Vəkillər qanunvericiliyə dəyişiklik edilməsinin tərəfdarıdır
Bu günlərdə hüquq müdafiəçisi İradə Cavadova iştirak etdiyi boşanma məhkəməsi ilə bağlı "Şərq”ə danışıb. Vəkil xanımın sözlərinə görə, boşanan tərəflərin azyaşlı övladı var. Qadın isə kişini uşağı ona göstərməməklə şantaj edir.
Baş verənlərdən hədsiz əsəbiləşdiyini deyən hüquq müdafiəçisi ölkəmizdə hər zaman bu cür hadisələrin olduğunu bildirib: "Uşağın cəmi bir yaşı var. Hər iki tərəfin münasibətləri pozulub, kim günahkardır, biz buna qarışmırıq. Lakin fakt odur ki, ata yaxşı atadır və uşağını görmək istəyir. Ana isə buna imkan vermir.
Məhkəmənin qərarı odur ki, ata uşağını həftədə bir dəfə görə bilər, özü də yarım saat müddətinə. Bu necə olur axı? Uşaq 24 saat anayla qalır, atayla isə yarım saat görüşür. Bu tamamilə sərt bir mövqedir. Düşünürəm ki, Kütləvi İnformasiya Vasitələri (KİV) bu mövzunu mümkün qədər gündəmə gətirməlidir”.
İ.Cavadova həmçinin deyib ki, bu gün ölkəmizdə bütün qanunlarda dəyişiklik edilir. Lakin bu məsələ ilə bağlı yetərli tədbirlər görülmür:
"İstəyirəm ki, bu cür boşanma prosesləri ilə bağlı Milli Məclisə yazım. Qanunları yüz dəfə dəyişirlər. Burda da bir dəyişiklik etsinlər. Qadın uşağı atası evindən gətirib? Necə ki, ana övladı ilə saatlarla vaxt keçirir, həmçinin atanın da belə bir hüququ var. Nəyə görə, məhkəmələr həftədə bir dəfə görüşə icazə verir? Məncə, gün ərzində saat müəyyən olunmalıdır. Ata uşağını hər gün görməlidir”.
Xanım hüquqşünas bildirib ki, tərəflər boşanan zaman mülkiyyət yarı bölünür. Amma uşağı ataya göstərmək lazım olanda qadınlar buna imkan vermir. Nəyə görə qanunvericiliyimizdə bu məsələyə dəyişiklik edilmir?”.
Hüquqşünas Adəm Məmmədov xanım vəkilin mövqeyi və fikirləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, həqiqətən də, yarım saatlıq görüş müddəti olduqca gülməlidir:
"Boşandıqdan sonra uşaqla ünsiyyətdə olmaq hər bir valideynin hüququdur. Valideynlər onların sağlamlığı, psixi durumu haqqında məlumatlı olmalıdır. Əgər bunu kimsə məhdudlaşdırırsa, şəxs məhkəməyə müraciət edib görüş əldə edə bilər.
Uşağı görmək vaxtı onun təhsili ilə də əlaqəli olur. Görüş daha çox asudə günlərdə olur, yəni şənbə və bazar günləri. Yarım saatlıq görüş müddəti çox azdır. Ola bilər ki, uşaq bağçaya, məktəbə gedir və ünsiyyətdə olma imkanı az olur. Amma asudə günlərdə yarım saat yox, ən azı 4 saatlıq görüş hüququ verilməlidir. Düzdü, qanunda bir az boşluq var. Çox zaman da bu boşluqdan istifadə olunur. Bu qədər müddətə görüş olmasına razı deyiləm, bu, düzgün deyil. Yarım saat ancaq həmin görüşün icrasıdı”.
Yeganə Bayramova