Kişi sosial şəbəkədə qız "tutur", münasibətdə olur, sonra şantaj edir

Mehriban Zeynalova: "Ata, ana kimi tanıyır, qızını ona ərə versin" dönəminə qayıdırıq"
"Sosial şəbəkədə tanışlığın şantaja çevrilməsi cinayət əməlidir. Bu, bir çox məsələlərə toxuna bilər”.
Bu barədə Sherg.az-a "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. O bildirib ki, insanların ailə qurmağa, əks cinsin nümayəndəsi ilə tanış olmağa müəyyən ehtiyacı yaranır. Lakin bu sonradan əks fəsadlar da törədə bilir:
"Bu xanım da sosial şəbəkədə tanış olub, müəyyən münasibət qurub. Görünür, məlum əlaqə o qədər irəli gedib ki, həmin şəxsin şəkil çəkməyə belə imkanı olub. Bir tərəfdən bu yaxşı haldır ki, şantaja məruz qalan qadınlar cəsarətli davranıb polisə müraciət edib. Amma qadınlara necə deyə bilərik ki, sən heç kimlə danışma, heç kimlə yaşama, ailə qurma? Bəzi insanlar var ki, bütün gün işləyirlər, məşğuldurlar, ailə həyatı qurmağa imkanı olmayıb. Həmin xanımlar və bəylər ya gərək tanışlıq mərkəzinə getsinlər, ya da sosial şəbəkələrdə kiminləsə tanış olsunlar. Başqa ölkələrdə də belədir ki, insanlar bu şəkildə tanış olur, etibar edə bilir. Bəzən həmin insanlar etibardan sui-istifadə edir, şantaj həddinə çatdırır.
Bu cür hallar ortaya çıxdıqca, şikayətlər artdıqca, cinayət məcəlləsinə dəyişiklik olunması gündəmə gəlir. Etibardan sui-istifadə, kiminsə şərəf və ləyaqətinin alçaldılması haqqında cinayət məcəlləsində maddə var. Qadın bunun üçün polisə müraciət edibsə, sözsüz ki bu, yaxşı addımdır. Kiməsə "heç kimlə danışma", "heç kimə inanma" qadağası qoyacağıqsa, artıq bu hadisələr insanların bir-birinə inanmamağına gətirib çıxarır. Elələri var sosial şəbəkələrdə insanlarla tanış olub, münasibətləri irəlilətsin, seksual əlaqələrə girib və sonradan onları şantaj etsin.
Ola bilsin, kimsə bir kişi və ya qadınla tanış olur, şəkil çəkdirir, sonra baxır ki, oxşar xasiyyətləri yoxdur, ayrılır. Bu zaman seksual münasibətləri davam etdirmək üçün bu kimi addımlardan istifadə edirlər. İstənilən halda biz çağırış edirik ki, qadınlar ehtiyatlı olsun. Belə olan halda isə ibtidai icma quruluşuna və "ata, ana kimi tanıyır, ona ərə versin" dönəminə qayıdırıq. Yəni indiki durum bizi köhnə stereotiplərə qaytarır. Artıq sən heç kimsən, fikirlərin rol oynamır. Belə hallar hələ də var. Valideynlər qorxur, öz övladının gələcəyinin təminatı, əxlaqi dəyərlərini qorumaq üçün erkən ərə verir. Bu da faciə törədir. Sivil dünyadır, 18 yaşında artıq qızların kiminləsə münasibətdə olmaq, öz fikirlərini səsləndirmək, dost olmaq istəyi ortaya çıxır. Çünki uşaqlığını yaşamayıb. Biz stereotiplərdən mövhumatdan uzaq olmaq istəyirik. Amma artıq belə hallar gətirib o həddə çıxaracaq ki, valideynlər deyəcək, mən kimi tanıyıram qızımı onunla evləndirəcəm. Yenə qayıdacağıq köhnə adətlərimizə. Bundan sonra isə yenidən qadın hüquqlarının pozulması gündəmə gələcək. Bir tərəfdən valideyni qınaya bilmirik. Bununla belə insan haqları məsələsi də cəmiyyəti narahat edir”.
Qeyd edək ki, Bakının Nəsimi rayonunda gənc qız şantaj olunması ilə bağlı polisə şikayət edib. Məlumata görə, Samirə Əliyeva bir müddət əvvəl sosial şəbəkədə Bakı şəhər sakini Rövşən Xankişiyevlə tanış olub. Sonra onların münasibətləri daha da istiləşib. Rövşən Xankişiyev Samirə ilə bir neçə dəfə cinsi əlaqədə olub, onun çılpaq şəkillərini çəkib. Sonra o, Samirəni şantaj edib.
Aysel Aslan