Xarici müayinə keçirilib

Müstəntiq: “Asim Məmmədovun meyitində heç bir xəsarət aşkar edilməyib”

Asim Məmmədovun meyitinin daxili müayinəsinin nəticələri barədə ekspert rəyi hələ istintaqa daxil olmayıb. Səbail Rayon Prokurorluğunun müstəntiqi Anar Ələkbərov "Media forum” saytına belə deyib. Müstəntiq bildirib ki, rəy istintaqa bir ay ərzində təqdim ediləcək: "Xarici müayinə keçirilib. Xarici müayinənin nəticələrinə görə, Asim Məmmədovun bədənində fiziki təzyiq, xəsarət izləri aşkar edilməyib”. "Facebook” şəbəkəsində Asim Məmmədovun meyitinin şəkli yayılıb və onun fiziki təzyiqlərə məruz qaldığı haqda iddialar yer alıb. Müstəntiq "Media forum”a açıqlamasında bu məsələyə də münasibət bildirib: "Xarici müayinə onun intihar etdiyini göstərib. Ola bilsin, meyit çürümə dəyişikliklərinə məruz qalıb, ona görə onun bədənində hansısa izlər olub. Ancaq xarici ekspertiza, xarici baxış zamanı heç bir xəsarət, döyülmə izi aşkar edilməyib. Daxili müayinənin rəyi əlimizdə olandan sonra yekun rəy bildiriləcək”. Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim "Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, "Facebook” şəbəkəsində belə bir status da yazıb: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Noyabrın 25-də Bakıda onun meyiti tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Asim Məmmədov "Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınıb. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanılıb.