Rusiyada azərbaycanlılara qarşı vəziyyət düzəlib

“Putin gördü ki, Azərbaycan öz soydaşlarına sahib çıxır”



Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalov məsələsi soydaşlarımızın Rusiyadan deportasiyasına səbəb oldu. Məlum hadisədən sonra Rusiya hökuməti əməkçi miqrantlara, xüsusən də azərbaycanlılara təzyiq göstərməyə başladılar. Onların ölkədə deportasiyasına start verildi və bu zorən köçürülmə siyasəti bu gün də davam etdirilir. Hətta vəziyyət o həddə çatıb ki, "Omon” əməkdaşları evlərə daxil olaraq, soydaşlarımızın yorğan-döşəyini çölə tökürlər.

Həmvətənlərimizin axşam saatlarında evdən çıxmaları belə yasaqlanıb. Yerlilərimizə məxsus kafe və bazarların fəaliyyəti dayandırılıb. Moskva daxil olmaqla ölkənin müxtəlif bölgələrindəki ticarət mərkəzlərində və bazarlarda çalışan azərbaycanlılar dövlət qurumları tərəfindən sıxışdırılıb. Daha çox ticarət və xidmət sektorunda çalışan həmvətənlərimizdən Azərbaycana qayıtmaları tələb olunur. Hüquq-mühafizə orqanları təzyiqlərə səbəb kimi soydaşlarımızın "iş izni” olmamasını göstərirdilər. Maraq doğuran fakt odur ki, Rusiya vətəndaşı olan soydaşlarımız da ciddi təhdidlərlə üzləşiblər. Bu zorakı aktların dayandırılmamasının müəllifi olan Rusiya prezidenti Vladimir Putin müxtəlif KİV-lərə verdiyi açıqlamasında özünü hadisələrdən xəbərsiz kimi təqdim edib. Soydaşlarımıza qarşı baş verən amansız davranışların və təzyiqlərin fonunda nazirlərdən birini işdən azad etməklə "gözdən pərdə asmağa çalışıb. Amma soydaşlarımızın başına gətirilən oyunlara görə beynəlxalq təşkilatlar Putin iqtidarını şiddətlə qınayıb. Putin baş verən proseslərin nüvəsində heç bir siyasi proseslərin olmadığını iddia edərək, bunu bəzi xarici qüvvələrin həmləsi kimi dəyərləndirib. Amma rusiyalı və yerli politoloqlar hesab edirlər ki, hadisənin mayasında daha ciddi məsələlər dayanır. Təhlilçilərin rəyinə görə, rəsmi Moskva soydaşlarımızdan Azərbaycana təzyiq metodu kimi istifadə etmək niyyətindədir. Çünki Azərbaycan hökuməti V.Putinin irəli sürdüyü "Avroasiya ittifaqı”na qoşulması ilə bağlı konkret rəy ortaya qoymayıb. Bu baxımdan Rusiya öz miqrasiya haqqında qanunlarına ciddi dəyişikliklər adı altında Azərbaycana təzyiq göstərir.

Rusiyadakı soydaşlarımızın və deportasiyaların hazırkı durumu ilə maraqlanmaq üçün hazırda Moskvada yaşayan soydaşımız Mansur Eyyubov ilə əlaqə saxladıq. Həmyerlimiz "Şərq”ə açıqlamasında deportasiyaların hələ ki dayandığını deyib: "Sakitçilikdi. Düzdür, O.Zeynalov məsələsindən sonra deportasiyalar çox ciddi və geniş vüsət aldı. Hazırda elə bir hal yoxdu. Vəziyyət o qədər qəlizləşmişdi ki, yerli ruslar da bizə ikrah hissi ilə baxırdılar. Amma münasibətlər düzəlib. Daha ruslar bizimlə münasibətlərində əvvəlki kimi davranırlar. Elə bil heç belə hadisələr yaşanmayıb. Ruslar bizə daha çox O.Zeynalov məsələsindən sonra təzadla yanaşırdılar. Sonradan rusiyalı siyasilər O.Zeynalovun Y.Şerbakovu qətlə yetirməsinin yanlış olması ilə bağlı müəyyən fikirlər səsləndirdilər. Ekspertlər qeyd etdilər ki, belə bir hadisə varsa, qan izi göstərilməli, mərhumun dəfn mərasimi efirlərdə yayımlanmalı idi. Belə hallar baş vermədisə, deməli, bu məsələnin nüvəsində siyasi anlam var. Hətta sonradan məlum oldu ki, Y.Şerbakov sağdır. Onu başqa ölkəyə gedərkən hava limanında saxlanılma xəbəri də yayıldı. Açıqlamalardan sonra ruslar da bunun bir oyun olduğunu dərk etdilər. İndi münasibətlər normaldır. Əvvəllər hər gün bir azərbaycanlının ölüm xəbəri gəlirdi. Çox ağır durum idi. Hər gün təlaş və həyəcan içərisində idik. Çünki o amansız hadisə bizim də başımıza gələ bilərdi. Çox təhlükəli mühit vardı. İndi yaxşıdı”.

Həmyerlimiz bildirib ki, artıq "Omon” da sakitləşib: "Onlar sifarişlə xidmət göstərirlər. Görünür, əvvəllər tapşırıq almışdılar. Ona görə də miqrantlara, ən çox da azərbaycanlılara təzyiq edirdilər. İndi onlar heç gözə də görünmürlər. Hər küçənin başında "Omon” əməkdaşı görmək mümkün idi. İndi onlara geriyə çəkilin komandası verilib. Bir daha qeyd edirəm ki, vəziyyət stabilliyə doğru gedir”.

Soydaşımızın qənaətinə görə, Rusiyadakı yerlilərimizə qarşı başlayan deportasiya prosesində mənfur düşmənlərimizin də barmaq izləri vardı: "Rusiya hökuməti ölkəni miqrantlardan təmizləmək istəyirsə, onda niyə deportasiyanı yalnız azərbaycanlılara tətbiq edirdi. Qonşuluqda yaşayan erməni ailələri var ki, onların da vətəndaşlıqları yoxdur. Deportasiya məsələsi gündəmə gələndə biz evdən çıxmırdıq. Onlar isə sərbəst şəkildə şəhərə nəinki piyada maşınla çıxırdılar. Rusiya dünyaya özünü hüquqi, demokratik və bütün millətlərə tolerant yanaşan ölkə kimi təqdim etmək istəyir. Amma ermənilərlə azərbaycanlılar arasında ayrı-seçkilik yaradır. Həm də Rusiyada erməni lobbisi çox güclüdü. O.Zeynalov məsələsinin ekranlaşmasında və Rusiya KİV-lərinin diqqətində saxlanılması məhz erməni lobbisinin Azərbaycana növbəti təxribatı idi”.

M.Eyyubov deyib ki, Azərbaycanın Rusiyadakı səfirinin məsələyə ciddi reaksiya verərək soydaşlarımızın hüquqlarının bərpasını tələb etməsindən sonra sakitlik bərqərar oldu: "Azərbaycanlı deputatların Rusiyaya səfəri də müsbət rol oynadı. Putin gördü ki, Azərbaycan öz soydaşına sahib çıxır. Onun hüquqlarının bərpasını istəyir. Bundan sonra soydaşlarımıza olunan təzyiqlər səngiməyə başladı. Artıq küçəyə rahat çıxırıq. Bazarlığa da gedirik. Yerli ruslarla təmaslarımız normal müstəviyə keçib. Azərbaycan rəsmilərinin məsələyə ciddi reaksiyası Putini öz məkrli planından əl çəkməyə məcbur etdi”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Rusiyanın əməkçi miqrantlara çox ehtiyacı var: "Ən ağır işlərdə miqrantlar işləyir. Üstəlik, çox işləyib, az əməkhaqqı alırlar. Ruslar isə həftədə 35 saat işləyir. Buna rəğmən yüksək məbləğ tələb edirlər. Bu da ki Rusiya hökumətinə qazanc gətirmir. Üstəlik, rusların əmək qabiliyyəti elə də ürəkaçan deyil. Bütün günü spirtli içki içən adamdan məhsuldar iş gözləmək olmaz. Putin bunları da nəzərə alıb. Putin gözəl anlayır ki, miqrantlar kütləvi şəkildə təxliyyə olunsalar, Rusiyada çox ciddi problemlər yaranacaq. Fabrik və zavodlar işçi yoxluğu səbəbindən bağlanma təhlükəsi ilə üzləşəcək. Üstəlik, Rusiyada demoqrafiq problemlərin həllində də miqrantların müstəsna rolu var. Bu faktorlar Putin iqtidarını "miqrant ovu”ndan geri çəkilməyə sövq etdi”.