99 il ötür...

31 mart soyqırımı yaddaşlardan silinməyəcək


Hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Həm ölkə daxilində, həm də xarici dövlətlərdə erməni ideoloqların dövlət səviyyəsində dəstəklədiyi soyqırımın günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Məlumdur ki, 99 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. Bədnam qonşularımız iki əsrdən artıq müddətdə əsassız iddialarını gerçəkləşdirməyə çalışıblar. Bu məqsədlə terrorizm, soyqırım və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərə əl ataraq azərbaycanlıları kütləvi qırğınlara məruz qoyublar. 1917-ci ildə Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu erməni hərbi birləşmələri əvəz ediblər. 

Azğınlaşmış erməni dəstələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılıb, 135 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olublar. 

Qaniçən Stepan Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edərək müsəlmanların bir çox ziyarətgahlarını dağıdıblar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutub, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə”nin binasına od vurublar. Martın 30-dan aprelin 2-dək sürən qətliamlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilib. Quba qəzasında 162 kənd darmadağın edilib, 16 mindən çox insanın həyatına amansızlıqla son qoyulub. Lənkəranda, Muğanda minlərlə soydaşımız işgəncələrlə öldürülüb. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilib. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə qətlə yetirirdilər. Daşnaklar deyirdilər ki, "biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. 

Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Təpədən dırnağa qədər silahlanmış erməni quldurları körpələrə və qocalara belə aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülür, təcavüzə məruz qalırdılar. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən onlarla qadının meyiti tapılıb. Əslində Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Ancaq ermənilər məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Erməni quldurları Şamaxı qəzasında 58, Quba qəzasında 122 kəndi yandırıb, on minlərlə dinc və silahsız sakini vəhşicəsinə qətlə yetiriblər. Bir neçə il əvvəl Quba yaxınlığında tapılmış və alimlərimiz tərəfindən araşdırılmış insan sümükləri, kəllələri bunu bir daha sübut edir. Qatı daşnak Andronikin rəhbərliyi altında erməni dəstələri Naxçıvanda 11, Ordubadda 9, Culfada 3 kəndi viran qoyub, 20 minə yaxın dinc əhalini qətlə yetiriblər. Cəbrayılda, Qarabağda, Zəngəzurda və başqa ərazilərdə də oxşar vəhşiliklər törədiblər. Görünməmiş vəhşilikləri ilə özlərindən sonra müsəlman və türk qanına susayan digər qatillər üçün "vəhşilik nümunəsi” olublar. Hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, "Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində mollaları yandırmaq, insanları divara mıxlamaq, uşaqların dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini heyvanlara atmaq və s. bütün bu vəhşiliklərə ilk dəfə imza atanlar məhz qansız düşmənimiz ermənilər olublar. 

Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoydu. Uzun illər Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı” kampaniyasına geniş vüsət verdilər. Xalqımız 70 il boyunca gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdi. 

Olanları yaddaşımızdan silmək üçün indiki Şəhidlər Xiyabanı olan böyük ərazidəki Çəmbərəkənd qəbiristanlığı köçürülmüş, yerində böyük bir park salınmışdı. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər, qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdı. Lakin sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunmağa başlanılıb. Bu münasibətlə hər il dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

İsmayıl