"Banklar ağır durumdan qurtulmaq yolları axtarışındadır"
Prezident İlham Əliyev 2 gün əvvəl İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 7-də qəbul etdiyi qanunların tətbiqinə dair sərəncamlar imzalayıb.
Bu dəyişikliklər "Banklar haqqında” qanuna həmin gün edilmiş dəyişikliklə əlaqədardır. Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə, təşkilati-texniki və digər tədbir və prosedurların həyata keçirilməsi nəzərdə tutulub.
Sözügedən sərəncamla bağlı " Şərq”ə açıqlama verən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, "Banklar haqqında” qanuna edilən bu dəyişikliklər ölkədə bank sisteminin praktik olaraq yenidən təşkilini nəzərdə tutur:
"Bu gözlənilən bir addım idi. Çünki ötən iki ilə yaxın vaxt ərzində hökumət tərəfindən ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləyən çox mühüm addımlar atılmış, başda Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri olmaqla, onlarla digər mühüm qərarlar qəbul edilmişdi. Bu hədəfin reallaşdırılmasında banklar müstəsna rol oynamalıdırlar. Lakin təəssüf ki, bizim bankların son illər ərzində apardıqları səbatsız fəaliyyət bu gün onların özlərini çox acınacaqlı bir duruma gətirib çıxarıb. Banklar indi nəinki iqtisadi islahatlara dəstək olmaq iqtidarında deyillər, onların əksəriyyəti bu gün düşdükləri ağır durumdan qurtulmaq yolları axtarışındadırlar. Bu duruma düşməmək üçün vaxtilə ən yüksək səviyyədə çağırışlar edilsə də, çox təəssüf ki, bankları seçdikləri yanlış yoldan çəkindirmək mümkün olmadı. Bank sistemində yaranmış bu vəziyyət ən kardinal addımların atılmasını tələb edirdi. Ona görə də dövlət bankların müasir tələblərə cavab verə biləcək bir səviyyədə yenidən qurulmasını təmin etmək məqsədilə "Banklar haqqında” Qanunda əsaslı dəyişikliklərə getdi. Bu addımın atılmasının səbəblərini bir qədər geniş izah edək”.
Hər bir özəl qurum kimi bankların da öz fəaliyyətlərini qanunla müəyyən olunmuş qaydalar çərçivəsində müstəqil müəyyən etdiklərini qeyd edən professor deyib ki, istənilən özəl qurumun müəyyən etdiyi fəaliyyət strategiyasının kökündə mənfəət qazanmaq dayanır:
"Lakin bu sahədə əsaslı uğur qazanmaq üçün hər bir müəssisə sahibi həm yaxın və həm də uzaq perspektivdə müəssisəsini nələrin gözlədiyini proqnozlaşdırmağı bacarmalıdı. Bu, olmadıqda, az vaxt ərzində əldə edilmiş uğurlar asanlıqla uğursuzluğa çevrilə bilər. Son illər ərzində öz fəaliyyətini uzağı görmədən qurmuş əksər banklarımız da beləcə uğursuzluğa düçar oldular. Milli valyutamızın kifayət qədər möhkəm olduğu dönəmlərdə əldə etdikləri ucuz xarici valyuta resurslarını istehlak kreditləri kimi yüksək faizlərlə yerləşdirməklə onlar özlərini acınacaqlı vəziyyətə saldılar. Bu yanlış yol idi. Onları bu yanlış yoldan çəkindirmək üçün nə qədər cəhdlər edilsə də bunun heç bir nəticəsi olmadı. İş o yerə gəlib çatdı ki, ölkə Prezidenti bir neçə dəfə banklara çox ciddi çağırışlar etdi. Bu gün Prezidentin bu çağırışlarından bəzi məqamları ilk növbədə bağlanan və bağlanmaq həddinə gəlib çatmış, eyni zamanda xarici valyutada yüksək faizlə istehlak kreditləri verərək hazırda ağır durumla üz-üzə dayanaraq bağlanmaq növbəsini gözləyən bankların yadına salmaq yerinə düşərdi”.
Prezidentin 2015-ci ilin yanvar ayının 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda banklar haqında dediklərini xatırladan F. Yusifov hesab edir ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir”.
Bankların Prezidentin iki il öncə etdiyi bu çağırışından heç bir nəticə çıxarmadıqlarını, əksinə onların "fəallığı”nın kökündə istehlakçılara yüksək faizlərlə, əsasən xarici valyutada kreditlər verməklə, daha çox qazanc əldə etmək hərisliyi dayandığını vurğulayan professor təəssüflə qeyd edib ki, bu hərislik də sonda bugünkü acınacaqlı vəziyyəti yaradıb: "Heç şübhə etmirəm ki, əgər başqa bir səbəblər üzündən bir neçə bank belə duruma düşsəydi, onda dövlət həmin bankların sağlamlaşdırılması üçün müvafiq tədbirlər görər və öz ehtiyatlarından onların sağlamlaşdırılmasına vəsait ayırardı. Ancaq nə yazıq ki, bütün çağırışlara baxmayaraq asan yolla daha çox qazanc əldə etmək hərisliyi bu gün ölkənin əksər banklarını ağır vəziyyətə saldı.
Bu gün banklar iki il öncə ölkə Prezidentinin onlara etdiyi çağırışlardan nəticə çıxara bilməməyin bədəlini ödəyirlər. Ötən dövrdə 11 bank bağlanıb, bir o qədər bank da bu həddə gəlib çatıb və hələ bu da son deyil. Heç şübhə etmirəm ki, lombard fəaliyyəti prinsiplərinə söykənərək fəaliyyət göstərmiş digər bankları da eyni aqibət gözləyir. Heç kim onları xarici valyutada əldə etdikləri ucuz kredit resurslarını yüksək faizlərlə istehlak kreditləri şəkilində yerləşdirməyə məcbur edə bilməzdi”.
F. Yusifovun sözlərinə görə, böhrandan sonra hökumətin yenidən sürətli inkişaf yolunu seçdiyi bir dönəmdə iqtisadiyyata, onun real sektoruna bilavasitə yardımçı olmalı bankların özünün bu gün ciddi yardıma ehtiyacı var:
"Yaranmış durum elə bir həddə gəlib çatıb ki, bir çox bankları sağlamlaşdırmaq belə mümkün deyil. Bu səbəbdən də onlara münasibətdə tibbdə olduğu kimi son yola – cərrahi əməliyyata əl atmaq lazım idi. "Banklar haqqında” qanuna edilən dəyişikliklərlə seçilən yol da bundan ibarətdir.
Bu gün valyuta bazarındakı müəammalı oyunların başında da yarıtmaz fəaliyyətilə özlərini acınacaqlı duruma salmış banklar durur. Onlar bu bazarda elə bir vəziyyət yaradıblar ki, dünya bazarlarında dollar bahalaşdığı bir dönəmdə bizdə bunun əksi baş verə bilir və ya əksinə. Nə qədər ki, maliyyə bazarında belə səbatsız banklar var, bu bazarlarda gedən proseslərin məntiqdən və reallıqdan kənarlaşması da baş verəcəkdir. Mən dəfələrlə mətbuat səhifələrində demişəm və bir daha təkrar edirəm ki, bizə müasir tələblərə tam cavab verən, geniş xidmət dairəsi olan və iqtisadiyyata bilavasitə dəstək verə biləcək 5-6 bank lazımdır”.
Şəymən