Professor həyəcan təbili çaldı: "İnsanların internetdən asılılığı milli faciədir"

"Təcrübə göstərir ki, insanların internetdən asılılığını, pis vərdişlərini yalnız maarifləndirmə ilə aradan qaldırmaq mümkün olmur”.
Bunu Sherg.az-a insanlarda internet asılılığının artmasının təsirlərini və bundan xilas olmağın yollarını izah edərkən professor, sosioloq Əhməd Qəşəmoğlu deyib. 
O bildirib ki, neçə illərdir tütün, siqaret, alkaqol əleyhinə müxtəlif maarifləndirmə işləri aparılır, mətbuatda yazılar dərc olunur. Buna baxmayaraq, insanları pis vərdişlərindən çəkindirmək o qədər də mümkün olmur:
"Məsələn, siqareti çəkənlər, ömürlərinin azaldığını bilə-bilə, yenə də istifadə edirlər. Cəmiyyətdə bu kimi mənfi vərdişlərin, o cümlədən internet asılılığının aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Davranışın formalaşmasında bir neçə mühüm faktorlar var. Onlardan biri mühit, biri informasiya, maarifləndirmədir, biri isə dəyərlərin yönümüdür. Bu, belə qarşılıqlı əlaqədə inkişaf etdirilməlidir ki, ortalıqda nəticə olsun. Əvvəla biz elə etməliyik ki, ictimai qınaq yaransın. Bununla internet asılılığı, mənfi vərdişləri olan insanların fikirlərində dəyişiklik edək. Çalışaq ki, o məhdudiyyətlər olsun.
Bir də baxmalıyıq ki, insanlar internetdə ən çox nəyə aludəçilik edir. Bunu araşdırmaq üçün Rabitə Nazirliyinin, bu sahədəki mövcud imkanlarından istifadə etmək olar. Məlumatları öyrəndikdən sonra müəyyən məhdudiyyətlər qoymaq lazımdır və ya fərqli xəbərdaredici məlumatlar yaya bilərik. Bununla asılılığın qarşısını alan məhdudiyyətlər qoyula bilər. Elə şərait yaratmalıyıq ki, insanlarda, gənclərdə internet asılılığının qarşısını ala bilən hallar olsun. Ondan sonra maarifləndirməyə böyük ehtiyac var. Bunu televiziyalar, Kütləvi İnformasiya Vasitələri bu sahədə yeniyetmələrlə, gənclərlə işləyə bilər. Bu maarifləndirmə tədbirləri xüsusilə, psixoloqların tövsiyələri ilə həyata keçirilməlidir”.
Bundan sonra artıq vaxtları müəyyən etmək lazım olduğunu söyləyən Ə. Qəşəmoğlunun sözlərinə görə, insanların, yeniyetmələrin ən çox hansı vaxtlarda sosial şəbəkələrdən, internetdən istifadə edib, internet klublarda vaxt keçirdiklərini öyrənmək vacibdir:
"İnsanın əlində konkret bir işi olmayanda, boş vaxtı çox olanda bu tip məşğuliyyətlərlə vaxt keçirir. İnsanın əlində maraqlı bir iş olduqda isə əlavə məşğuliyyətlərə, pis vərdişlərə aludə etməsi azalır. Çox zaman insanların səhhətində problemlər yaranır. Məsələn, elə adam var, deyir ki, otururam kompüterin qarşısında, başım ağrıyır, yazı yaza bilmirəm, məşğul ola bilmirəm.
Xüsusi olaraq, sosial şəbəkələrin imkanlarından istifadə edərək, mənəviyyatı, mədəniyyəti dağıdan proqramlar hazırladılar. Məsələn, çoxlu pornoqrafiq məlumatlar internetdə yerləşdirilir. Hətta elə informasiyalar olur ki, bir yeniyetmə, gənc, hətta yaşlı insanlar onlara çox aludə olarsa, özünün əxlaqında dəyişikliklər olur. Bu ümumiyyətlə ölkədə milli mənəvi aşınmaya səbəb olur, ailələrin dağılmasına gətirib çıxarır. Ona görə də internetdən asılılıq, çox oturmaq tək insanın özünü bədbəxt etmir. Eyni zamanda onlar cəmiyyətdə neqativ təsirlər daşıyırlar”.
Sosioloq onu da əlavə edib ki, bu problem hazırda sözün həqiqi mənasında ciddidir. Buna görə yüksək səviyyədə qərar qəbul olunmalı, fəaliyyət proqramı hazırlanmalıdır:
"İnternetdə hansı məhdudiyyətlər qoyula bilər, maarifləndirmə necə həyata keçirilməlidir suallarına cavab tapmalıyıq. Bir sıra ölkələrdə də belə məhdudiyyətlər var ki. internetdə hər sayta daxil olmaq olmur. Bilmək lazımdır ki, hazırda insanların internetdən asılılığı milli faciədir. Bu, bir tərəfdən yeni nəslin düzgün yetişməsində problem yaradır, digər tərəfdən cəmiyyətdə çox neqativ, dağıdıcı, milli mənəviyyatımıza, tərəqqimizə, təhlükəsizliyimizə zərbə vurur”.
Qeyd edək ki, Bərdə rayonunun Meşəcilik İnstitutu ərazində məskunlaşan Kəlbəcədən olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov valideynlərinin ona internet və telefon qadağası qoyması səbəbindən evdən qaçıb. İtkin düşən gənci yerli sakinlər 16 yaşlı yeniyetməni məktəbin yaxınlığında yerləşən internet klubda görüblər, amma onun hansı istiqamətə getdiyi bilinmir.
Aysel Aslan