Məhərrəm Zülfüqarlı: "Millət vəkilləri maliyyə cəhətdən təmin olunsunlar"
"Deputatlar ilk olaraq maddi cəhətdən təmin olunmalıdır, sonra isə kommersiya və digər bütün ödənişli fəaliyyətlə məşğul olmaq qadağan oluna bilər”.
Bunu Sherg.az-a Milli Məclisin üzvünə biznes fəaliyyətlərinin qadağan olunmasına münasibət bildirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib.
O xatırladıb ki, Azərbaycan deputatlarının sayı qonşu ölkələrlə və digərləri ilə müqayisədə daha azdır:
"Məsələn, Sovet dövründə Azərbaycanda parlamentdə 360 deputat təmsil olunurdu, indi cəmi 125-dir.
İlk növbədə deputatların fəaliyyəti müsbət olmalıdır. Deputat fəal olmalıdır, onları xalq tanımalıdır, seçicilərin etimadını doğrultmalıdırlar. Bununla yanaşı, mən onun tərəfdarıyam ki, millət vəkilləri maliyyə cəhətdən təmin olunsunlar. Onların fəaliyyəti genişdir, aldıqları məvacib isə onlara geniş səlahiyyətli fəaliyyət imkanı vermir. Əgər bu, təmin olunarsa, onlara "biznes fəaliyyəti ilə məşğul olmaq olmaz" kimi qadağalar qoyula bilər. Hazırda məmurların əksəriyyəti bizneslə məşğuldur. Qanunla qadağan olunsa da, icra hakimlərinin biznes sahələri var. Bu mənada biznes fəaliyyətinin dayandırılmasına ilk olaraq səlahiyyətli icra strukturlarından başlamaq lazımdır. Onlara bu qadağanı tətbiq edəndən sonra, millət vəkillərinə də fəaliyyət təminatı verildikdən sonra onlardan bu prinsipləri tələb etmək olar. Çünki deputat öz fəaliyyəti ilə məşğul olmaq üçün rayonlara getməlidir. Ofis açmalıdır, köməkçilər götürməlidir”.
Qeyd edək ki, yeni hazırlanmış "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 5-ci (Vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyətin qarşısı alınması) maddəsində bu qadağalar öz əksini tapıb. Təklif olunan maddəyə əsasən, deputat vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətin qanunvericiliyə uyğun olmaması ilə bağlı qənaətə gələ bilmədiyi halda Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun hərəkət etməlidir.Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.
Aysel Aslan