Azər Allahverənov:"Bu, 2017-ci ilin payız aylarına təsadüf edəcək"
"Siyasi dairələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların ləğv edilməsi ilə bağlı bir çox məsələ öz həllini tapmalıdır”.
Bunu Sherg.az-a Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi haqqında müzakirələrə münasibət bildirərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. O bildirib ki, 5 ildən çoxdur, Avropa İttifaqı və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında danışıqlar gedir:
"Həmin dövrdə bir çox problemlər var idi. Məsələn, o dövrdə Avropa və Azərbaycan arasında readmisiya sazişi yox idi. Halbuki rejimin sadələşdirilməsinin məhz ən mühüm tələblərindən biri həmin sazişin bağlanması idi. Bu, artıq öz həllini tapıb.
Digər məsələlər, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, Şərq tərəfdaşlıq proqramına daxil olan dövlətlərin miqrasiya qanunvericiliyinə yaxınlaşdırılması zamanla öz həllini tapır. Hədəfdə Avropa İttifaqı ilə Azərbaycan arasında vizasız gediş-gəlişin təmin olunmasıdır. Bunun təmin edilməsi yolunda müəyyən tədbirlər həyata keçirilir. Danışıqlar mərhələsi ən azı 2-3 ay çəkən prosesdir. Bu gün danışıqlar başlayırsa, may və ya iyun ayında ilkin mərhələlərə yekunlaşa bilər. Hər bir mərhələdə hansısa nailiyyətlər əldə olunur. Əgər növbəti mərhələyə ehtiyac yaranırsa, həmin nəticələr əsasında növbəti mərhələyə rəvac verilir. Böyük ehtimalla bu mərhələ yekunlaşdıqdan sonra biz növbəti mərhələnin şahidi olacağıq. Çox güman ki, bu 2017-ci ilin payız aylarına təsadüf edəcək. Bunların yekununda ən azından sadələşdirilmiş viza ilə gediş-gəliş təmin oluna bilər. Bununla bağlı müəyyən qrup var ki, danışıqlar həyata keçirir. Sadələşdirmənin və ya vizasız gediş-gəlişin müəyyən qrup üçün deyil, bütün əhali üçün təmin olunmasından söhbət gedir. Burada Gürcüstan Respublikası vətəndaşları üçün yaradılan şərait misal olaraq göstərilə bilər”.
Qeyd edək ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə vizaların ləğv edilməsi məsələsinə Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması istisna deyil.
Ayyət Əhməd