlamağın tərəfdarı deyiləm”.

Hüquqşünas deyir ki, bəzi hallarda baş verən yol qəzalarının ekspertiza rəyləri də məhkəmə hakimlərinin ədalətsiz qərar verməsinə səbəb olur: "Bizdə hadisələrə sadəcə bir ekspertiza tərəfindən rəy verilir. Bu yanlışdır. Əgər hansısa olayı bir neçə ekspertiza müəyyənləşdirsə, onda hakimlərin qərarları daha dəqiq və ədalətli olar”.

İ.Cavadova vurğulayır ki, ədliyyə naziri və ya Ali Məhkəmə sədri tərəfindən hakimlərə ünvanlanan "hədələyici” tənqidlər müsbət yox, əksinə, mənfi nəticələrə gətirib çıxara bilər: "İndi gələn dəfə işə baxan hakimlər nazirin tənqidinə istinad edərək hadisədə o qədər də günahı olmayan şəxsə az cəza verməkdən çəkinəcək. Çünki əks halda düşünəcək ki, nazir və ya kimsə onu "danlayacaq”. Təbii ki, bəzən hakimlərin qərarları ədalətli olmur. Amma "yuxarıların” hakimləri "özbaşınalıqda” ittiham edərək onlara göstəriş verməsi qətiyyən yolverilməzdir. Axı belə şəraitdə hansı müstəqil məhkəmədən söhbət gedə bilər?”