""Yunayted Kredit Bank” ASC-nin bağlanmasına artıq ötən ilin əvvəllərindən başlanıb”.
Bunu Sherg.az-a bankın bağlanmasının səbəblərini izah edərkən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, bankların sayının azalması qaçılmazdır:
"Yalnız o maliyyə bazarında inkişaf olar ki, orada rəqabət olsun. Ötən ilin mart ayından başlayaraq bankların bağlanma səlahiyyəti artıq Mərkəzi Bankda deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Hətta keçən il ərzində 11 bank bağlanıb. Hazırda 32 bank fəaliyyətdədir. Amma onların bəziləri də müflislik həddindədirlər. Əmanətləri qaytara bilmirlər. Bağlanan banklarda sığortalanmış əmanətlər varsa, həmin əmanətlər bir qayda olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır. Əsas məsələ vətəndaşların sığortalanmamış əmanətlərindədir.
Ən böyük problem isə fiziki şəxslərin bank hesablarında olan problemdir. Çünki onların da əksəriyyətinin sığortası yoxdur. Buna görə ləğv edilən bankın əmanətləri hesabına ödənilməlidir. Amma bir qayda olaraq onlara heç nə qaytarılmır. Çünki Palata tərəfindən həmin bankların ləğvi qismində elə Əmanətlərin Sığortalanması Fondu təyin olunub. Fond isə bankın ləğv edilməsini, əmlakının satışını çox qeyri-şəffaf şəkildə həyata keçirir. Böyük ehtimalla orada korrupsiya elementləri var. Bankların əmlakını öz bildikləri kimi satışa çıxarırlar. Bu məlumatlar ictimaiyyətdən də həmin banklardan pul alanlardan gizlədilir. Biz bu barədə dəfələrlə təkzib vermişik ki, proses tamamilə şəffaf olmalıdır”.
Qeyd edək ki, Yanvarın 25-də Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə lisenziya ləğv edilən "Yunayted Kredit Bank” ASC-nin ləğvetmə prosesinə başlanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından oxu.az-a verilən məlumata görə, bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2 fevral 2016-cı il tarixində "Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilib.
Aysel Aslan