Tibb müəssisələrindən kənarda edilən abortlara nəzarət necə olacaq?

“Evinin bir otağını mini-klinika edən, xəstəxanada olmadığı müddətdə evində xəstə qəbul edən həkimlər az deyil”
Azərbaycanda həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza ağırlaşdırılır. Cinayət Məcəlləsinə əsasən, həkim tərəfindən kənarda abort etməyə görə 200 manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. 
İndi isə cərimə məbləğinin 500 manatdan 1000 manatadək artırılması təklif edilir. Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə də cərimənin miqdarı artırılır. Belə ki, indiyədək 300 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılırdı. Təklifə əsasən isə cərimənin məbləği 1000 manatdan 1500 manatadək artırılır.
Sosioloq-jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında deyib ki, tibb müəssisələrinin özündə edilən abortlar qeydiyyata alınmırsa, kənarda edilən abortlara nəzarət necə olacaq, orası qaranlıq qalır:
"Mən araşdırma üçün getdiyim bir neçə dövlət xəstəxanasında qeydiyyata salınmadan, xəstəlik tarixçəsi açılmadan neçə qadının abort stoluna çıxarıldığını görmüşəm. Həkim işini bitirir, xəstədən pulunu alır, yola salır. Qadının qanaxması olarsa, abortdan hər hansı fəsad yaranarsa, sübut edə bilməz ki, bu abortu harda, kim edib. Bu, məsələnin bir tərəfidir”.
Lalə xanımın sözlərinə görə, ikinci problem də qeyd edildiyi kimi tibb müəssisələrindən kənarda edilən abortlardır. Bunun üçün ən "münbit şərait” elə həkimin öz evidir: "Evinin bir otağını mini-klinika edən, xəstəxanada olmadığı müddətdə evində xəstə qəbul edən həkimlər az deyil, bunu hamımız bilirik. Buna nəzarət necə tənzimlənəcək, mexanizm necə qurulacaq, onun üzərində ciddi düşünülməlidir. Çünki xəstəxana şəraiti olmayan yerdə tibbi müdaxilə etmək təhlükəlidir, bunun nəticəsi ölümə qədər gedə bilər. Bu kimi ciddi məsuliyyətə görə 500-1000 manat cərimə çox cüzi məbləğdir”. Tibbi təhsili olmadığı halda evində tibbi müdaxilələr, hətta abort edən ara həkimlərinin olduğunu vurğulayan sosioloqun sözlərinə görə, həkimə 200 manat ödəyib aborta gedə bilməyənlər bu ara həkiminə 50 manat verib arzuolunmaz hamiləlikdən qurtulurlar. Bunun da nəzarətə alınmasını təşkil etmək lazımdır:
"Bir şeyi də qeyd edim, indi bir neçə həftəlikdən tutmuş 2 aylıq olan dölü dərmanla da abort etmək mümkündür və istənilən qadın bunu evində edə bilir. Bu dərman apteklərdə reseptsiz buraxılır, hətta 15-16 yaşlı qız gedib istənilən aptekdən istəsə ala bilər. Ev şəraitində bu dərmandan istifadə edib abort edənlər də çoxdur”.
Şəymən