“Erməni məhsullarının Azərbaycanda satılması yolverilməzdir”

Sahib Məmmədov: “Müvafiq addımlarla bu tendensiyanın qarşısı alınmalıdır. Bu məsələ qanunvericilikdə də öz əksini tapıb”



"Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar satılması ilə bağlı BakiPost.az saytının tirajladığı xəbər cəmiyyətdə böyük rezonans doğurub.

Mağazanın səlahiyyətliləri hər nə qədər xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsa da, çəkilmiş fotolar fakt olaraq ortadadır.

Bəs, qanunvericilikdə bu məsələ öz əksini necə tapır? Münaqişə halında olan ölkənin istehsalı olan malın Azərbaycanda satışına görə hüquqi məsuliyyət var, yoxsa narazılıqlar əsassızdır?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov 15 il bundan əvvəl Ermənistanda keçirilən təhlükəsizlik konfransında iştirak edəndə xeyli Azərbaycan məhsullarının İrəvanda satıldığını müşahidə edib. Onun sözlərinə görə, hətta süfrədə təqdim olunan yeməklərin belə əksəriyyəti Azərbaycan məhsulları ilə hazırlanıbmış.
Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğunu xatırladan S.Məmmədov düşmən ölkə ilə ticarət əlaqəsinin yolverilməz olduğunu deyib: 

"Qarşılıqlı şəkildə hər iki dövlət bir-birinə embarqo qoyub. Azərbaycan və Ermənistan arasında münaqişə yaranan gündən bugünədək iqtisadi əlaqələr yoxdur. Burada isə əsas məqsəd düşmənə fayda verməməkdən ibarətdir. İqtisadi və hərbi cəhətdən Ermənistanın güclənməsi bizim üçün xoşagələn hal deyil. Qonşu dövlət olaraq biz onlarla ticarət əlaqələri yaratsaq, məhsullarının satışını təmin etsək, faktiki olaraq onlara fayda vermiş olarıq. Yəni erməni məhsullarının Azərbaycanda satılması dolayısı ilə Ermənistanın iqtisadiyyatına töhfə verməkdir. Odur ki, müvafiq addımlarla bu tendensiyanın qarşısı alınmalıdır. Bu məsələ qanunvericilikdə də öz əksini tapıb.

Yox əgər bizim əməkdaşlıq etdiyimiz hansısa dövlətdə erməni əsilli biri şirkət yaradıb məhsul istehsal edirsə, artıq bu əməkdaşlığın qarşısını almaq mümkün deyil. Çünki sözügedən embarqo məhz Ermənistanda istehsal olunan məhsullara aiddir. Braziliya ermənisinə məxsus bir aeroportdan istifadə etdiyimiz halda biz Ermənistana yox, Braziliyaya xeyir vermiş oluruq. Amma Ermənistanda istehsal olunan məhsul üçüncü bir dövlət vasitəsilə Azərbaycana keçirilsə belə, bizim sahibkarlar bu əməkdaşlığa getməməlidir. Məsələn, Birləşmiş Ştatlar terror dəstəkləyən ölkələrdən hər hansı bir məhsulun alınmasına ciddi şəkildə qadağa qoyub”.

S.Məmmədovun sözlərinə görə, Azərbaycanda erməni mallarının satışını təmin etmək hüquqi məsuliyyətdən əlavə eyni zamanda mənəviyyat məsələsidir. Biz erməniyə xeyir veririk ki, özünün hərbi gücünü artırıb ordumuza qarşı təxribatlarını davam etdirsin? Düşmən hər gün atəşkəs rejimini pozur və cəbhədə gərginlik yaranan zaman ordumuz şəhid verir. 

Qanunvericilik qalsın bir yana, bu hallar fonunda biz niyə erməni iqtisadiyyatına xeyir verməliyik? Əgər kimsə pul qazanmaq istəyirsə, alternativ bazarlar tapmalıdır. Hətta o yol ermənilərlə əməkdaşlıqdan daha az gəlirli olsa belə...

Şəymən