Uşaqların gözü qarşısında intihar etmək dəhşətdir

Bir ana, ata övladına bundan böyük pislik edə bilməz
“Ölüm uşaqlarda günahkarlıq hissini oyadır. Onlar böyüdükcə, bu hissləri də onlarla birlikdə böyüyür”


Dünən Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V.Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var və onun özünü uşaqlarının gözü önündə atdığı qeyd olunur. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır. Təbii ki, 27 yaşlı qadının intiharı hər gün baş verən onlarla intihar və ya cinayət hadisəsindən sadəcə, bir nümunədir. Təəssüf doğuran məqam odur ki, son zamanlar baş verən özünə qəsdlərin və ailənməişət müstəvisində törədilən cinayət hadisələrinin əksəriyyəti azyaşlı uşaqların gözü qarşısında baş verir. Bu hadisələrin uşaqların psixologiyasına vurduğu ağır
zərbəni heç kim inkar etmir. Həmin uşaqlar həyatı boyunca yaşadıqları dəhşət ilə böyüməli olurlar. 

Həmin uşaqlar uzun müddət ağır psixi sarsıntılardan əziyyət çəkirlər. Bəs görəsən, bu kimi neqativ hallarda uşaqların sonrakı taleyi necə həll edilməlidir?

Sosioloq-jurnalist Lalə Mehralı isə "Şərq”ə açıqlamasında deyib ki, insan həyatdan bezə, yaşamaqdan yorula bilər. Hətta bunun üçün haqlı səbəbləri - maddi problemi ola, psixoloji gərginlik keçirə, zorakılıq görə bilər - hər intiharın bir səbəbi var. Amma heç bir səbəb intiharı uşaqların gözü önündə etmək üçün insanı haqlı edə bilməz, yalnız bir haldan başqa, əgər intihar edən ruhi xəstədirsə, onun üçün fərqi yoxdur onun intiharını kim görür: 

"Yəni o düşünmür ki, övladlarına psixoloji terror yaşadır, onları qorxudur, çünki ruhi sarsıntı içindədir və bunları düşünəcək vəziyyətdə deyil. Amma qalan bütün hallarda intiharını uşaqlarının gözü önündə edən biri heç bir halda haqlı ola bilməz. Bir ana, ata övladına bundan böyük pislik edə bilməz. Öz canına qıymaqla onlara onsuz da atasız, anasız, çətinliklərlə dolu bir həyat qoyub gedirsən, üstəlik, ata-anası yaşayacaqları bu həyatı dəhşətli mənzərə - öz intiharınla başladırsan”.
Konkret hadisəyə toxunan sosioloq qeyd edib ki, sosial şəbəkələrdə və mediada yer alan məlumatlara görə, intihar edən qadın ərindən gizlin evdə əxlaqsızlıq yuvası açıbmış, əri də biləndə çarəni özünü pəncərədən atmaqda görür. Yəni ərinin ona bundan da böyük cəza verəcəyini bilib: "Belə anlarda insan nə deyəcəyini də bilmir. Bir kişi üçün bu cür halla qarşılaşmaq çox ağırdır. Əlbəttə, qadın həm böyük cinayət, həm də böyük günah edib, amma heç bir məcburiyyət onu övladının gözü önündə özünü öldürməyə vadar etməməli idi. Ölməyi seçən insan bunu əvvəldən planlaşdırır, götür-qoy edir, yer seçir, tənha olacağı vaxtı güdür. O qadın isə anlıq panikaya qapılaraq bu addımı atıb”.

Lalə xanımın fikrincə, intihar edən insan ata-anadırsa, o xudbindir, özündən başqasını düşünmür. İnsan dünyaya övlad gətirəndən sonra çətin anlarda, çıxılmaz vəziyyətlərdə özünü düşünməyə ixtiyarı yoxdur, onun öncəliyi, birinci düşünəcəyi şey övladlarının sağlamlığı, təhlükəsizliyidir: 

"Bütün bunları övladına vəd edə bilmirsənsə, o zaman onları dünyaya gətirmə, bədbəxt etmə.
İnternat evləri doludur ata-ana qayğısından məhrum olan uşaqlarla. Səbəbi də əksər hallarda xudbin valideynlərdir. Ya doğub küçəyə atırlar, ya müəyyən yaşa gətirib sonra baxmaqdan imtina edirlər, ya da intihar edib yetim qoyurlar. Bir ana hansı psixologiyaya sahib olmalıdır ki, 5-6 yaşlı övladının gözü önündə özünü öldürsün? Analar var ki, övladının yanında ağlamır ki, uşağın psixologiyasına pis təsir edər. Analar da var ki, doğub göbək ciyəsini kəsmədən zibil qutusuna atır”.

Psixoloq Gülnarə Əliyeva isə hesab edir ki, ölüm hadisəsinə şahidlik etmək bu və ya digər formada bütün insanların psixologiyasına təsir edir, lakin uşaqların psixikasında daha ağır izlər buraxır. Hətta gözünün qarşısında həyatını itirən insan onun varlığına ən çox ehtiyac duyduğu kəslər, valideyn olduqda isə acı sonluq qaçılmaz olur.

Psixoloqun sözlərinə görə, ata-anası hansısa xəstəlik səbəbindən dünyasını dəyişən uşaqlar zamanla bu itki ilə barışa bilir, amma intihar və qətl mənzərəsi uşaq psixologiyasını dərindən sarsır və onun yaşadığı travma bütün həyatı boyunca izləyir: 

"Ölüm uşaqlarda günahkarlıq hissini oyadır. Onlar böyüdükcə, bu hissləri də onlarla birlikdə böyüyür. "Mən anamın intiharına niyə mane ola bilmədim?”, yaxud da "Mən niyə anamı atamın qəzəbindən qoruya bilmədim?”, "Bəlkə də mən olmasaydım, atamla anamın problemi də olmazdı” kimi cavabsız suallar onu həyatı boyunca müşayiət edir. Həmçinin bu cür travmalar uşaqları aqressivləşdirir. Onları tək qoyan valideynlərinə, bütün qohum-əqrəbasına qarşı kin bəsləyir. Hətta niyə məhz mənim valideynim deyə, Tanrıya da üsyan edir. Bəzi uşaqlar isə bu itki üzündən daimi depressiyada olur. O uşaq həyatının sonrakı dövründə sahib olduğu heç bir nailiyyətin sevincini ürəkdolusu yaşaya bilmir. Doğum günləri, toy günlərində belə onların ürəkləri açılmır. Gözləri daim qapıda qalır və şahid olduqları bədbəxt hadisənin təsiri altına düşürlər. Onlara elə gəlir ki, ata-anası tərk edən uşaqları heç kim sevməz və onlar daimi yalnızlığa məhkumdurlar. Valideynlərindən birini itirən uşaqların gələcəyə ümidi belə olmur. Əgər məktəb yaşlı uşaqlar belə bir travma alırsa, bu mütləq onların akademik göstəricilərinə də təsir edir”. Araşdırmalara istinad edən Gülnarə xanıma görə, cinayətə və ya intihara şahidlik edən uşağın böyüyəndə təcavüzkar və ya cinayətkar olması istisna deyil. O qeyd edib ki, spirtli içkilərə və narkotik maddələrə meyilli olan insanların əksəriyyəti uşaqlıq illərində ciddi psixoloji travma alan insanlardır: "Valideynlərə tövsiyəm budur ki, uşaqlarının yanında mübahisə belə etməsinlər. Hətta heyvanı belə uşaqların gözü qarşısında kəsmək onun gələcəyini sual altına almaq deməkdir. Sağlam cəmiyyətə sahib olmaq istəyiriksə, uşaqlarımızı sağlam ruhda böyütməliyik”.

Şəymən