Evlənmək istəyənlər üçün tanışlıq mərkəzləri yaradıla bilər

Mehriban Zeynalova: "Sosial şəbəkələrdə tanış olanda ekranın arxasından həmin şəxsin necə insan olmasını görə bilmirik”


"2001-2002-ci illərə qədər insanların tanış olub, evlənməsi üçün tanışlıq mərkəzləri fəaliyyət göstərirdi”.

Bu barədə Sherg.az-a "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova danışıb. M. Zeynalova bildirib ki, həmin mərkəzlərdə nə baş verdiyini heç kim bilmir:

"Hazırda belə mərkəzlərin olub-olmadığını bilmirəm. Həmin dövrdə bunların qarşısı alındı. Amma dünyanın özünün qaydaları, tələb, təklif deyə anlayışlar var. Gələcəkdə bizim qızlar ərə getməyəndə, yaşlananda sözsüz ki, kiməsə müraciət edəcəklər. Ortada vasitəçilər indi də var, "gəl səni kiminləsə tanış edim” deyib, evlənməyə dəvət edirlər. Bəlkə də bu? rəsmiləşdirilmiş qurum ola bilər. Ola bilsin belə qurumlar da ortaya çıxsın. Çünki insanlar var səhərdən axşama kimi işləyir, elə çevrə, mühit yoxdur ki, kiminləsə tanış olsun. İstənilən halda təsadüfi tanışlıqlarda xoşagəlməz nəticələr də olur. Sosial şəbəkələrdə tanış olanda ekranın arxasından həmin şəxsin necə insan olmasını görə bilmirik”.

M.Zeynalova əlavə edib ki, yeni tanış olduğumuz insanlar haqqında məlumat toplamağı ənənəvi olaraq, özümüzə ayıb bilirik. Amma əslində məlumat topladıqda həmin şəxs haqqında müəyyən təsəvvür yaranır:

"Bu ənənələrdə də var idi ki, kimsə elçi göndərdikdə ailə, ailənin üzvləri haqqında soruşurdular ki, bu kimdir, ailə üzvləri arasında münasibətlər necədir. Bunları öyrəndikdə hər şey normal olardısa artıq qız verirdilər. Həmin ənənələr kor-koranə ortadan çıxır. Məlumatsızlıq isə çox zaman etibardan sui-istifadə hallarına gətirib çıxarır”.

Ayyət Əhməd